Məhkəmə qərarları › İş №e-2-2(117)-743/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-743/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-743/2023 10.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X1 və Cavabdeh5 qarşı “9499,17 manat məbləğində kredit borcu, 938,52 manat məbləğində faiz borcu və 250,61 manat cərimə borcu olmaqla, cəmi 10688,30 manat məbləğində borcun və 200 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin 11 saylı Filialı ilə X1 arasında bağlanmış 23- MZ4-2-0-196-20 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik faktiki 24,75 % olmaqla 20000 məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh5 arasında xx.xx.2020-ci il tarixdə borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 23-MZ4-2-0-196-20 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun ödənilməmiş kredit borcu qalmışdır. X1 borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 9499,17 manat məbləğində kredit borcu, 938,52 manat məbləğində faiz borcu və 250,61 manat cərimə borcu qalmışdır. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4 İddiaçı ASC-dən illik 24%-lə 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 ilə xx.xx.2020-ci il tarixli tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü ilin fevralın 03-dək Cavabdeh4 banka xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 9499,17 manat əsas borc, 938,52 manat faiz borcu və 250,61 manat cərimə borcu olmaqla cəmi 10688,30 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC cavabadehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqavilələri, Xəbərdarlıq məktubları, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin 11 saylı Filialı ilə X1 arasında bağlanmış 23-MZ4-2-0-196-20 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik faktiki 24,75 % olmaqla 20000 məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh5 arasında xx.xx.2020-ci il tarixdə borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 23-MZ4-2-0-196-20 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun ödənilməmiş kredit borcu qalmışdır ki, məhkəmə hesab edir ki, zaminlər də borcluyla birgə məsuliyyət daşıdığından 9499,17 manat məbləğində kredit borcu, 938,52 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 250,61 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 250,61 manat deyil, 100 manat məbləğində cərimə borcalan və zaminlərdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən (10688,30 manat) ödənilməli dövlət rüsumu 122,06 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 122,06 manat dövlət rüsumunun 1,72 manat hissəsi iddiaçıdan, qalan 120,34 manat hissəsi cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya, 120,34 manat dövlət büdcəsinə və iddiaçıdan 1,72 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehlərdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 1,72 manat dövlət rüsumu çıxılmaqla 198,28 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 1,72 manat hissəsi isə cavabdehlər tərəfindən ödənilməli olan 120,34 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 122,06 manat dövlət rüsumu bütöv şəkildə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X1 və Cavabdeh5 müştərək qaydada 9499,17 manat məbləğində kredit borcu, 938,52 manat məbləğində faiz borcu və 100 manat cərimə borcu, 198,28 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 122,06 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2, X1 və Cavabdeh5 dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar