Məhkəmə qərarları › İş №e-2-2(117)-748/2023

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-748/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-748/2023 05.07.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “8850 manat borcun, ödənilmiş 100 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “X1” MMC-yə ödənilməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh İddiaçı MMC-yə qarşı “8850 manat borcun, ödənilmiş 100 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “X1” MMC-yə ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk öncə məhkəmə onu qeyd edir ki, iddia ərizəsinin məzmununda iddiaçı qismində “X1” MMC göstərilməsinə baxmayaraq elektron imzalanmış iddia ərizəsində iddiaçı qismində əslində cavabdeh olan İddiaçı MMC-nin adı iddiaçı qismində qeyd olunmaqla iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmun tələblərinə riayət edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Bundan başqa iddiaçı tərəfindən qanunvericiliyin mediasiya ilə bağlı tələblərinə də düzgün riayət edilməmişdir. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şəki Kommersiya Məhkəməsinin yerləşdiyi inzibati ərazi vahidində, yəni Şəki şəhərində xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış və xx.xx.2022-ci il tarixdən fəaliyyət göstərən Şəki 1 saylı Mediasiya Təşkilatı olmasına baxmayaraq işə əlavə edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, mediasiya prosesi Bakı şəhərində təşkil edilmiş və Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Eyni zamanda tərəflərin mediator barədə razılıqlarının olması barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Göründüyü kimi, tərəflərin mediatorun seçilməsi ilə bağlı razılaşmasının olmamasına baxmayaraq iddiaçı və ya Mediasiya Şurası tərəfindən mediator seçilərkən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinin tələblərinə əməl edilməmiş və aidiyyəti üzrə düzgün mediasiya təşkilatı seçilməmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmunundan görünür ki, icarə predmeti olan qeyri-yaşayış sahəsi Bakı şəhəri Səbail rayonu H.Abdullayev küçəsi 13 olmaqla müqavilənin icra yeri Bakı şəhəridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən iddiaçı müqavilənin icra yerinə görə də hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır ki, belə olacağı halda mediasiya prosesi Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən təşkil edilə bilər. Lakin hazırki vəziyyətdə cavabdehin qeydiyyat ünvanı üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət ediləcəyi təqdirdə mediasiya prosesi məhkəmənin yerləşdiyi inzibati ərazi vahidində aparılmalıdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələbinə uyğun olaraq ümumi qaydada seçiminə uyğun səlahiyyətli məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “8850 manat borcun, ödənilmiş 100 manat mediasiya xərcinin və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “X1” MMC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar