Məhkəmə qərarları › İş №e-2-2(117)-752/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-752/2025

30.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-752/2025 30.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25145.39 əsas borc məbləği, 3225.52 manat məbləğində cərimə məbləği, əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 209.54 manat olmaqla ümumilikdə 28580.45 borc məbləği, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 176 manat dövlət rüsumunun, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat xidmət haqqının tutularaq iddiaçı xxxx MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra – satıcı/iddiaçı) ilə fərdi sahibkar – Cavabdeh (VÖEN:**********) (bundan sonra – alıcı/cavabdeh) arasında XT10016689 nömrəli, 01 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi (bundan sonra – müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən "satıcı" 2-ci maddədə göstərilən ərzaq və qeyri-ərzaq mallarını "alıcı"nın mülkiyyətinə verməyi, "alıcı" isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Belə ki, müqavilənin 3-cü maddəsinə əsasən, bu müqavilə üzrə malın qiyməti bu müqavilənin 2.1-ci bəndində qeyd olunan sənədlər əsasən müəyyən olunur. Ödəniş qabaqcadan va ya malın satıcı tərəfindən malların təhvil verildiyi gün nağd olaraq və yа nağdsız qaydada "satıcı”nın bank hesabına ödənilir. "alıcı" malın dəyərinin ödənilməsini özündə müvafiq bank qeydlərini əks etdirən köçürmə sənədləri ilə və nağd ödəməni təsdiq edən hər hansı sənədlə təsdiq etməlidir. "alıcı" malların dəyərini nağdsız qaydada ödədiyi halda, köçürmə sənədlərində malların ona təqdim olunmasının əsası olan elektron qaimə-fakturanın tarixini və nömrəsini göstərməlidir. Müqavilənin 4.3-cü bəndində qeyd olunur ki, satıcı, müqavilənin və əlavələrinin şərtlərinə əməl edən alıcıya müvafiq endirimlər və ya faiz bonusları vermək hüququna malikdir. Bu müqavilənin 3-cü bəndi ilə nəzərdə tutulmuş qaydada ödəmə həyata keçirilməzsə və ya ödəniş gecikdirilərsə bütün endirim va bonuslar satıcı tərəfindən birtərətli qaydada ləğv edilə bilər. Müqavilənin 4.8-ci bəndində qeyd olunur ki, "alıcı" "satıcı"nın ona satdığı malı öz mülkiyyətinə qəbul edib onun dəyərini bu müqavilənin 3-cü maddəsində müəyyən edilmiş qaydada "satıcı"ya ödənilməsini öz öhdəsinə götürür. Müqavilənin 5.1-ci bəndində qeyd olunur ki, Bu müqavilənin şərtlərinə riayət etməyən tərəf Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən məsuliyyət daşıyır. Müqavilənin 5.2-ci bəndində qeyd olunur ki, əgər "alıcı" ona "satıcı" tərəfindən təqdim olunmuş bu Müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 0,3 % miqdarında penya ödəməlidir. Bu bəndə uyğun olaraq hesablanış penya (cərimə məbləği) satıcı tərəfindən hər hansı xəbərdarlıq edilmədən “alıcı”ya təqdim edilməsi nəzərdə tutulan bonus (mükafat və ya endirim) məbləğindən tutulur. Bundan əlavə, "satıcı" "slıcı"ya xəbərdarlıq etmədən əsas borc va hesablanmış penya tam ödənilənədək bu müqavilə üzrə öz öhdəliklərinin icrasını dayandıra bilər. Müqavilənin 9.1-ci bəndində müəyyən olunmşdur ki, tərəflər arasında bu müqavilənin icrası üzrə yaranan mübahisələr qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr Azərbaycan Respublikasın qanunvericiliyi əsasında Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həll edilir. Belə ki, satıcı İddiaçı MMC müqavilə üzrə sifariş olunan malları alıcı Cavabdeh təhvil vermiş, lakin alıcı həmin malların dəyərini müqavilənin tərkib hissəsi olan “təhvil-qəbul aktı”na uyğun olaraq satıcı İddiaçı MMC-yə ödəmədiyindən müqavilə üzrə öhdəliyini pozmuşdur. xx.xx.2025-ci il tarixli, 534613 nömrəli təhvil-qəbul aktına əsasən, 1148.10 (bir min bir yüz qırx səkkiz 10 qəpik) manat, xx.xx.2025-ci il tarixli, 534614 nömrəli təhvil-qəbul aktına əsasən 5635.15 (beş min altı yüz otuz beş manat 15 qəpik) manat, xx.xx.2025-ci il tarixli, 534615 nömrəli təhvil-qəbul aktına əsasən 5635.15 (beş min altı yüz otuz beş manat 15 qəpik) manat, xx.xx.2025-ci il tarixli, 534618 nömrəli təhvil-qəbul aktına əsasən 5635.15 (beş min altı yüz otuz beş manat 15 qəpik) manat, xx.xx.2025-ci il tarixli, 534619 nömrəli təhvil-qəbul aktına əsasən 1460.99 (bir min dörd yüz altmış manat 99 qəpik) manat, xx.xx.2025-ci il tarixli, 534623 nömrəli təhvil-qəbul aktına əsasən 5630.85 (beş min altı yüz səksən beş manat 85 qəpik) manat olmaqla cəmi 25145.39 (iyirmi beş min bir yüz qırx beş manat 39 qəpik) manat borcu əmələ gəlmişdir. Qarşılıqlı üzləşmə aktında ümumi borc vəziyyətinin 25298,21 (iyirmi beş min iki yüz doxsan səkkiz manat, 21 qəpik) manat olduğu müəyyən olunmuşdur.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasını iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir, Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia tələbinə uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. IV. Tədqiq olunan sübutlar:

7. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli XT10016689 nömrəli “Alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı İddiaçı, alıcı Cavabdeh bu müqavilədə göstərilən malları təhvil verməyi, cavabdeh isə öz növbəsində həmin malları qəbul edib müəyyən edilmiş dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən alqı-satqı obyekti olan malın adı, miqdarı və dəyəri eklektron qaiməfakturaya və ya təhvil-təslim sənədinə əsasən müəyyən olunur. 5.2-ci bəndinə əsasən əgər alıcı ona satıcı tərəfindən təqdim olunmuş bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,3 % həcmində penya ödəməlidir. Həmin müqavilə tərəflərin imza və möhürləri təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

8. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 534613 nömrəli, xx.xx.2025-ci il tarixli 534619 nömrəli, xx.xx.2025-ci il tarixli 534615 nömrəli, xx.xx.2025-ci il tarixli 534618 nömrəli, xx.xx.2025-ci il tarixli 534614 nömrəli, xx.xx.2025-ci il tarixli 534623 nömrəli malların təhvil-qəbul aktlarından görünür ki, cavabdehə iddiaçı tərəfindən müqavilə üzrə ümumi dəyəri 25145,39 manat təşkil edən mallar təhvil verilmişdir.

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 11993962 nömrəli, xx.xx.2025-ci il tarixli 11993972 nömrəli, xx.xx.2025-ci il tarixli 11993926 nömrəli, xx.xx.2025-ci il tarixli 11993951 nömrəli, xx.xx.2025-ci il tarixli 11993934 nömrəli, xx.xx.2025-ci il tarixli 11993943 elektron qaimələrdə iddiaçının cavabdehə müqavilə üzrə verdiyi malların adları, miqdarı, yekun qiymətləri və ümumi borc öz əksini tapmışdır.

10. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşmə aktında cavabehin iddiaçıya aralarında bağlanan müqavilə üzrə cəmi 25298,21 manat məbləğində borcu olması öz əksini tapmışdır. Həmin akt iddiaçı şirkətin möhür və imzası və cavabdehin imzası ilə təsdiq edilmişdir.

11. İş materiallarında olan maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli XT10016689 nömrəli müqavilə üzrə Cavabdeh iddiaçıya ümumilikdə ƏDV daxil 135221,48 manat pul ödəmiş, ödənilməmiş 25145,39 manat borcu qalmışdır.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ona hüquqi yardım göstərilməsi məqsədi Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə razılıqa gəlmiş və həmin hüquqi xidmətin dəyəri 325 manat təşkil etmişdir.

13. İş materiallarında olan qəbzdən görünür ki, vəkil Nümayəndə məxsus bank kartına iddiaçının nümayəndəsi tərəfindən 325 manat məbləğində ödəniş edilmişdir.

V. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2021-ci il taixli, 26 nömrəli Qərarı: 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.8. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir. 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır.

Vİ. Məhkəmənin mövqeyi:

16. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

17. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı alqısatqı müqaviləindən irəli gələn öhdəliyini icra etmiş, yəni malları cavabdehə təhvil vermiş cavabdeh isə malların bir qisminin dəyərini ödəmiş, 25145,39 manat hissəsi ödənilməmiş qalmışdır. Bu hal iş materiallarında olan üzləşmə aktı, təhvil-təslim aktları və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

18. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etmir.

19. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.

20. Məhkəmə əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 209.54 manat pulun tələb edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

22. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanan alıq-satqı müqaviləsi üzrə öhdəliyin icrasının gecikdirilməsi faktı iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən iddiaçı gecikdirilmiş borc məbləğinə hesablanan illik 5% məbləğində faiz borcunun tələb edilməsində haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, illik 5% məbləğində hesablanmış 209.54 manat faiz borcu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

23. Məhkəmə alqı-satqı müqaviləsi üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 5.2-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən əgər alıcı ona satıcı tərəfindən təqdim olunmuş bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş müddətdə malın dəyərini ödəməzsə, hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 0,3 % həcmində penya ödəməlidir.

24. Məhkəmə hesab edir ki, iddia cərimə borcunun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli XT10016689 nömrəli müqavilə üzrə 1257,26 manat cərimə pulunun tutulması ağlabatan və ədalətlidir.

25. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia tələbi vəkillə bağlanan müqavilə üzrə 325 manatın cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində də təmin edilməlidir.

26. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

27. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin keçirilmiş məhkəmə iclaslarında iştrak etməsini, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələbdə olunduğu kimi 325 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə münasibətdə ödənilmiş 169,84 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

29. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 25145,39 manat əsas borc və 1257,26 manat cərimə borcu, illik 5 %-lə hesablanmış 209,54 manat faiz borcu olmaqla, cəmi 26612,19 manat məbləğində borc, ödənilmiş 169,84 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Vİl. Nəticə:

30. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 25145,39 manat əsas borc və 1257,26 manat cərimə borcu, illik 5 %-lə hesablanmış 209,54 manat faiz borcu olmaqla, cəmi 26612,19 manat məbləğində borc, ödənilmiş 169,84 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat xidmət haqqının əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar