Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-759/2025 23.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X4 və X2 qarşı “cavabdehlərdən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 3112-KQ nömrəli kredit müqaviləsinə əsasən, 7814,58 manat əsas, 143,56 manat faiz, 12.11 manat cərimə borcu olmaqla, cəmi 7970.25 manat, ödənilmiş 99,71 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması” tələbinə dair işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə "xxxx" ASC ilə X3 arasında bağlanmış 3112-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə əsas vəsaitlərin təmini və refinans məqsədilə 48 ay müddətinə, illik 19% dərəcəsi ilə ödənilməsi şərtilə 10 000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən kredit üzrə əsas borcun qaytarılması və faizlərin ödənilməsi bu müqaviləyə 1 nömrəli əlavədə əks olunan annuitet ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. 6.2-ci bəndinə əsasən borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 (bir) misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş planından görünür ki, cavabdeh F.Fərzəliyev xx.xx.2023-cü il tarixindən xx.xx.2027-ci il tarixinədək hər ay 299.00 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC ilə X4 arasında bağlanmış 3112-İZG/1 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin, xx.xx.2023-cü il tarixli, 3112-KQ nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. 6.1-ci bəndinə əsasən, bu müqavilə tərəflərin onu imzaladığı tarixdə qüvvəyə minir və xx.xx.2030-cu il tarixədək qüvvədədir. Maliyyə arayışından görünür ki, cavabdeh F.Fərzəliyev tərəfindən müəyyən edilmiş müddət ərzində 2185,42 manat əsas borc, 2708.14 manat faiz borcu və 46.73 manat cərimə borcu ödənilmiş, qalan borc məbləği ödənilməmişdir. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 7814,58 manat əsas, 143,56 manat faiz, 12.11 manat cərimə bоrcu qalmışdır. Cavabdeh X3 ötən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bankdan 10 000 manat kredit götürmüşdü. Əvvəllər mağazada işləyirdi. Sonradan isə işdən çıxdı və borcunu ödəyə bilmədi. Borcunu ödəməyə maddi imkanı yoxdur. Banka dəfələrlə aylıq məbləğin azaldılması ilə bağlı müraciət etsə də, razı olmamışdılar. Cavabdeh X6 ötən məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, borcu Fəqan götürmüşdür. Qohum olduğundan ona zamin durmuşdur. Lakin onlar da borcu ödəmirlər. Buna görə də borc onun pensiyasından tutulur. Məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Maliyyə arayışı, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC ilə X3 arasında bağlanmış 3112-KQ nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə əsas vəsaitlərin təmini və refinans məqsədilə 48 ay müddətinə, illik 19% dərəcəsi ilə ödənilməsi şərtilə 10000 manat kredit verməyi, sonuncu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizi ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdeh X2 10000 manat kredit verilmiş, lakin sonuncu tərəfindən öhdəlik lazımınca yerinə yetirilmədiyindən ödənilməmiş 7814,58 manat əsas, 143,56 manat faiz, 12.11 manat cərimə borcu qalmışdır. Bu hal maliyyə arayışı ilə, eyni zamanda cavabdehlərin ötən məhkəmə iclasında verdikləri izahatları ilə təsdiq edilir. Bu səbəbdən həmin borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yekun olaraq məhkəmə hesab edir ki, zaminlik müqaviləsi də qüvvədə olduğundan iddiaçı cavabdehlərdən müştərək qaydada 7814,58 manat əsas, 143,56 manat faiz və 12.11 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxmından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 99,71 manat olmalıdır. İddia tələbi təmin edildiyindən 99,71 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 99,71 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən, məhkəmə hesab edir ki, 99,71 manat dövlət rüsumu və bununla bağlı ödənilmiş 0,40 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdehlər X4 və X1 müştərək qaydada 7814,58 manat əsas, 143,56 manat faiz, 12.11 manat cərimə bоrcu olmaqla, cəmi 7970.25 manat, ödənilmiş 99,71 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov