Məhkəmə qərarları › İş №e-2-2(117)-760/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-760/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-760/2024 22.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, iddiaçı "xxxx" QSC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdеhlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 026R********** saylı krеdit razılaşması üzrə 2869.32 manat əsas bоrc, 636.70 manat faiz bоrcu və 209.46 manat cərimə borcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 026L**********62 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, faiz dərəcəsinin yuxarı həddi 28 faiz olmaqla 50000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh1) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 26% оlmaqla 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödənilməmiş 2869.32 manat əsas bоrc, 636.70 manat faiz bоrcu və iddiaçı borca münasibətdə 209.46 manat cərimə borcu hesablamışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışı və məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla təsdiq olunur. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu və pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə iddia tələbinə münasibət olaraq bildirmişdir ki, tərəfindən 9 ay edilmiş ödənişlər nəzərə alınmamış, faiz borcu düzgün hesablanmamış və cərimə borcu tənasübsüz surətdə yüksək dərəcədə qeyd edilmişdir. İddia icraatına keçirlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli məktubla Cavabdeh2 müraciət edərək işə iddia icraatı qaydasında baxılması ilə bağlı qərardadın qəbul edilməsinin əsasları barədə Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsinin tələblərini izah etmiş və ödənişləri təsdiq edəcək sübutların 10 gün müddətində məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Buna baxmayaraq Cavabdeh2 məhkəmənin müraciətinə münasibət bildirməmiş və ödənişləri təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə Cavabdeh2 çatdırılmışdır. Digər Cavabdeh1 xx.xx.2024-cü il tarixdə göndərilmiş məhkəmə sənədlərinin alınmasını təsdiq edən xəbərnamə məhkəməyə qaytarılmadığından sonuncuya münasibətdə ünvanı üzrə göndərilmiş SX017496371AZ saylı məktubun çatdırılması barədə məlumatın 3 gün müddətində məhkəməyə təqdim edilməsi barədə X2 filialına məktub ünvanlanmış, X2 filialından daxil olmuş məlumata əsasən Cavabdeh1 göndərilmiş SX017496371AZ saylı məktub sistem üzərindən göründüyü kimi xx.xx.2024cü il tarixdə Göyçay RPF-yə daxil olmuş və xx.xx.2024-cü il tarixdə ünvançı ünvanda tapılmadığı üçün geri qaytarılmışdır. Həmin məktub Şəki RPF-ya xx.xx.2024-cü il tarixdə daxil olmuş və xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə sənədləri Cavabdeh1 çatdıırlması üçün Göyçay 2-ci X1 Ərazi Dairəsi üzrə Nümayəndəliyə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Nümayəndəliyin nümayəndəsi Nazim Həşimov tərəfindən qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdı Nümayəndəlikdən verilən məlumata əsasən xx.xx.2024-cü il tarixdə Cavabdeh1 yaşadığı ünvan üzrə məhkəmə sənədləri sonuncu tərəfindən qəbul edilməkdən imtina edilmiş və bununla bağlı məhkəmə bildirişində cavabdeh qeyd aparmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 026L**********62 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi, 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, Zaminlik müqaviləsi, Maliyyə arayışı, Hesabdan çıxarış, Xəbərdarlıq məktubu, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 26% оlmaqla 3500 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödənilməmiş 2869.32 manat əsas bоrc, 636.70 manat faiz bоrcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan maliyyə arayışı və məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla təsdiq olunur. Bundan başqa məhkəmə 026L**********62 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə əsasən hesablanmış 209,46 manat cərimə borcuna münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 026L**********62 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi üzrə 143 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh2 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 2869.32 manat əsas bоrc, 636.70 manat faiz bоrcu və 143 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Sonda məhkəmə Cavabdeh2 9 ay ödəniş etdiyini və bunun nəzərə alınmadığına dair müraciətinə sonuncunun bank hesabından çıxarışa əsasən qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən etibarən hər ay (xx.xx.2022-xx.xx.2023) 7 ay müddətində 142 manat, xx.xx.2023-cü il tarixdə isə 284 manat ödəniş edilmiş, xx.xx.2023cü il tarixdən etibarən isə ödənişlər ediməmişdir. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmuş və onun tərəfindən ödənilən vəsait borcun hesablanmasında nəzərə alınmışdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 57,15 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, məhkəmə yalnız cərimə məbləğinə münasibətdə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Bu səbəbdən 57,15 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı, onun tərəfindən ödənilmiş 70 manat mediasiya xərcini də cavabdehlərdən tələb etdiyindən həmin vəsait cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2869.32 manat əsas bоrc, 636.70 manat faiz bоrcu, 143 manat cərimə borcu və 70 manat mediasiya xərci tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 57,15 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar