Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-762/2024 19.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “5578,8 manat əsas bоrc, 929,30 manat faiz bоrcu, 329,15 manat cərimə borcu və 58,32 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 017L**********63 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, faiz dərəcəsinin yuxarı həddi 28 faiz olmaqla 300000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh2) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 24 ay müddətinə, illik faiz dərəcəsi 25% оlmaqla 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödənilməmiş 5578,8 manat əsas bоrc, 929,30 manat faiz bоrcu, 329,15 manat cərimə borcu qalmışdır. Bu hal maliyyə arayışı və məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla təsdiq olunur. İddiaçı tərəfindən pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Cavabdeh1 borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə Cavabdeh2 şəxsən ünvanı üzrə çatdırılmışdır. Digər Cavabdeh1 xx.xx.2024-cü il tarixdə göndərilmiş məhkəmə sənədləri “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmış, qeyd edilən sənədlər Cavabdeh1 çatdırılması üçün xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Hacıalılı Ərazi Dairəsi üzrə Nümayəndəliyə təqdim edilmiş, sonuncu xx.xx.2024-cü il tarixli məktubla Cavabdeh1 Qəbələ rayonu Hacallı kəndində yaşamadığını bildirmişdir. Cavabdeh2 iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə göstərilən cavabdehə münasibətdə çatdırılması mümkün olmayan sənədlərin Qəbələ rayonu Hacıalılı Ərazi Dairəsi üzrə Nümayəndəliyə göndərilməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, Hesabdan çıxarış, Maliyyə arayışı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh1 24 ay müddətinə, illik faiz dərəcəsi 25% оlmaqla 7000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə ödənilməmiş 5578,8 manat əsas bоrc, 929,30 manat faiz bоrcu qalmışdır. Bu hal maliyyə arayışı və məhkəməyə təqdim edilmiş hesabdan çıxarışla təsdiq olunur. Bundan başqa məhkəmə 329,15 manat məbləğində cərimə borcunun tutulmasına münasibətdə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə əsas borcun 5 faizi həddində 278 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin Cavabdeh2 kredit alan Cavabdeh1 bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşıdıqlarından 017R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə cavabdеhlərdən müştərək qaydada ödənilməmiş 5578,8 manat əsas bоrc, 929,30 manat faiz bоrcu, və 278 manat cərimə borcunun tutulması hissəsində iddia tələbi təmin edilərək həmin məbləğlər iddiaçının xeyrinə ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 88,37 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə sadəcə cərimə məbləğinə münasibətdə ona verilən hüquqlardan istifadə edərək cərimə məbləğini azaltmışdır. Bu səbəbdən ödənilməli 88,37 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçı tərəfindən 88,38 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilsə və həmin dövlət rüsumunu cavabdehlərdən tələb etsə də, iddianın qiymətinə uyğun 88,37 manat dövlət rüsumunu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 5578,8 manat əsas bоrc, 929,30 manat faiz bоrcu, 278 manat cərimə borcu və 88,37 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-762/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-762/2024
19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver