Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-774/2025 15.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “5824.18 ABŞ dolları əsas, 2468,78 ABŞ dolları faiz, 7394,38 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 844,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16531.36 ABŞ dolları pul vəsaiti və 174,31 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “5824.18 ABŞ dolları əsas, 2468,78 ABŞ dolları faiz, 7394,38 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 844,02 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16531.36 ABŞ dolları pul vəsaiti və 174,31 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə və əsas vəsaitlərin artırılması məqsədilə 18 ay müddətinə 11400 ABŞ dolları kredit verilmiş, borcalan kreditora kreditin istifadəsinə görə illik 25% ödəməyi öhdəsinə götürmüşdür. 2.5-ci bəndinə əsasən, gecikdirilən borc məbləğinə cərimə kimi illik 50 faiz dərəcəsilə, aylıq isə 4.17 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2014-cü il tarixli 450005829/ZM nömrəli (zaminlər Cavabdeh2 və X2) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh1 arasında kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Müqavilənin: 3.4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrasının vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun borclana verdiyi kreditin qalıq məbləği 15283,61 ABŞ dolları (8623.87 USD əsas borc, 4550.35 USD faiz borcu, 2109.39 USD cərimə borcu) təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Ödəniş cədvəli ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək hər ay 71 ABŞ dolları, xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hər ay 206.00 ABŞ dolları, sonuncu ay isə 229.68 ABŞ dolları ödəniş edilməsi müəyyənləşdirilmişdir. Eyni zamanda bank, əsas borclu və zamin Cavabdeh2 arasında da xx.xx.2017-ci il tarixli 02 nömrəli “450005829 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi” üzrə Əlavə Sazişlər imzalanmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məxsus xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarix aralığınadək olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi məhsulun adı hissəsində kompensasiya ödənişləri üçün cari hesab”, eyni zamanda xx.xx.2019-cu il tarixinin açıqlama hissəsində “fərmana əsasən əsas borcdan ödəniş”, “fərmana əsasən kompensasiya ödənişi” qeydləri yazılmışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək olan hesabdan çıxarış məlumatından göründüyü kimi cavabdehin dövrün sonuna qalıq borcu 5824.18 ABŞ dolları, manatla isə 9901.12 manat təşkil etmişdir. Əmanətlərin Sığortalanması Fondunun Şəki Kommersiya Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 12-5/2-11653/2025 nömrəli məktubda bildirilmişdir ki, məhkəmənin xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, hazırkı iş üzrə kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələbləri tətbiq olunmaqla güzəşt tətbiq edilmişdir. Odur ki, qeyd edilən iş üzrə “Problemli kreditlərin kompensasiyası”na dair portaldan çıxarış məhkəməyə təqdim edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Problemli kreditlərin kompensasiyası”na dair məlumatdan və portaldan çıxarışdan göründüyü kimi restrukturizasiyadan sonra qalıq borc 9901.09 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə etdiyini və təmin edilməsini xahiş etdiyini bildirdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqaviləsi, zaminlik müqaviləsi, əlavə sazişlər, ödəniş cədvəli, maliyyə arayışı, çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə və əsas vəsaitlərin artırılması məqsədilə 18 ay müddətinə 11400 ABŞ dolları kredit verilmiş, borcalan kreditin istifadəsinə görə kreditora illik 25% ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən kredit müqaviləsinə restrukturizasiya edilmiş, kreditin qalıq məbləği 15283,61 ABŞ dolları (8623.87 USD əsas borc, 4550.35 USD faiz borcu, 2109.39 USD cərimə borcu) və kreditin müddəti isə xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 5824.18 ABŞ dolları (9901.09 manat) pulun tutulması hissəsində təmin edilməli, digər hissələrdə rədd edilməlidir. Eyni zamanda cavabdehdən 5824.18 ABŞ dolları borc məbləği tutularkən ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə deyil, problemli kreditlərin kompensasiyası hesablanarkən müəyyən edilmiş məbləğ, yəni 9901.09 manat əsas götürməlidir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 8.3-cü bəndinə əsasən bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulut. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas borc məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Əsas borc məbləği isə 5824.18 ABŞ dolları (9901.09 manat) təşkil edir. Qeyd edilən Fərmanın məqsədləri üçün müvafiq maliyyə vəsaiti ayrıldığından və Banklara faiz və cərimə borclarının silinməsi və güzəştli müddətlə əsas borca münasibətdə yeni müqavilələrin bağlanması qeyd edildiyindən hazırkı tələbin əsas borc məbləği hissəsində təmin edilməsi qanuni və ədalətlidir. İş materialları ilə kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü öz təsdiqini tapır və kredit borcunun qalıq məbləği də həmin Fərmanın təsir dairəsinə düşür. Bundan əlavə olaraq iddiaçı tərəf kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli müqavilənin bağlanması ilə bağlı cavabdehə təklif göndərməsini sübut edən dəlili məhkəməyə təqdim etməmişdir. Belə ki, qeyd edilən Fərmanın tələbləri hazırkı borc məbləğinə münasibətdə tətbiq edilərək müvafiq kompensasiya edilməklə cavabdehin borclarının ödənilməsinə yönəldilməli, qalan faiz və cərimə borclarının Fərmanın tələblərinə əsasən silinməsi təmin edilməli idi. Bank tərəfindən yalnız əsas borc müvafiq kompensasiya edilməklə azaldılsa da, digər borclar silinməmiş, cavabdehlə yeni güzəştli şərtlərlə bağlı müqavilənin bağlanması təklifinin iddiaçı tərəfindən irəli sürülməsi müəyyən edilməmişdir. Ona görə də iddiaçı qeyd edilən faizləri və cərimə məbləğini tələb etməsi qanunvericiliyə uyğun deyildir. İddiaçı yalnız yeni güzəştli müqavilənin şərtləri əsasında faiz və cərimə borcu tələb edə bilərdi. Bu isə müvafiq müqavilənin bağlanması ilə mümkün ola bilərdi. Həmin müqavilə isə bağlanmamışdır. Məhkəmə, tərəflər arasında Fərmanın tələblərinə uyğun yeni müqavilənin bağlanması təmin edilmədiyindən, eyni zamanda cavabdehdən iddiaçının müvafiq müqavilə şərtləri əsasında əlavə faiz və cərimənin tələb edilməsini mümkün hesab etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Eyni zamanda, xx.xx.2014-cü il tarixli 450005829/ZM nömrəli zaminlik müqaviləsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il zaminlik müqaviləsinin müddəti, xx.xx.2017-ci il tarixli dəyişikliyə əsasən xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Belə ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrasının vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Qeyd edilən Zaminlik müqaviləsi üzrə Əlavə Sazişin 1.2-ci bəndinə əsasən restruktrizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Ona görə də, zaminlik müqaviləsinin müddəti ötürüldüyündən borcun zamin Cavabdeh2 yönəldilməsi əsassızdır. Bundan başqa, hüquqi müəyyənlik baxımından zaminlik müqaviləsinin qüvvədə olma müddəti öhdəliyin icrası müddətindən çox olmamalı, eyni zamanda öhdəliyin icrası müddəti zaminlik müqaviləsinin müddətindən az olmamalıdır. Hazırki vəziyyətdə zaminlik müqaviləsində onun qüvvədə olma müddəti öhdəliyin icrası müddəti ilə üst-üstə düşdüyündən qanunvericilikdə müəyyən edilmiş müddətin nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Şərh olunan maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminə qarşı iddia ən geci müqavilənin bitdiyi müddətdən sonra xx.xx.2023-cü il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə 1 illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 əsas borc olan 5824.18 ABŞ dollarının (yəni, 9901.09 manatın) tutulması hissəsində təmin edilməli, faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 61.41 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddianın rədd edilən hissəsinə münasibətdə ödənilmiş 112.9 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 5824.18 ABŞ dolları (9901.09 manat) əsas və 61.41 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (LPO) ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-774/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-774/2025
15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver