Məhkəmə qərarları › İş №e-2-2(117)-779/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-779/2024

09.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-779/2024 09.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 3302,5 manat əsas borc, 906,5 manat faiz borcu, 3120 manat penya, 98 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 320 manat vəkil xidmətinə görə ödənilmiş məbləğin tutularaq İddiaçınə ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış lombard kredit müqaviləsinə əsasən lombar təşkilatı olan İddiaçı 5000 manat məbləğində pulu borc alan verməyi, borc alan isə borc məbləğini ödəmə qrafikində nəzərdə tutulmuş faizlə birlikdə vaxtında və tam həcmdə lombard təşkilatına geri qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.3-cü bəndinə əsasən borc alan Cavabdeh lombard təşkilatına hər təqvim günü üçün borc məbləğinin 0,49 %-i miqdarında faiz ödəyir. 2.4-cü bəndinə əsasən borc borc alana 62 təqvim günü müddətində verilir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə gündəlik ödəmənin məbləği 105 manatdır. 5.2-ci bəndinə əsasən gündəlik ödəmə məbləğinin ödənilməsinin pozulmasına görə borc alan lombard təşkilatına gündəlik ödəmənin 100 %-i miqdarında penya ödəyir. 5.4-cü bəndinə əsasən müqavilənin 5.2-ci bəndində nəzrdə tutlmuş cərimə sanksiyaları 3 iş günü ərzində ödəməlidir. 5.5-ci bəndinə əsasən müqavilənin 5.4-cü bəndinə tələblərinin pozulmasına görə borcalan lombard təşkilatına hər gecikdirilən günə görə bildirişdə göstərilən məbləğin 10 %-i miqdarında penya ödəyir. Bundan sonra tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış girov müqaviləsinə görə lombard kredit müqaviləsi üzrə borc öhdəliyinin təminatı olaraq qadın, kişi və uşaq ayaqqabıları olmaqla bütün mallar cavabdeh tərəfindən girov qoyulmuş və tərəflər girov predmetinin lombard təşkilatına verilməsini müqaviləyə 1 nömrəli Əlavə olan girov predmetinin təhvil-təslim aktı ilə rəsmiləşdirmişlər. Müştəri barədə məlumat blankından görünür ki, sonuncu ödəniş 95 manat olmuşdur. İddiaçı 5000 manat pul məbləğini cavabdehə vermiş və bu hal xx.xx.2023-cü il tarixli qəbzlə öz təsdiqini tapmış, cavabdeh isə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və iddiaçıya 3302,5 manat əsas borcu, 906,5 manat faiz borcu qlmış, iddiaçı borc məbləğinə 3120 manat penya hesablamışdır. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 5000 manatın hər gün üçün ödənilməli müqavilə ilə nəzərdə tutulmuş 0,49 faizi 24,5 manat olduğundan, 62 gün üçün cəmi faiz 1519 manat edir. Cavabdeh tərəfindən son ödəniş xx.xx.2023-cü il tarixində edilməklə, cəmi 2310 manat ödənilmişdir ki, bunun da 1.697,5 manatı əsas borc, 612,5 manatı faiz borcu üzrə ödənişlərdir. Beləliklə xx.xx.2023-cü il tarixinə cavabdehin 3302,5 manat əsas borcu və 906,5 manat faiz borcu qalmışdır. Həmin faizin hesablanma müddəti müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş Borc məbləğinin verilmə günündən, yəni xx.xx.2023-cü ildən başlayır. Borcun 62 təqvim günü ərzində faizlə birgə qaytarılmalı olduğu nəzərə alınsa, cavabdehin faizlərlə birlikdə ödəməli olduğu məbləğ 5000 əsas borc + 1519 (62 gün x 24,5 manat) faiz borcu = 6519 manat edir. Müqavilənin 5.2-ci bəndinə əsasən gündəlik ödəmə məbləğinin ödənilməsinin pozulmasına görə Borc alan Lombard təşkilatına gündəlik ödəmənin 100 %-i miqdarında penya ödəyir. Cavabdeh tərəfindən ümumilikdə 2310 manat pul ödənilmişdir ki, bunun da 1697,5 manatı əsas borcundan, 612,5 manatı isə faiz borcundan silinmişdir ki, onun 3302,5 manat əsas borcdan 906,5 manat isə faiz borcundan borcu qalmışdır. Cavabdehdən faizlərlə birlikdə borcundan əlavə xx.xx.2023-cü ildən hesablanmaqla xx.xx.2024-cü ilədək olan 127 gün üçün də hər günə gündəlik ödəmənin 100 (bir yüz) %-i miqdarında penya tutulmalıdır. Ödəmə cədvəlinə əsasən gündəlik ödənilməli olan məbləğ 105 manat olduğundan, tutulmalı olan penyanın cəmi məbləği 127 gün x 105 manat (gündəlik ödənilməli olan məbləğ) = 13.353 manat edir. Lakin götürülmüş borcun məbləğini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq penya tutulan günlərin sayını 30 gün hesab etmişdir. Beləliklə cavabdehdən tutulmalı penyanın məbləğini 30 gün x 105 manat (gündəlik ödənilməli olan məbləğ) = 3120 manatdır. Cavabdeh əsas borcu, əsas borc üzrə ödəməli olduğu faizləri və penyanı ödəməkdən yayınır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi yoxdur. Ona görə də vəkil xidmətlərindən istifadə etməklə, müvafiq miqdarda dövlət rüsumu ödənilməklə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşlar. Odur ki, cavabdehdən 3302,5 manat əsas borc, 906,5 manat faiz borcu, 3120 manat penya məbləği, 98 manat məbləğində ödənilmiş dövlət rüsumu və 320 manat vəkil xidmətinə görə ödənilmiş məbləğ, cəmi 7747 (yeddi min yeddi yüz qırx yeddi) manat tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq sonuncu iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Lombard kredit müqaviləsi, Girov müqaviləsi, Girov predmetinin təhvil-təslim aktı, Müştəri barədə məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış lombard kredit müqaviləsinə əsasən lombard təşkilatı olan İddiaçı 5000 manat məbləğində pulu borc alana verməyi, borc alan isə borc məbləğini ödəmə qrafikində nəzərdə tutulmuş faizlə birlikdə vaxtında və tam həcmdə lombard təşkilatına geri qaytarmağı öhdəsinə götürmüşdür. 2.3-cü bəndinə əsasən borc alan Cavabdeh lombard təşkilatına hər təqvim günü üçün borc məbləğinin 0,49 %-i miqdarında faiz ödəyir. 2.4-cü bəndinə əsasən borc borc alana 62 təqvim günü müddətində verilir. 4.1-ci bəndinə əsasən müqavilə üzrə gündəlik ödəmənin məbləği 105 manatdır. 5.2-ci bəndinə əsasən gündəlik ödəmə məbləğinin ödənilməsinin pozulmasına görə borc alan lombard təşkilatına gündəlik ödəmənin 100 %-i miqdarında penya ödəyir. 5.4-cü bəndinə əsasən müqavilənin 5.2-ci bəndində nəzrdə tutlmuş cərimə sanksiyaları 3 iş günü ərzində ödəməlidir. 5.5-ci bəndinə əsasən müqavilənin 5.4-cü bəndinə tələblərinin pozulmasına görə borcalan lombard təşkilatına hər gecikdirilən günə görə bildirişdə göstərilən məbləğin 10 %-i miqdarında penya ödəyir. Bundan sonra tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış girov müqaviləsinə görə lombard kredit müqaviləsi üzrə borc öhdəliyinin təminatı olaraq qadın, kişi və uşaq ayaqqabıları olmaqla bütün mallar cavabdeh tərəfindən girov qoyulmuş və tərəflər girov predmetinin lombard təşkilatına verilməsini müqaviləyə 1 nömrəli Əlavə olan girov predmetinin təhvil-təslim aktı ilə rəsmiləşdirmişlər. Eyni zamanda müştəri barədə məlumatdan göründüyü kimi sonuncu ödəniş 95 manat olmuşdur. İddiaçı 5000 manat pul məbləğini cavabdehə vermiş və bu xx.xx.2023-cü il tarixli qəbzlə öz təsdiqini tapmış, cavabdeh isə 5000 əsas və 1519 manat faiz borcundan ibarət üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı məhkəməyə müraciətlərində cavabdeh tərəfindən ümumilikdə 2310 manat pulun ödənildyini, bunun da 1697,5 manatı əsas borcundan, 612,5 manatı isə faiz borcundan silindiyini bildirir. Belə olan halda cavabdehin iddiaçıya ödənilməmiş 3302,5 manat əsas borcu və müqavilənin qüvvədə olduğu müddətdə hesablanmış 1519 manat faiz borcundan ödənilməmiş 906,5 manat faiz borcu qalmışdır. Bu səbədən həmin borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 3120 manat məbləğində cərimə borcunun tutulmasına münasibətdə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu lazımınca ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, əsas borcun 5 faizi həddində 165 manat cərimə tutularaq lombard təşkilatına ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 3302,5 manat əsas borc, 906,5 manat faiz borcu və 165 manat penya cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə münasibətdə onu qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. İddiaçı vəkilə 320 manat vəsaitin ödənildiyini iddia etsə də bu halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən Kişikbəyov və Partnyorları vəkil bürosuna 200 manat pulun X2 tərəfindən ödənilməsini təsdiq edən qəbzi məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə, iddiaçının vəkillə təmsil olunmasını, işə sadələşdirilmiş icraat qaydasında baxılmasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 320 manat deyil, 100 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 93.29 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, məhkəmə cəriməyə münasibətdə ona qanunvericiliklə verilmiş hüquqlardan istifadə edərək cərimə məbləğini azaltmışdır. Bu səbəbdən 93.29 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Lakin iddiaçı tərəfindən 98 manat dövlət büdcəsinə ödənilmiş və həmin məbləği cavabdehdən tələb edir ki, iddianın qiymətinə uyğun hesablanmış 93.29 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Artıq ödənilmiş 4,71 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3302,5 manat əsas borc, 906,5 manat faiz borcu, 165 manat penya, 100 manat vəkil xərci və 93.29 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Artıq ödənilmiş 4,71 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar