Məhkəmə qərarları › İş №e-2-2(117)-78/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-78/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-78/2024 29.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “1481,10 manat əsas borc, 78,58 manat faiz borcu, 47,9 manat cərimə və 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : xx.xx.2022-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit rmüqaviləsinə əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə illik 22 % dərəcəsilə 4000 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 2.03-cü bəndinin “b” yarımbəndinə əsasən ödəmə vaxtı çatmış, lakin borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22% + 5% gecikdirmə faizi ilə hesablanır. 2.03-cü bəndinin “e” yarımbəndinə əsasən borcalan bu müqaviləyə əsasən verilmiş kreditin faizləri ilə birlikdə qaytarılmalı olduğu son tarixədək öhdəliklərini icra etmədiyi yaxud lazımi qaydada icra etmədiyi təqdirdə kreditverənə gecikdirilmiş borc məbləğinin 40 % həcmində cərimə məbləği ödəməyi öhdəsinə götürmüşdür. 3.03-cü bəndinə əsasən borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müqavilədə müəyyən olunmuş müddətdə icra etmədikdə kredit verən bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri və cərimələri, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəltmək hüququ vardır. Eyni zamanda borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə xx.xx.2022-ci il tarixli 2FİZAM134778401 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli “kredit borcunun, faizlərin və penyanın hesablanması” haqqında arayışdan görünür ki, Cavabdeh2 tərəfindən 2518,9 manat əsas borcdan, 722,29 manat faiz borcundan və 15,14 manat cərimə borcundan ödəniş edilmiş, qalan məbləğlər ödənilməmişdir. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və onun ödənilməmiş əsas və ona hesablanmiş faiz borcu qalmışdır. Sonuncu borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 1481,10 manat əsas borc, 78,58 manat faiz borcu və 47,9 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və ona qoşma sənədlər Cavabdeh1 xx.xx.2024cü il tarixdə poçt vasitəsilə şəxsən təqdim olunmasına, digər Cavabdeh2 isə ünvanı üzrə çatdırılmasına baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Arayış, Ödəniş cədvəli, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit rmüqaviləsinə əsasən iddiaçı dövriyyə vəsaitlərinin artırılması və cari xərclər məqsədilə xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə illik 22 % dərəcəsilə 4000 manat pulu cavabdehə verməyi, sonuncu isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və onun ödənilməmiş əsas və ona hesablanmiş faiz borcu qalmışdır. Sonuncu borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 1481,10 manat əsas borc, 78,58 manat faiz borcu və 47,9 manat cərimə borcu qalmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas borclu olan cavabdeh qarşısında öhdəliyini icra etmiş, lakin cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən 1481,10 manat əsas borc, 78,58 manat faiz borcu və 47,9 manat cərimə borcu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə borc məbləğinin zamindən də tutulması hissəsinə münasibətdə qeyd edir ki, zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi andan qüvvədə olur və kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir. Hazırki kredit müqaviləsinin 2.04-cü bəndinə əsasən kreditin qaytarılması üçün son müddət xx.xx.2023-cü il tarix olaraq müəyyən edildiyindən kredit müqavilənin müddəti həmin tarixdə bitmişdir. Bu səbəbdən zaminlik müqaviləsi üzrə onun verilmə müddəti xx.xx.2023-cü il tarixdə qurtarmış və iddiaçı hazırki iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutulmasına dair iddia əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi zamindən pulun tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Göründüyü kimi, kəsici müddətlər idda müddəti sayılmadığından iddia müddətinin axımının kəsilməsinə dair müddəalar da kəsici müddətlərə şamil edilmiş və kəsici müddətlərin kecməsi iddia irəli sürmək hüququna xitam verir. Bundan başqa zaminlik müqaviləsinin müddəti konkret göstərilmişdir ki, müqaviləsinin 3.1-ci bəndində müqavilənin “kredit müqaviləsindən irəli gələn öhdəliklər tam icra olunanadək qüvvədədir” kimi göstərilməsi qeyri-müəyyən olmaqla Mülki Məcllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur. Belə ki, bəlli olduğu kimi Mülki qanunvericilik hüquq münasibətlərinə tətbiq edilməli olan iddia müddətini və kəsici müddətləri müəyyən edir. Hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin müəyyən edilməsinin isə bir çox səbəblərindən biridə tərəflərin intizamlandırılmasına yönəlmışdır. Yəni, vaxtında edilməli olan hərəkətlərin vaxtında edilməsini ehtiva edir. Bütün hüquq münasibətlərinə tətbiq edilməli olan müddətilərin mövcud oldğu halda hazırki mübahisə üzrə zaminlik müqaviləsinin müddətinin müəyyən olunduğu halda qeyri-müəyyən cümlə quruluşu zaminlərin qanunla qorunan hüquqlarına müdaxilədir və sonsuza qədər zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyin üzərlərində daşımasına xidmət edir. Bu isə yolverilməz olmaqla qqnunun tələblərinə ziddir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Bu isə şərh olunan qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir..... Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 1481,10 manat əsas borc, 78,58 manat faiz borcu və 47,9 manat cərimə borcu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, iddia zamindən borcun tutulması hissəsində isə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1607,58 manat) ödənilməli dövlət rüsumu 36,08 manat olmalıdır. İddia tələbi borca münasibətdə tam təmin edildiyindən əsas borclu olan cavabdehdən 36,08 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı onun tərəfindən 100 manat mediasiya xərci ödənildiyini iddia etsə də, iş materiallarına əlavə edilmiş mediasiya sənədindən müəyyən olunduğu kimi sonuncu tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Poçt kagüzarlıq xidməti ilə bağlı mediasiya təşkilatına ödədiyi 10 manat isə tutulmamalıdır. Belə ki, həmin xərc mediasiya sessiyası zamanı çəkilməli olan xərclərin dairəsinə aid deyildir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1481,10 manat əsas borc, 78,58 manat faiz borcu, 47,9 manat cərimə və 60 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 36,08 manat dövlət rüsumu Cavabdeh2 dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar