Məhkəmə qərarları › İş №e-2-2(117)-780/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-780/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-780/2025 15.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 13432.95 manat əsas borc, 1517.17 manat faiz borcu və 9.09 manat cərimə borcu olmaqla, cəmi 14959.21 manat borcun və 134.88 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 13432.95 manat əsas borc, 11517.17 manat faiz borcu və 9.09 manat cərimə borcu olmaqla, cəmi 11878.5 manat borcun və 125.64 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək texniki səhvə yol verildiyini və “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 13432.95 manat əsas borc, 1517.17 manat faiz borcu və 9.09 manat cərimə borcu olmaqla, cəmi 14959.21 manat borcun və 134.88 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında kredit limitinin ayrılmasına dair xx.xx.2024-cü il tarixli 29-MCR-1-210-24 nömrəli razılaşmaya əsasən bank borc alan Cavabdeh2 120 ay müddətinə, aylıq 2,5% olmaqla 30 000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşma üzrə öhdəliyin təminatı olaraq Cavabdeh1 ilə İddiaçı ASC arasında müvafiq olaraq xx.xx.2024cü il tarixdə Z/04551/24 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə zamin (Cavabdeh1) xx.xx.2024-cü il tarixli 29-MCR-1-210-24 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə borcalanın bank qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2024-cü il tarixdə bankla borc alan Cavabdeh2 arasında 29-MCR-1-210-24/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə ümumilikdə əsas borc üzrə 1567.05 manat, faiz borcu üzrə isə 1261.34 manat məbləğində ödəniş edilmişdir. Qalan borc məbləğləri ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 İddiaçı ASC-dən illik 21% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin fevralın 28-dək Cavabdeh2 banka kredit müqaviləsi üzrə 13432.95 manat əsas borc, 1517.17 manat faiz borcu və 36.37 manat cərimə borcu olmaqla cəmi 14986.49 manat borcu vardır. Cavabdeh2 kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 36.37 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 9.09 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə bank qarşısında ödənilməmiş öhdəlikləri yaranmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur ki, həmin materiallara – kredit limitinin ayrılmasına dair razılaşma, kredit verilməsinə dair müqavilə, zaminlik müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2024-cü il tarixdə bankla borc alan Cavabdeh2 arasında 29-MCR-1- 210-24/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh2 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə aylıq 1,75 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən 13432.95 manat əsas, 1517.17 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehlər iddia tələbi ilə bağlı hər hansı bir etiraz bildirməmiş, borc məbləğlərini mübahisələndirməmiş, bu səbəbdən məhkəmə borc məbləği ilə bağlı hər hansı bir əsaslı arqument olmadığından əlavə araşdırma, yəni ekspertiza təyin etmə, sorğu vermə və.s və digər prosessual hərəkətlər aparmamışdır. Məhkəmə iddia tələbinin “9.09 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, kreditin ödənilməsinin gecikdirilməsi halında gecikmiş ödəmələrə müqavilədə nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün AR Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə gecikdirilmə faizləri hesablanacaqır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cərimə borcu 36.37 manat olsa da, iddiaçı 9.09 manat məbləğində cərimə borcu tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 9.09 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 134.88 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 13432.95 manat məbləğində əsas borc, 1517.17 manat məbləğində faiz borcu və 9.09 manat cərimə borcu olmaqla, cəmi 14 959.21 manat pul və ödənilmiş 134.88 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar