Məhkəmə qərarları › İş №e-2-2(117)-781/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-781/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-781/2025 04.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “377,61 ABŞ dolları əsas, 472.70 ABŞ dolları faiz, 2979.19 ABŞ dolları cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 51.70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3881.20 ABŞ dolları pul vəsaitinin və 85.99 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “377,61 ABŞ dolları əsas, 472.70 ABŞ dolları faiz, 2979.19 ABŞ dolları cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 51.70 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3881.20 ABŞ dolları pul vəsaitinin və 85.99 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2014-cü il tarixli 2350-14 AYİB nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitinin alınması məqsədilə 24 ay müddətinə 10200 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 25 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 50 % dərəcəsilə, aylıq isə 4.17 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Müqaviləyə əlavə edilən ödəniş cədvəlindən müəyyən edilir ki, cavabdeh 10200 ABŞ dolları kredit borcunu 2872 ABŞ dolları faiz ödəməklə, xx.xx.2016-cı il tarixədək aylıq 545 ABŞ dolları, sonuncu ay isə 537 ABŞ dolları vəsaiti ödəməli idi. xx.xx.2014-cü il tarixli ZM-1-2350-14 AYİB nömrəli zaminlik müqaviləsi ilə İddiaçı ASC, əsas borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında 10 200 ABŞ dolları məbləğində kredit borcunun qaytarılmasının təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditorun borcalana verdiyi kreditin qalıq məbləği (restrukturizasiya edilmiş kredit) 6539.11 ABŞ dolları (3618.24 ABŞ dolları əsas borc, 1169.81 ABŞ dolları faiz borcu, 1751.06 ABŞ dolları cərimə) təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2022-ci il tarixədək 4401.97 ABŞ dolları vəsaiti (3618.24 ABŞ dolları əsas borc, 783.73 ABŞ dolları faiz borcu) aylıq 73.36 ABŞ dolları, sonuncu ay isə 73.73 ABŞ dolları ödəməli idi. Sazişin 1.2-ci bəndinə əsasən, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi üzrə 01 nömrəli Əlavə Sazişdən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli 2350-14 saylı kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6539.11 ABŞ dolları (3618.24 ABŞ dolları əsas borc, 1169.81 ABŞ dolları faiz borcu, 1751.06 ABŞ dolları cərimə) təşkil edir. Zamin Cavabdeh2 bu əlavə sazişi imzalamaqla kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin müqavilə üzrə əsas borcu 377,61 ABŞ dolları, faiz borcu 472.70 ABŞ dolları, cərimə borcu 2979.19 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış borcun məbləği isə 51.70 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məxsus xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarix aralığınadək olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi məhsulun adı hissəsində kompensasiya ödənişləri üçün cari hesab”, eyni zamanda xx.xx.2019-cu il tarixinin açıqlama hissəsində “fərmana əsasən əsas borcdan ödəniş”, “fərmana əsasən kompensasiya ödənişi” qeydləri yazılmışdır. Eyni zamanda xx.xx.2019cu il tarixdən xx.xx.2025-ci il tarixədək olan hesabdan çıxarış məlumatından göründüyü kimi cavabdehin dövrün sonuna qalıq borcu 377.61 ABŞ dolları təşkil etmişdir. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə rəsmi qaydada Cavabdeh1 ünvanı üzrə çatdırılmış, digər Cavabdeh2 ünvanı üzrə göndərilsə də, həmin sənədlər “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmış, bundan sonra cavabdehə və ya onun ailə üzvlərinə çatdırılması üçün rəsmi qaydada Ağdaş Rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına göndərilmişdir. Buna baxmayaraq qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqaviləsi, zaminlik müqaviləsi, saziş, kredit ödəniş cədvəli, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. MM-in: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 377,61 ABŞ dolları pulun tutulması hissəsində təmin edilməli, digər hissələrdə rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2014-cü il tarixli 2350- 14 AYİB nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 dövriyyə vəsaitinin alınması məqsədilə 24 ay müddətinə 10200 ABŞ dolları kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 25 % olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixli 01 nömrəli nömrəli Əlavə Sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə verilən kredit restruktruzasiya edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6539.11 ABŞ dolları (3618.24 ABŞ dolları əsas borc, 1169.81 ABŞ dolları faiz borcu, 1751.06 ABŞ dolları cərimə) təşkil etmişdir. Ödəniş qrafiki tərtib edilərək kredit borcunun qaytarılma müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Cavabdeh1 məxsus xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarix aralığınadək olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi məhsulun adı hissəsində “kompensasiya ödənişləri üçün cari hesab”, eyni zamanda xx.xx.2019-cu il tarixinin açıqlama hissəsində “fərmana əsasən əsas borcdan ödəniş”, “fərmana əsasən kompensasiya ödənişi” qeydləri yazılmışdır. Eyni zamanda xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək olan hesabdan çıxarış məlumatından göründüyü kimi cavabdehin dövrün sonuna qalıq borcu 377.61 ABŞ dolları təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın 8.3-cü bəndinə əsasən bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi nəzərdə tutulur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə xarici valyutada olan kreditinin əsas borc məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, iddia tələbini əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Əsas borc məbləği isə 377,61 ABŞ dolları təşkil edir. Qeyd edilən Fərmanın məqsədləri üçün müvafiq maliyyə vəsaiti ayrıldığından və Banklara faiz və cərimə borclarının silinməsi və güzəştli müddətlə əsas borca münasibətdə yeni müqavilələrin bağlanması qeyd edildiyindən hazırkı tələbin əsas borc məbləği hissəsində təmin edilməsi qanuni və ədalətlidir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarış məlumatları ilə kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü öz təsdiqini tapır və kredit borcunun qalıq məbləği də həmin Fərmanın təsir dairəsinə düşür. Belə ki, qeyd edilən Fərmanın tələbləri hazırkı borc məbləğinə münasibətdə tətbiq edilərək müvafiq kompensasiya edilməklə cavabdehin borclarının ödənilməsinə yönəldilməli, qalan faiz və cərimə borclarının Fərmanın tələblərinə əsasən silinməsi təmin edilməli idi. Bank tərəfindən cavabdehlə yeni güzəştli şərtlərlə bağlı müqavilənin bağlanması təklifinin cavabdehə göndərilməsi, belə müqavilənin bağlanmasını təsdiqləyən sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının qeyd edilən faizləri və cərimə məbləğini tələb etməsi qanunvericiliyə uyğun deyildir. İddiaçı yalnız yeni güzəştli müqavilənin şərtləri əsasında faiz və cərimə borcu tələb edə bilərdi. Bu isə müvafiq müqavilənin bağlanması ilə mümkün ola bilərdi. Həmin müqavilənin bağlanması ilə bağlı məhkəməyə hər hansısa sübut təqdim edilməmişdir. Məhkəmə, iddiaçı tərəfindən müvafiq müqavilə şərtləri əsasında cavabdehdən əlavə faiz və cərimənin tələb edilməsini mümkün hesab etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 əsas borc olan 377,61 ABŞ dollarının tutulması hissəsində təmin edilməli, faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə borcun zamin qismində işə cəlb olunmuş Cavabdeh2 tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan əsas borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, xx.xx.2014-cü il tarixli ZM-1-2350-14 AYİB nömrəli zaminlik müqaviləsindən göründüyü kimi həmin müqavilə zamin Cavabdeh2 ilə iddiaçı bank arasında borcalanın kreditor qarşısında xx.xx.2014-cü il tarixli 2350-14 AYİB nömrəli kredit müqaviləsindən yaranmış öhdəliklərini icrasını təminatı olaraq bağlanmış və həmin müqavilə ilə zamin Cavabdeh2 borclunun öhdəlikləri üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsi üzrə Əlavə Saziş bağlanmış və həmin sazişə əsasən zamin kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən 01 saylı, xx.xx.2017-ci il tarixli Əlavə sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiqləmişdir. 2.3-cü bəndinə əsasən, bu əlavə saziş üzrə dəyişdirilmiş və əlavə edilmiş bəndlər istisna olmaqla, müqavilənin digər bəndləri dəyişdirilmədən öz qüvvəsində qalır. xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 5.1.4-cü bəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, əsas kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtı xx.xx.2022-ci il tarixdə bitmiş, müqavilələrin şərtləri qarşılıqlı təhlil edildikdə görünür ki, kreditor zaminə qarşı həmin tarixdən başlayaraq bir il müddət üçün, yəni xx.xx.2023-cü il tarixinədək iddia irəli sürə bilərdi. Göründüyü kimi zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2023-cü il tarixdə bitmişdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə zaminə münasibətdə tələb üçün müəyyən edilmiş müddəti ötürmüşdür ki, hazırkı vəziyyətdə zamin Cavabdeh2 pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 377,61 ABŞ dolları əsas borcun Cavabdeh1 tutulması hissəsində təmin edilməli, iddia tələbi qalan hissələrdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 85.99 manat təşkil edir. Məhkəmə qeyd edir ki, dövlət rüsumu tam şəkildə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia qismən təmin edildiyindən iddia tələbinin təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun 8.37 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 77.62 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 377,61 ABŞ dolları əsas borc (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) və 8.37 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar