Məhkəmə qərarları › İş №e-2-2(117)-786/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-786/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-786/2024 25.06.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2017-ci il tarixli akt əsasında hesablanmış 1769.40 manat, xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 2961.40 manat, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 3404.50 manat borcun silinməsi və ödənilmiş 102 manat dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2017ci il tarixli akt əsasında hesablanmış 1769.40 manat, xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 2961.40 manat, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 3404.50 manat borcun silinməsi və ödənilmiş 102 manat dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Göyçay şəhərində çörək bişirmə sexi var. Göyçay Xidmət Sahəsinin əməkdaşları tərəfindən ona məxsus sayğaca xx.xx.2017-ci il tarixində akt tərtib edərək 1769.40 manat, xx.xx.2020-ci il tarixində akt tərtib edərək 2961.40 manat, xx.xx.2024-cü il tarixində akt tərtib edərək isə 3404.50 manat cərimə məbləği hesablanmışdır. İddiaçı tərəf borcun əsassız olaraq hesablandığını bildirərək ümumilikdə 8135.30 manat cərimənin onun hesabından silinməsini xahiş etmişdir. İş materialları kimi məhkəməyə aktlar və tələbnamələr təqdim edilmişdir: xx.xx.2017-ci il tarixli akta əsasən qaz xətti üzərində sovurucu qurğu aşkar edilmiş və bundan sonra xx.xx.2017-ci il tarixində tələbnamə tərtib edilərək 8847 m3 qaz sərfiyyatının dəyəri olan 1769.40 manat borc hesablanmışdır. xx.xx.2020-ci il tarixli akta əsasən “korrektorun sönməsi səbəbindən mexaniki hissədən keçən qazın həcminin elektron hissədə qeydə alınmaması” faktı aşkar edilmiş və xx.xx.2020-ci il tarixli tələbnamə ilə 14807 m3 qaz sərfiyyatının dəyəri olan 2961.40 manat borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli akta əsasən elektron və mexaniki göstəricilərin üst-üstə düşməməsi müəyyən olunmuş və xx.xx.2024-cü il tarixli tələbnamə tərtib edilərək 15475 m3 qaz sərfiyyatının dəyəri olan 3404.50 manat borc hesablanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş abonentin saldosundan da göründüyü kimi həqiqətən də xx.xx.2017-ci il, xx.xx.2020-ci il və xx.xx.2024-cü il tarixlərində aktlar tərtib edilmiş və borc hesablanmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların reyestrindən xx.xx.2024-cü il tarixli KY24081076 nömrəli Çıxarışdan müəyyən edilir ki, X1 müqavilə şərtlərinə əməl etməsinin yoxlanılması üçün CavabdehİB tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində yoxlama aparılmasına icazə dövlət reyestrində qeydə alınmışdır. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində məhkəmə bildirişi rəsmi qaydada yerləşdirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixində Cavabdeh nümayəndəsi tərəfindən etiraz daxil olmuşdur. Cavabdeh tərəf etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2017-ci il tarixli akta əsasən qaz xətti üzərində sovurucu qurğu aşkar edilmiş və 8847 m3 qaz sərfiyyatının dəyəri olan 1769.40 manat borc hesablanmışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixli akta əsasən “korrektorun sönməsi səbəbindən mexaniki hissədən keçən qazın həcminin elektron hissədə qeydə alınmaması” faktı aşkar edilmiş və cavabdehə 2961.40 manat borc hesablanmışdır. Əlavə olaraq xx.xx.2024-cü il tarixli akta əsasən elektron və mexaniki göstəricilərin üst-üstə düşməməsi müəyyən edilərək 3404.50 manat borc hesablanmışdır. İddianın əsassız olduğunu bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara aktlar, tələbnamələr, etiraz, məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus Göyçay şəhəri Natavan küçəsində yerləşən çörək sexindəki sayğaca qanunsuz müdaxilələr olunduğu aşkar edilərək xx.xx.2017-ci il, xx.xx.2020-ci il və xx.xx.2024-cü il tarixlərində aktlar tərtib edilmişdir. Tərtib edilmiş aktlar əsasında iddiaçıya ümumilikdə 8138.30 manat borc hesablanmışdır. İş materialları kimi məhkəməyə aktlar və tələbnamələr təqdim edilmişdir: xx.xx.2017-ci il tarixli akta əsasən qaz xətti üzərində sovurucu qurğu aşkar edilmiş və bundan sonra xx.xx.2017-ci il tarixində tələbnamə tərtib edilərək 8847 m3 qaz sərfiyyatının dəyəri olan 1769.40 manat borc hesablanmışdır. xx.xx.2020-ci il tarixli akta əsasən “korrektorun sönməsi səbəbindən mexaniki hissədən keçən qazın həcminin elektron hissədə qeydə alınmaması” faktı aşkar edilmiş və xx.xx.2020-ci il tarixli tələbnamə ilə 14807 m3 qaz sərfiyyatının dəyəri olan 2961.40 manat borc hesablanmışdır. xx.xx.2024-cü il tarixli akta əsasən elektron və mexaniki göstəricilərin üst-üstə düşməməsi müəyyən olunmuş və xx.xx.2024-cü il tarixli tələbnamə tərtib edilərək 15475 m3 qaz sərfiyyatının dəyəri olan 3404.50 manat borc hesablanmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş abonentin saldosundan da göründüyü kimi həqiqətən də xx.xx.2017-ci il, xx.xx.2020-ci il və xx.xx.2024-cü il tarixlərində aktlar tərtib edilmiş və borc hesablanmışdır. Məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılan yoxlamalar qanunsuz olduğundan iddia təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə cavabdehin apardığı yoxlama və ya baxış elektrik sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddiaçının adına dövlət orqanları tərəfindən açılmış yoxlamaların siyahısına baxılmış, lakin qeyd olunmuş tarixlərə iddiaçının adına açılmış hər hansı bir yoxlama qeydə alınmamışdır. Cavabdeh nümayəndəsi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilsə də, məhkəmə hesab edir ki, həmin çıxarış işlə bağlı heç əhəmiyyət kəsb etmir. Çıxarışda yoxlanılan sahibkarın adı İddiaçı qeyd olunsa da, yoxlamanın başlanma və bitmə tarixi xx.xx.2024-cü il göstərilmişdir. Hazırki işdə isə həmin tarixlə bağlı tərtib olunmuş hər hansı bir akt və ya hesablanmış hər hansı bir borc mübahisələndirilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı məxsus sahibkarlıq subyektində aparılmış yoxlama qanunsuz olmuşdur. Bu səbəbdən də yoxlama zamanı tərtib edilmiş aktlara əsasən hesablanmış 8135.30 manat borc İddiaçı abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 102 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən “xx.xx.2017-ci il tarixli akt əsasında hesablanmış 1769.40 manat, xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmış 2961.40 manat, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 3404.50 manat olmaqla borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 102 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçıya geri ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar