Məhkəmə qərarları › İş №e-2-2(117)-789/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-789/2024

22.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-789/2024 22.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh İB-yə qarşı “cavabdeh tərəfindən onun **********00056 nömrəli abonent hesabına qanunsuz olaraq yazilan 540 (beş yüz qırx) manat pulun silinməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı-Qazax yolunun 156-cı km-də yerləşən “Seyrangan” restoranının qaz xətti üzərində istismarda olmuş qaz sayğacına baxış keçirilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2023-cü il tarixli yoxlama aktında qeyd edilmişdir ki, iddiaçıya məxsus obyektə baxış zamanı həmin obyektə quraşdırılmış qaz xətti üzərində istismarda olmuş 1705AZ**********88 nömrəli qaz sayğacının xx.xx.2023-cü il tarixdə dövlət yoxlamasına göndərilməsi təmin edilmişdir. Laboratoriyanın 14-2-2-3-5-124-82 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən qaz itkisi rəyi verilmişdir. Bununla əlaqədar mövcud müqavilənin 2.1.6-cı yarımbəndinə istinadən istehlakçıya verilən qazın dəqiq həcminin uçotunun aparılmasının məqsədilə ******* nömrəli təbii X1 pozulması haqqında akt tərtib edilmiş və 2160 m3 həcmində itirilmiş təbii qaza görə 540 manat məbləğində dəymiş zərər müəyyən edilmiş və 540 manat borc iddiaçını abonent hesabına işlənmişdir. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus Bakı-Qazax yolunun 156-cı km-də yerləşən “Seyrangan” restoranının qaz xətti üzərində istismarda olmuş qaz sayğacını, xx.xx.2023-cü il tarixində “Azəriqaz" İB-nin X3 İstismar İdarəsinin əməkdaşları tərəfindən ona xəbər verilmədən, onun iştirakı olmadan qanunsuz olaraq çıxarılmış və dövlət yoxlamasına göndərilmişdir. "Azəriqaz” İB tərəfindən ona xx.xx.2023-cü il tarixdə içərisində yoxlama aktı olan məktub göndərilmişdir. Həmin yoxlama aktında bildirilmişdir ki, onun obyektinin ünvanında 17** AZ ***617-751488 №-li Qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və metrologiya departamentinin verdiyi rəyə əsasən müəyyən edilmişdir ki, Sayğacın klapanı aşıqdır. Ekranda bağlı işarəsi var. Klapan işləmir, keçən qazın sərfini qeyd etmir, sayğacın arxiv yaddaş proqramı oxundu, alarm 1 rejimi qeydə alınmayıb. Sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. İstifadəyə verilən qazın dəqiq həcminin uçotunun aparılması məqsədi ilə 03713953 nömrəli Təbii X1 pozulması haqqında" Akt “Azəriqaz" İB-nin əməkdaşlarının qanunsuz hərəkətləri barədə və mənim hesabına qanunsuz yolla yazılan 540 manat pulun silinməsi üçün o, dəfələrlə X3 İstismar İdarəsinə şifahi şəkildə müraciət etməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Cavabdeh İB iddia tələbinə münasibət bildirməmişdir. Bundan başqa hazırki iş üzrə eyni tərəflərin iştirak etdiyi iş üzrə İddiaçı Cavabdeh İBnin 540 manat borcun tutulması” tələbinə dair iddiası Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)-704/2024 nömrəli qətnaməsi ilə rədd edilmiş, borcun silinməsi məsələsinə qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Müqavilə, Abonentin saldosu, Yoxlama aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk oncə qeyd edir ki, hazırki iş üzrə eyni tərəflərin iştirak etdiyi e-2-2(117)- 704/2024 nömrəli iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilmiş olsa belə, hazırki iş üzrə mübahisənin predmeti ilə qətnaməsi qəbul edilmiş e-2-2(117)-704/2024 nömrəli iş üzrə mübahisənin predmeti eynilik təşkil etmir. Belə ki, qeyd dilən iş üzrə mübahisənin predmeti “borcun tutulması” olmuş, hazırki iş üzrə mübahisə “540 manat borcun silinməsi” ilə bağlıdır. Bu səbəbdən məhkəmə qeyd edir ki, e-2-2(117)-704/2024 nömrəli iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alsa belə, borcun silinməməsi gələcəkdə onun üzərində silinməmiş borcun qalmasına və bu isə sonuncunun sahibkarlıq fəaliyyətinə və maddi vəziyyətinə mənfi təsir göstərə bilər ki, hazırki vəziyyətdə iddiaçı borcun silinməsi tələbi ilə müraciət etməkdə haqlı olmuşdur və bu səbəbdən onun tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilir. İddianın hüquqi əsasına qiymət verən məhkəmə əvvəla qeyd edir ki, Cavabdeh İB tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına hansı əsaslarla baxış keçirilməsi müəyyən olunmamış, iddiaçının iddiasına görə onun məlumatı olmadan qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və yoxlama nəticəsində verilmiş rəyə əsasən sayğacın klapanının açıq olduğu, ekranda bağlı işarəsi olduğu, klapanın işləmədiyi, keçən qazın sərfini qeyd etmədiyi, sayğacın arxiv yaddaş proqramı oxunması, alarm 1 rejiminin qeydə alınmaması müəyyən edilmiş və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Bununla bağlı iddiaçıya təbii X1 pozulması aktı tərtib edilmişdir. İddiaçının qeyri-yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı cavabdehin əməkdaşları tərəfindən götürülərək dövlət yoxlamasına göndərilmişdir. Yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi kimi akt tərtib edilərkən “X2”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (sayğacın klapanının açıq olduğu, ekranda bağlı işarəsi olduğu, klapanın işləmədiyi, keçən qazın sərfini qeyd etmədiyi, sayğacın arxiv yaddaş proqramının oxunması, alarm 1 rejiminin qeydə alınmaması və sayğacın istismara yararsız kimi qiymətləndirilməsi) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinə baxış keçirilmiş və sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın nəticəsinə uyğun xx.xx.2023-cü il tarixli yoxlama aktında qeyd edildiyi kimi iddiaçıya məxsus obyektə baxış zamanı həmin obyektə quraşdırılmış qaz xətti üzərində istismarda olmuş 1705AZ**********88 nömrəli qaz sayğacının xx.xx.2023-cü il tarixdə dövlət yoxlamasına göndərilməsi təmin edilmişdir. Laboratoriyanın 14-2-2-3-5-124-82 nömrəli xx.xx.2023-cü il tarixli rəyinə əsasən qaz itkisi rəyi verilmiş və iddiaçının iddiasına görə sayğacın klapanının açıq olduğu, ekranda bağlı işarəsi olduğu, klapanın işləmədiyi, keçən qazın sərfini qeyd etmədiyi, sayğacın arxiv yaddaş proqramının oxunması, alarm 1 rejiminin qeydə alınmaması və sayğacın istismara yararsız kimi qiymətləndirilməsi rəydə qeyd edilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, qaz sayğacına müdaxilə olunmasına dair hər hansı sübut mövcud deyildir. Qaz sayğacının möhürlərinin və sayğacın gövdəsinin tamlığı pozulmadan onun daxilinə müdaxilə edilməsi isə ağlabatan olmamaqla mümkün deyildir. Bundan başqa aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya 540 manat məbləğində hesablanmış borc məbləği abonnetin hesabından silinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacda qüsur, pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, hətta qüsurların aşkarlanması həqiqəti əks etdirsə belə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından 540 manat borcun hesablanmasına dair Azəriqaz İB-nin hərəkətləri qanunsuz olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya hesablanmış borcun qanunsuz hesablanması Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(117)- 704/2024 nömrəli qətnaməsi ilə bir daha təsdiq olunur. Şərh olunanlara əsasən iddia təmin edilməklə 540 manat borc iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 30 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən həmin vəsait cavabdehdən tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı **********00056 nömrəli abonent hesabına yazilan 540 (beş yüz qırx) manat pul silinsin. Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar