Məhkəmə qərarları › İş №e-2-2(117)-796/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-796/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-796/2024 23.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 9270,1 manat əsas bоrc, 1154.25 manat faiz bоrcu, 450,53 manat cərimə bоrcu və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 122,62 manat dövlət rüsumunun tutulması tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2015-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 035L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 035L**********55 nömrəli uzunmüddətli kredit müqaviləsi əsasında zaminlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ilə iddiaçı bank arasında bağlanmış 035S**********01 nömrəli, 035S**********01 nömrəli, 035S**********02 nömrəli zaminlik müqavilələri ilə zaminlər kredit alanın uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşlər. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 035R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh4 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9583% оlmaqla 15000 manat məbləğində kredit verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ilə cavabdehlərə müraciət etmiş və müraciətində borcun ödənilməsini və kredit müqaviləsinin ləğv edilməsini təklif etmişdir. Əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və banka olan 9270,1 manat əsas bоrc, 989,04 manat faiz bоrcunun və 339,3 manat cərimə borcunun tutulmasına dair məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 15000 manat məbləği cavabdehə vermiş, sonuncu isə götürdüyü krеdit sazişi üzrə öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 9270,1 manat əsas bоrc məbləğində öhdəliyi yaranmışdır. Bu hal maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. İddiaçı pretenziya və xəbərdarlıq məktubları ilə cavabdehlərdən borcun ödənilməsini tələb etməsinə baxmayaraq borc ödənilməmiş qalmışdır ki, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh4 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü krеdit bоrcundan 5729.9 manat ödəmiş, onun 9270.1 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh4 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 274 gün üçün hesablanmış faiz borcu 1154.25 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 274 gün üçün hеsablanmış cərimə 450.53 manat təşkil edir. Cavabdeh4 tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə əsasən sonuncu tərəfindən iddia tələbi məhkəməyə verildikdən sonra xx.xx.2024-cü il tarixdə 2500 manat və xx.xx.2024-cü il tarixdə 2000 manat olmaqla cəmi iddiaçıya 4500 manat pul ödəmişdir. Cavabdeh4 məhkəmə iclasında izahatında bildirmişdir ki, 15000 manat kredit götürmüş, ödənişlərin bir qismini ödəmiş, sonra maddi vəziyyəti pisləşdiyindən borcunu ödəyə bilməmişdir. Satılacaq torpaq sahələrinin olduğunu, onları satdıqdan sonra sentyabr ayının axırına borcunu tam bağlayacağını bildirmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, ərizəçi ərizə ilə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini və işə iştirakları olmadan baxılmasını xahiş etmiş, digər cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit razılaşması, Zaminlik müqavilələri, Maliyyə arayışı, Hesabdan çıxarış, Xəbərdarlıq məktubları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə Cavabdeh4 izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə tələbin 9270,1 manat əsas borcun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 035R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh4 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9583% оlmaqla 15000 manat məbləğində kredit verilmişdir. Təqdim edilmiş mədaxil qəbzlərindən göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 2500 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat olmaqla ümumlikdə 4500 manat ödəniş edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən sonradan 4500 manat ödəniş edilmişdir ki, həmin ödənişlər nəzərə alındıqda cavabdehin ödənilməmiş (9270,1 – 4500 = 4770,1) 4770,1 manat borcu qalmışdır. İddiaçı isə 9270,1 manat tələb edir ki, bunda da haqlı olmamışdır. Bu səbəbdən cavabdehin etdiyi ödənişlər də nəzərə alınmaqla 4770,1 manat əsas borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə 1154.25 manat faiz bоrcu və 450,53 manat cərimə bоrcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə qismən təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ilə cavabdehlərə müraciət etmiş və müraciətində borcun ödənilməsini və kredit müqaviləsinin ləğv edilməsini təklif etmişdir. Əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və banka olan borcun tutulmasına dair məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinə iddiaçı tərəfdən birtərəfli qaydada xitam verildiyindən müqavilə müddəti bitdikdən sonra faiz hesablamaqda iddiaçı haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehlərə borcun ödənilməyəcəyi təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi barədə xəbərdarlıq məktubu ünvanlanmışdır ki, iddiaçı iradə ifadəsini qarşı tərəfə bildirmiş, öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə müqaviləyə vaxtından əvvəl xitam verəcəyi barədə cavabdehləri məlumatlandırmış, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumum qərarından da göründüyü kimi müqavilə ləğv edilmiş hesab olunur. Göründüyü kimi müqavilə ləğv edilmişdir və tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti qarşı tərəfə bildirişin verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən götürlməklə müqavilə ləğv edildiyindən xx.xx.2023-cü il tarixdə bitmişdir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, xəbərdarlıq məktubunda cavabdehlərdən 989,04 manat faiz borcunun qaldığı göstərilsə də, iddia tələbindən də göründüyü kimi bundan sonra faiz məbləğində artım olmuş və faiz məbləği 1154.25 manat təşkil etmişdir. Lakin kredit müqaviləsi xx.xx.2023-cü il tarixdə ləğv edildiyindən həmin müddətdən sonra iddiaçı faiz hesablamaqda haqlı olmamışdır. Eyni zamanda müqavilə ləğv edilsə də, tələbdən göründüyü kimi cərimə məbləğində də artım olmuş və cərimə borcu 450,53 manata qaldırılmışdır. Odur ki, məhkəmə müqavilənin ləğv edilməsini nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə ləğv edildikdən xeyli müddət sonra məhkəməyə müraciət etmiş və bu isə həm faiz, həm də cərimə məbləğinin artmasına gətirib çıxarmışdır. Bu səbəbdən xəbərdarlıq məktubunda qeyd edilmiş 989,04 manat faiz borcu və 339,3 manat cərimə borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 4770,1 manat əsas borc, 989,04 manat faiz borcu və 393,3 manat cərimə borcunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 122,62 manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən 53.86 manatı iddiaçıdan, 68.76 manatı cavabdehlərdən tutulmalıdır. İddiaçı 122,62 manat dövlət rüsumunu dövlət büdcəsinə ödəmiş və həmin vəsaiti cavabdehlərdən tələb etmişdir ki, iddia qismən təmin edildiyindən iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 53.86 manat dövlət rüsumu 122,62 manat dövlət rüsumundan çıxılmaqla qalan 68.76 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 4770,1 manat əsas bоrc, 989.04 manat faiz bоrcu, 339.3 manat cərimə borcu və 68.76 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar