Məhkəmə qərarları › İş №e-2-2(117)-8/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-8/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-8/2024 22.02.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “9599,57 manat əsas, 2833,47 manat faiz borcu və 2532,84 manat cərimə borcu olmaqla, cəmi 14965,88 manat və ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xxxx ASC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2022-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış MK 042/F-22 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması məqsədilə 10000 manat kredit verməyi, borcalan isə krediti qəbul etməyi və müqavilədə göstərilən qaydada və müddətdə krediti və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən borcalan kreditdən istifaəyə görə illik 23 % olmaqla faiz ödəyir. 2.1-ci bəndinə əsasən borcalana kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəyir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 23 % olmaqla əlavə cərimə faizi ödəyir. 2.9-cu bəndinə əsasən faizlər kreditin istifadə ediliyi hər ayın faktiki günlərinin sayına uyğun olaraq hesablanır. 3.1.7-ci bəndinə əsasən borcalan tərəfindən öhdəliyin icra edilməməsi və aya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı tam icra olunub başa çatandək bankın hesablanan faizləri və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda borclunun öhdəliklərinin icrasının təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli, MK 042/F-22 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə zamin Cavabdeh2 borcalanın kredit müqaviləsi üzrə bankdan aldığı 10000 manat kreditə görə hesablanacaq faizlərin, cərimə, dəbbə və məhkəmə xərclərinin banka ödənilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8949 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu 9599,57 manat, faiz borcu 2833,47 manat təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 9599,57 manat əsas, 2833,47 manat faiz borcu və 2532,84 manat cərimə borcu olmaqla, cəmi 14965,88 manat və ödənilmiş 200 manat məbləğində mediasiya rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq xxxx ASC-yə ödənilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasının protokol qərardadına əsasən ərizə məhkəmənin icraatında qəbul edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BK №MK 042/F-22 nömrəli kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 23 % olmaqla, 36 ay müddətinə, 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Nəticədə cavabdeh tərəfin borcu yaranmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Maliyyə arayışı, Ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2022-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış MK 042/F-22 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, dövriyyə vəsaitlərinin artırılması məqsədilə 10000 manat kredit verməyi, borcalan isə krediti qəbul etməyi və müqavilədə göstərilən qaydada və müddətdə krediti və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən borcalan kreditdən istifaəyə görə illik 23 % olmaqla faiz ödəyir. 2.1-ci bəndinə əsasən borcalana kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsini müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəyir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 23 % olmaqla əlavə cərimə faizi ödəyir. 2.9-cu bəndinə əsasən faizlər kreditin istifadə ediliyi hər ayın faktiki günlərinin sayına uyğun olaraq hesablanır. 3.1.7-ci bəndinə əsasən borcalan tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qərarı tam icra olunub başa çatandək bankın hesablanan faizləri və ya vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8949 nömrəli ekspert rəyi ilə müəyyən edildiyi kimi cavabdehin xx.xx.2023-cü il tarixə olan əsas borcu 9599,57 manat, faiz borcu 2833,47 manat təşkil edir. Cavabdeh1 müqavilə ilə üzərinə götürdüyü öhdəliyini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş 9599,57 manat əsas, 2833,47 manat faiz borcu qalmışdır. Bu səbəbdən həmin borc məbləğləri cavabdehdlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 2532,84 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 23 % olmaqla əlavə cərimə faizi ödəyir. Cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən əsas borc məbləğinin 5 %-i həddində hesablanmış 480 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəyə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (14665,88 manat) ödənilməli dövlət rüsumu 134 manat olmalıdır. İddia tələbi qismən edilsə də, yalnız cərimə məbləğinə münasibətdə məhkəmə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Bu səbəbdən ödənilməmiş 134 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehlərdən tələb etdiyindən, 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9599,57 manat əsas borcu, 2833,47 manat faiz borcu, 480 manat cərimə borcu, 200 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 134 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar