Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-801/2023 03.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı ASC-nin direktoru X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh ASC-yə qarşı “50000 manat pulun, 200 manat mediasiya xərcinin, 240 manat dövlət rüsumunun və 200 manat vəkil xidmətlərinə görə ödənilmiş məbləğin tutulması” tələbi üzrə ilkin iddiasına və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı “ilkin iddianın rədd edilməsi, tikilinin əvvəlki vəziyyətə gətirilməsi, ünvan 1 ünvanda yerləşən 292.60 kv.m qeyri-yaşayış sahəsində xx.xx.2020-ci il tarixli texniki pasportda göstərilməyən və sonradan açılan qapıların bağlanması, həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə, yəni texniki pasportda göstərilən vəziyyətə qaytarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC (bundan sonra mətndə iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra mətndə cavabdeh) qarşı “50000 manat pulun, 200 manat mediasiya xərcinin, 240 manat dövlət rüsumunun və 200 manat vəkil xidmətlərinə görə ödənilmiş məbləğin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə Cavabdeh ASC xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia verərək “ilkin iddianın rədd edilməsi, tikilinin əvvəlki vəziyyətə gətirilməsi, ünvan 1 ünvanda yerləşən 292.60 kv.m qeyri-yaşayış sahəsində xx.xx.2020-ci il tarixli texniki pasportda göstərilməyən və sonradan açılan qapıların bağlanması, həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə, yəni, texniki pasportda göstərilən vəziyyətə qaytarılması” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisəli əmlak xx.xx.2020-ci ildən iddiaçının mülkiyyətində olsa da, bu formal xarakter daşımış və faktiki olaraq həmin mülkiyyətdən istifadə edilməsinə müxtəlif maneələr yaradılaraq gəlir əldə edilməsinə mane olunmuşdur. Odur ki, ilkin iddia əsaslı olduğundan təmin olunmalı, qarşılıqlı iddia isə rədd edilməlidir. İddiaçı ASC-nin direktoru X6 nümayəndəsinin izahatına uyğun izahat verərək ilkin iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, onun qeyd edilən qeyriyaşayış sahəsindən 2004-cü ildən istifadəsinə cavabdeh tərəfindən maneələr yaradılır, o həmin obyektdən məhrum olmuşdur. Buna baxmayaraq qeyri-yaşayış sahəsinə dair hüquqi sənədləri aldığı 2020-ci ilin 11 iyun tarixindən başlayaraq ona vurulmuş ziyanı tələb edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin digər məhkəmədə işinin olması səbəbi ilə məhkəmə iclasının təkrarən başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə baxış iclasının təkrar təxirə salınması üçün əsaslar mövcud deyildir. Belə ki, əvvəlki məhkəmə iclası təxirə salınarkən cavabdeh tərəf təxirə salınma vaxtı ilə bağlı məhkəməyə hər hansı bir məlumat verməmiş, məhkəmə iclası təyin edilən gün elektron kabinet vasitəsilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, idiaçı tərəf isə bildirmişdir ki, məhkəmə binasına çatdıqdan sonra qarşı tərəfin təxirə salınma barədə müraciətindən məlumatlı olmuşdur. Odur ki, məhkəmə iş üzrə bütün sübutları cavabdeh tərəfin iştirakı ilə bütün sübutları tədqiq etdiyindən hazırkı iclasın cavabdeh tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, ilkin iddia əsassızdır. İddiaçıya məxsus qeyri-yaşayış sahələri mövcud olsa da, həmin sahələrin altında yerləşən torpaq sahələri dövlət mülkiyyətində olmaqla cavabdeh hüquqi şəxsin daimi istifadəsindədir. Ona görə də, iddiaçının özünə mməxsus qeyri-yaşayış sahələrinə keçid üçün cavabdehlə məhdud əşya hüququndan istifadəyə dair (servitut) müqavilə bağlamalıdır. Hazırkı vaxta kimi cavabdeh tərəfindən iddiaçıya hər hansı bir maneə törədilməmiş, əksinə cavabdehin istifadəsində olan sahələrə çıxış üçün iddiaçı tərəfindən texniki pasportda göstərilməyən qapılar açılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində dövlət qeydiyyatına alınmışdır. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0,5378 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla –istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.mqeyri yaşayış sahəsi tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Yevlax-Mərkəzi Bazar” ASC-nin adına qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/S85-794/23 nömrəli rəyində qeyd edilmişdir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyriyaşayış binasının 2020-2021-ci illər üzrə 1 kv.m-nin dəyəri aylıq icarə (kirayə) haqqı 3 manat, 2022-2023-cü illər üzrə isə 4 manat müəyyən edilmişdir. "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2023-cü il tarixli 138 nömrəli rəyindən müəyyən edilir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binasının aylıq icarə (kirayə) haqqı 1755,60 manat təşkil edir. Hazırkı mübahisə ilə əlaqəli olan məhkəmə qərarlarından müəyyən edilir ki:
1. Şəki Kommersiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, e-2-2(117)-377/2020 saylı qətnaməsi ilə İddiaçı ASC Cavabdeh ASC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyun 2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Yevlax şəhəri B.İmanov küçəsi 8A/1 ünvanında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan, ümumi sahəsi 292,60 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması iddiası təmin edilmişdir. -Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 4 mart tarixli, 2-2(107)-7/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə dəyişdirilmədən saxlanılmışdır -Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021ci il tarixli iş № 2-2(102)-282/2021 nömrəli qərarı ilə apelyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
2. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi "xxxx" ASC -nin mürciəti ilə ərizəçinin mülkiyyətində olan, Yevlax şəhəri B.İmanov küçəsi 8A/1 ünvanında 0,335 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292,60 kv.m olan qeyriyaşayış binasının otaqlarının bütün giriş-çıxış hissəsinin qarşısına hər hansı hasarın, tikilinin çəkilməsinin və mülkiyyət üzərində giriş-çıxışla əlaqədar istifadəni məhdudlaşdıran hər hansı bir maneələrin yaradılmasının cavabdeh "xxxx" ASC-yə qadağan edilməsi təmin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli MTT(107)-12/2022 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvəsində saxlanmışdır.
3. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,0335 kv.m olan daşınmaz əmlakının yerləşdiyi qeyriyaşayış binasının bütün giriş-çıxış hissələrinin qarşısının bir metrliyinə çəkilmiş 1,5 metr hündürlüyündə olan dəmir hasarın (tikilinin) sökülməsi, o cümlədən mülkiyyətdən istifadəyə yönələn qeyri-qanuni maneələrin aradan qaldırılması” barədə iddiası təmin edilmişdir. - Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-268/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldığından həmin qətnamə üzrə icra vərəqəsi verilmişdir. Qeyd edilən qətnamə xx.xx.2023-cü il tarixdə icra edilmiş, Yevax Rayon icra və probasiya şöbəsinin icra məmuru Elşad Cabbarovun xx.xx.2023-cü il tarixli qərarı ilə icra üzrə icraata xitam verilmişdir. Qeyd edilən icra sənədi məhkəməyə qaytarıldıqdan sonra tələbkar "xxxx" ASC-nin nümayəndəsi dəfələrlə şifahi olaraq, məhkəmə iclası dövründə iddiaçı-tələbkarın nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə rəsmi olaraq bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin qarşısına borclu tərəfindən yenidən hassar çəkildiyini bildirərək onun fəaliyyətinə yenidən maneə törədilmişdir. Ona görə də qeyd edlən qətnamənin yenidən icraya yönəldilməsini xahiş etmişdir. 4.Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(117)-268/2022 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi təkrar icra edilməsi üçün Yevlax Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi məlumata əsasən qeyd edilən qətnamə hazırkı vaxtda icra edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli icarə müqavilələrindən görünür ki, "xxxx" ASC tərəfindən mülkiyyətində olan Yevlax şəhəri, Fizuli küçəsi 10-da yerləşən qeyri-yaşayış binaları (25 kv.m) X2 və X7 (25 kv.m), X8 (24 kv.m), X11 (26 kv.m), X4 (26 kv.m), X5 (25 kv.m) ayda 50 manat icarə haqqı, X9 (30 kv.m), X10 (30 kv.m), X3 (32 kv.m) 60 manat icarə haqqı əvəzində icarəyə verilmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: DƏDRX-dən çıxarışlar, icarə müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İlk öncə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmışdır. Hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 4882,9 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ xx.xx.2014cü il tarixdə ünvan 4 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Lakin, qeyd edilən məhkəmə aktlarından göründüyü kimi, ilkin olaraq “ünvan 5 ünvanında 0,335 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292,60 kv.m olan qeyriyaşayış binası, cavabdeh tərəfindən zəbt edilmiş məhkəmə qərarı isə həmin sahəsinin cavabdeh tərəfindən boşaldılması barədə qərar qəbul edilmiş, həmin qərar yuxarı instasiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmış, sonradan cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin ətrafına hasar çəkmiş, giriş-çıxışı bağlamış, iddiaçı təkrar məhkəməyə müraciət etmiş, müvəqqəti təminat tədbiri barədə ərizə təmi üdilmiş, bundan sonra isə eyni iddia tələbi təmin edilmiş, qeyd edilən qətnamə icra edildikdən sonra təkrar cavabdeh tərəfindən həmin qeyri-yaşayış sahəsinə hasar çəkilmiş və nəticədə məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə icra vərəqəsi təkrar icraya yönəldilmiş və icra vərəqəsi müvafiq orqan tərəfindən hazırkı vəziyyətdə icra edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilən odur ki, iddiaçı ona məxsus həmin qeyriyaşayış sahəsindən təxminən 15 il müddətdən artıqdır ki, istifadə edə bilmir. Cavabdeh tərəfindən dəfələrlə maneələr törədilmiş, müvafiq məhkəmə instansiyalarında müvafiq iddia tələbləri təmin edilərək hüquqların pozuntusu aradan qaldırılmışdır. Cavabdeh hüquqi şəxsin yuxarıda sadalanan sübutlarla iddiaçıya ziyan vurulmasında və iddiaçının müəyyən gəlirdən məhrum ollmasında təqsiri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 71-ci maddəsinə əsasən: İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci bəndinə əsasən mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. 140-cı maddəsinin tələbləri baxımından çıxış etsək reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə işin faktiki hallarını iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ilkin iddia üzrə iddiaçıya cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyan vurulmuş və həmin qeyri-yaşayış obyektindən istifadə etməməsi nəticəsində əldə edə biləcəklərindən məhrum olmuşdur. Yəni, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Vurulmuş zərərin miqdarı ilə bağlı isə məhkəmə qeyd edir ki, iddiaçı tərəf məhkəmə iclaslarında çıxışları zamanı iddia tələbi üzrə tələb edilən 50 000 manat pulun həmin qeyriyaşayış sahəsinə mülkiyyət hüququ əldə etdikləri vaxtdan, yəni, xx.xx.2020-ci il tarixdən etibarən vurulan zərəri əhatə etdiyini bildirmişlər. Cavabdeh tərəfindən təqdim edilən, "xxxx" ASC tərəfindən mülkiyyətində olan Yevlax şəhəri, Fizuli küçəsi 10-da yerləşən qeyri-yaşayış binaları (25 kv.m) X2 və X7 (25 kv.m), X8 (24 kv.m), X11 (26 kv.m), X4 (26 kv.m), X5 (25 kv.m) ayda 50 manat icarə haqqı, X9 (30 kv.m), X10 (30 kv.m), X3 (32 kv.m) 60 manat icarə haqqı əvəzində icarəyə verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2023-cü il tarixli 138 nömrəli rəyindən müəyyən edilir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binasının aylıq icarə (kirayə) haqqı 1755,60 manat təşkil edir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ƏEM/S85-794/23 nömrəli rəyində qeyd edilmişdir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyriyaşayış binasının 2020-2021-ci illər üzrə 1 kv.m-nin dəyəri 3 manat, 2022-2023-cü illər üzrə isə 4 manat müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş icarə müqavilələrində həmin ərazidə icarəyə verilmiş qeyriyaşayış sahələrinin aylıq icarə haqqı məbləğlərindən müəyyən edir ki, aylıq icarə haqqı hər kvadrat metrə təxminən 2 manat həddində müəyyən edilir. Lakin mütəxəssis rəyində isə hər kvadrat metrə 2020-2021-ci illərdə 3 manat, 2022-2023-cü illərdə isə 4 manat müəyyən edilir. "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2023-cü il tarixli 138 nömrəli rəyindən müəyyən edilir ki, Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 292,6 kv.m qeyri-yaşayış binasının aylıq icarə (kirayə) haqqı 1755,60 manat təşkil edir. Bu da təxminən hər kvadrat metrin aylıq icarə haqqının 6 manat təşkil etdiyini göstərir. Məhkəmə bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2023-cü il tarixli 138 nömrəli rəyi hər hansı bir araşdırma aparılmadan, alternativ icarə qiymətləri ilə müqayisəli formada formalaşmış bazar qiymətlərinin yaranması vəziyyəti nəzərə alınmadan verildiyindən, həmçinin tərəflərin qanuni mənafelərinin təmin edilməsi baxımından məhkəmə tərəfindən sübut olaraq qəbul edilmir. Məhkəmə hesab edir ki, Əmlak Ekspert Mərkəzinin verdiyi mütəxəssis rəyi ətraflı araşdırma aprılmaqla, müvafiq obyektin təqdim edilmiş fotoları, ümumi sahədə yerləşmə yeri, ayrı-ayrı sahələrin bir-birindən divarlarla təcrid olunmaqla ayrılması, təhlükəsizlik və etibarlılıq baxımından digər xüsusiyyətlər nəzərə alınmaqla real bazar dəyəri qiymətləndirilməklə verilmişdir. Cavabdehin təqdim etdiyi icarə müqavilələrində isə mütəxəssis rəyində qeyd edilən xüsusatların nəzərə alındığı görünmür. İcarə müqavilələrindəki qiymət daha az məbləğdə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2023-cü il tarixli 138 nömrəli rəyində müəyyən edilən qiymət daha çox müəyyən edildiyindən məhkəmə həmin sübutları tərəflərin hüquq və qanuni maraqlarındakı tarazlığın təmin edilməsi baxımından qəbul etmir. Məhkəmə bu sahədə fəaliyyət göstərən Əmlak Ekspert Mərkəzinin verdiyi mütəxəssis rəyini ətraflı araşdırma aparmaqla verdiyindən həmin rəyi əsas götürür. Ona görə də "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd edilən məbləğlə üzrə hesablanmalıdır. Hazırki iddia tələbi üzrə iddiaçının mövqeyinə əsasən vurulan zərərin əhatə etdiyi dövr xx.xx.2020-ci ildən məhkəməyə müraciət edilən dövrə qədər vaxtı (xx.xx.2023) əhatə edir ki, həmin müddət 37 ay təşkil edir. Həmin müddətlər üzrə orta əmsal 3,5 manat (3+3+4+4)/4=3.5 manat) təşkil etdiyindən məhkəmə hesab edir ki, 292,6x3.5=1024,1 manat 1 aylıq zərərin məbləği kimi qiymətləndirilir. 37 aylıq müddət üçün isə vurulmuş zərər 37,891.7 (1024.1 manat x 37 ay) manat təşkil edəcəkdir. Odur ki, ilkin iddia üzrə iddiaçı tələbində həmin hissədə haqlıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə bildirir ki, bu iddia əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsində cavabdehin tələbi qanunsuz tikililərin sökülməsi, qanunsuz açılmış qapının bağlanması ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən hələ 2004-cü il tarixdən istifadə etmək hüququndan, dəfələrlə qeyri-yaşayış sahəsinin qarşısına dəmir hasarlar çəkməklə iddiaçını həmin sahəyə daxil olmaq imkanlarından cavabdeh məhrum etmişdir. Bu faktlar işdə olan məhkəmə qərarları ilə tam təsdiqini tapır. Belə vəziyyətdə iddiaçının nümayəndəsinin həmin qeyri-yaşayış sahəsində müvafiq yenidən qurma işlərini aparması, qanunsuz tikili inşa etməsi faktı əsassız olmaqla məntiqə uyğun deyildir. Cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddiaçının bildirdiyi dəlillərə münasibətdə qeyd edilməlidir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Yevlax şəhəri, B.İmanov küçəsi, 8A/1 ünvanında yerləşən 0,0335 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadə hüququ ilə, 292,6 kv.m qeyri-yaşayış binası tam mülkiyyət hüququ İddiaçı ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda, Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0,5378 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla –istifadə hüququ ilə onun üzərində yerləşən 4882,9 kv.mqeyri yaşayış sahəsi tam mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə Yevlax-Mərkəzi Bazar” ASC-nin adına qeydiyyata alınmışdır. Göründüyü kimi, hər iki hüquq şəxsin istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi mülkiyyətlərində olan qeyri-yaşayış sahələrinin həcmindən böyükdür. Bu da eyni zamanda, həmin sahələrə daxil olarkən qeyd edilən torpaq sahələrindən istifadə etmək hüququnun mövcudluğunu və bununla bağlı qeyd edilən şəxslərin bir-birinin torpaq sahələrindən istifadəsinə iman yaratmaq vəzifələrinin mövcudluğunu bir daha təsdiq etmiş olur. Məhkəmə ilk və qarşılıqlı iddia tələblərini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Məhkəmə yekunda qeyd edir ki, yuxarıda qeyd edilən normalar mülki proses tərəflərinin iştirak etdiyi mübahisəyə ədalətlə, qərəzsiz və obyektiv baxmalı, məhkəmə qərarı tərəfin üzərinə əsassız olaraq öhdəlik qoyma məqsədi və ya onun ədalətsiz olaraq maliyyə yükü ilə yükləmək məqsədi daşımamalıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Hazırkı mübahisə üzrə ilkin iddia üzrə iddiaçı hüquqlarının pozulduğunu sübut etmiş, qarşılıqlı iddia üzrə iddiaçı isə öz tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia 37891,7 manat hissədə təmin edilməli, qarşılıqlı iddianın isə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməli dövlət rüsumu 240 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən, həmin məbləğin 181,88 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Odur ki, Əmlakın qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 50 manatı İddiaçı ASC-dən və 150 manatı Cavabdeh ASC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də bank hesabına (h/h – AZ30GUNA4006 **********000000, m/h – AZ25NABZ013501 **********7944, kod – 505594, swift – GUNAAZ22) ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən 151,57 manat məbləğində mediasiya xərci həmin mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilməli dövlət rüsumu və digər xərclər iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh ASC-dən 37891,7 (otuz yeddi min səkkiz yüz doxsan bir manat yetmiş qəpik) manat pul, 150 manat vəkil xidmətlərinə görə ödənilən pul, 151,57 manat mediasiya xərci və 181,88 manat dövlət rüsumu tutularaq ilkin iddia üzrə İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı ASC-yə qarşı “ilkin iddianın rədd edilməsi, tikilinin əvvəlki vəziyyətə gətirilməsi, ünvan 1 ünvanda yerləşən 292.60 kv.m qeyri-yaşayış sahəsində xx.xx.2020-ci il tarixli texniki pasportda göstərilməyən və sonradan açılan qapıların bağlanması, həmin qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətə, yəni texniki pasportda göstərilən vəziyyətə qaytarılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Əmlakın qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pulun 50 manatı İddiaçı ASC-dən və 150 manatı Cavabdeh ASC-dən tutularaq "xxxx" MMC-nin bank hesabına (VÖEN **********, hesan n AZN AZ68İBAZ********************5, Bank: ABB ASC, VÖEN **********, m/h AZ03NABZ********************, kod –805711, swift – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov