Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-801/2024 01.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı (3cü şəxslər: , X3)“cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** saylı krеdit razılaşması üzrə 12814.72 manat məbləğində krеdit bоrcu, 2259.51 manat məbləğində faiz bоrcu və 1268.93 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 16343 (on altı min üç yüz qırx üç) manat 16 (on altı) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 139.03 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.12 ha torpaq sahəsi (torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları) və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi və yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 16343 (on altı min üç yüz qırx üç) manat 16 (on altı) qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 139.03 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi, müştərək qaydada tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 019L**********80 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə illik faiz dərəcəsinin yuxarı həddi 28 % olmaqla 150000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 019S**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Uzunmüddətli kredit xətti müqaviləsi üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2021-ci il tarixli, 019M**********1 nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixdə X3, Elkhan Aliyev və Əliyev X1 Pakizə Akif qızının xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinin iddiaçıdan götürülən kretin təminatı kimi ipoteka ilə yüklü etiraz etmədiklərinə dair notarial qaydada ərizələr vermişlər. Uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 019R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh2 36 ay müddətinə aylıq faiz dərəcəsi 1% olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun hissə-hissə qaytarmaq şərtilə fərdi mikro kredit məqədilə 25000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən 12814.72 manat məbləğində krеdit bоrcu qalmış, cavabdeh həmin borca 2259.51 manat məbləğində faiz bоrcu və 1268.93 manat məbləğində cərimə borcu hesablamışdır. Borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən kredit müqaviləsi üzrə ödənilməmiş borc qalmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları ilə cavabdehlərə müraciət etmiş və müraciətində xx.xx.2024-cü il tarixə 12814.72 manat məbləğində krеdit bоrcu, 2067,29 manat məbləğində faiz bоrcu və 1268.93 manat məbləğində cərimə borcunun olduğunu bildirmiş, borcun ödənilməsini və kredit müqaviləsinin ləğv edilməsini təklif etmişdir. Əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və banka olan borcun tutulmasına dair məhkəməyə müraciət olunacağı bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir və həmin əmlaklar İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 019L**********80 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 75000 manat təçkil edir. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, 2021-ci ilin yanvar ayında bankdan 25000 manat kredit götürmüş, aylıq ödəniş 931 manat olmuş, özü, yoldaşı və oğlu 20 ay ərzində krediti vaxtında ödəmişlər. Onların təxminən 12000 manat ətrafında borcları vardır. Lakin sonradan ödəniş edə bilməmişlər. Üçüncü şəxs məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həyat yoldaşının izahatı ilə razıdır. Bankla razılaşmaq istədikdə onlar bir dəfəyə 4000-5000 manat arası pul istədilər ki, ödənişi etdikdən sonra işi məhkəmədən geri götürə bilərlər. Onların da o qədər pulu ödəmək imkanları yoxdur. İddiaçıya, Cavabdeh1 və üçüncü şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Uzunmüddətli kredit müqaviləsi, Kredit razılaşması, Zaminlik müqaviləsi, İpoteka müqaviləsi, Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, Xəbərdarlıq məktubu, Maliyyə arayışı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit razılaşması üzrə 12814.72 manat əsas borcun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən borcalan Cavabdeh2 qarşısında kredit razılşamasından irəli gələn öhdəliyini yerinə yetirsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 12814.72 manat əsas borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan 12814.72 manat əsas borc cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Məhkəmə tələbin 2259.51 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixə olan xəbərdarlıq məktubundan göründüyü kimi müraciətdə xx.xx.2024-cü il tarixə 12814.72 manat məbləğində krеdit bоrcu, 2067,29 manat məbləğində faiz bоrcu və 1268.93 manat məbləğində cərimə borcunun olduğunu bildirilmiş, xx.xx.2024-cü il tarixə ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsini qarşı tərəfə təklif etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, uzunmüddətli kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 019R********** nömrəli kredit razılaşmasına əsasən Cavabdeh2 36 ay müddətinə 25000 manat kredit verilmiş və müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Müqavilə müddəti bitdikdən sonra faiz hesablamaqda iddiaçı haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi müqavilə müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir ki, müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Müqavilə müddətinin bitmə tarixinə, faiz borcunun məbləği 2067,29 manat təşkil etmişdir. Bu səbəbdən məhkəmə həmin məbləği əsas götürüb hesab edir ki, cavabdehlərdən 2067,29 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, həmin tarixdən sonra müqaviləyə istinadən hesablanmaış faiz borcuna münasibətdə isə iddia rədd edilməlidir. Məhkəmə 1268.93 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən tələb olunduğu kimi 1268.93 manat deyil, əsas borcun 5 faizi həddində 600 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh2 xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.12 ha torpaq sahəsi (torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları) və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh2, Cavabdeh1 ümumi, müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə, yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə İcra Haqqında və İpoteka haqqında Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 500 manat pul cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 139.03 manat olmalıdır. İddia qismən təmin edildiyindən 139.03 manat dövlət rüsumunun 7.33 manat hissəsi iddiaçıdan, 131.70 manat hissəsi cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 139.03 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və ödədiyi həmin dövlət rüsumunu tələb etdiyindən 139.03 manat dövlət rüsumundan iddiaçının ödəməli olduğu 7.33 manat rüsum çıxılmaqla qalan 131.70 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada 12814.72 manat əsas bоrc, 2067.29 manat faiz borcu, 600 manat cərimə borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı, 131.70 manat dövlət rüsumu tutularaq idddiaçı İddiaçı QSC-yə ödənilsin. Borc məbləği Cavabdeh2 xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Zaqatala rayonu, Yuxarı Tala kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 121.2 kv.m olan fərdi yaşayış evinin likvid dəyəri 75000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 500 manat pul cavabdehlər Cavabdehlər Cavabdeh2, Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (VÖEN: **********, Hesab Nömrəsi AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, m/h – AZ035NABZ********************, kod – 805711, SWİFT – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-801/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-801/2024
01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver