Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-801/2025 30.07.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 1314,12 manat əsas borc və 33.53 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1347,65 manat pulun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “cavabdehdən 1314,12 manat borc, 38 manat dəbbə pulu və 33.53 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1385,65 manat pulun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 1314,12 manat əsas borc və 33.53 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1347,65 manat pulun tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, borclu tələbkara cəmi 1314,12 manat borcunun olduğunu etiraf etmiş, 1.2-ci maddəsinə əsasən borclu borc məbləğini xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 65,70 manat məbləğində olmaqla, xx.xx.2024-ci il tarixinə qədər hissə-hissə tələbkara ödəməyi öhdəsinə götürmüş, lakin həmin vaxtdan bəri cavabdeh tərəfindən hər hansı bir ödəniş edilməmişdir. Odur ki, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli AC-AAB/17-11-23/SN nömrəli mövcud borcun etirafı haqqında müqavilənin: 1.1. Borclu tələbkara cəmi 1314.12 manat borcunun olduğunu etiraf edir. 1.2. Borclu borc məbləğini 17 noyabr 2024-cü il tarixinə qədər 1314.12 manatı hissəhissə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 65.70 manat məbləğində olmaqla, tələbkara ödəməyi öhdəsinə götürür. 1.3. Borclu öhdəlik kimi öz üzərinə götürür ki, bu müqavilə təsdiqləndiyi gündən başlayaraq xx.xx.2024-cü il tarixinə qədər 1314.12 manat borcunu Cəmiyyətin xəzinəsinə mədaxil edəcəkdir. 1.4. Bu müqavilə xx.xx.2024-cü il tarixinədək qüvvədədir. İşdə olan Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh 1314.12 manat borcunun olduğunu etiraf etmiş və İddiaçı ASC-dən ona möhlət verilməsini xahiş etmişdir. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli borc məbləğinin müəyyən edilməsi haqqında aktda cavabdehin 1314.12 manat borcu olduğu müəyyən edilmiş və həmin akt iddiaçının nümayəndələri və cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, nəzərdə tutulan müqaviləyə əsasən cavabdehin 1352.12 manat borcu var. xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək qeyd olunan məbləğ borclu Cavabdeh tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada poçt vasitəsilə cavabdehin ünvanı üzrə göndərilsə də, “Bakı şəhərində yaşayır” qeydi ilə geri qaytarılmış, bundan sonra həmin sənədlər cavabdehə və ya onun ailə üzvlərinə çatdırılması üçün rəsmi qaydada elektron poçt vasitəsilə Zərdab Rayon İcra Hakimiyyətinə göndərilmiş, buna baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, maliyyə arayışı, akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023cü il tarixdə AC-AAB/17-11-23/SN nömrəli mövcud borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə borclu tələbkara cəmi 1314.12 manat borcunun olduğunu etiraf etmiş və həmin borcu xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 65.70 manat məbləğində olmaqla, 17 noyabr 2024-cü il tarixinə qədər hissə-hissə tələbkara ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ərizədən, eyni tarixli borc məbləğinin müəyyən edilməsi haqqında aktdan və maliyyə arayışından görünür ki, nəzərdə tutulan müqaviləyə əsasən cavabdehin həmin tarixə 1314.12 manat əsas borcu mövcud olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən ödənilməmiş 1314.12 manat əsas borcu yaranmışdır ki, iddiaçı nəzərdə tutulan borcun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdeh tərəf sadələşdirilmiş icraat çərçivəsində iddia tələbinə hər hansı münasibət və ya etiraz bildirməmiş, borcun əsaslı və ya əsassız olması ilə bağlı hər hansı arqument irəli sürməmişdir. Məhkəmə bu səbəbdən iddiaçının təqdim etdiyi sübutlar əsasında mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən və iddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumu 33.15 manat təşkil etdiyindən, həmin rüsum iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və cavabdehdən tələb edildiyindən 33.15 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1314,12 manat əsas borc və 33.15 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov