Məhkəmə qərarları › İş №e-2-2(117)-804/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-804/2025

07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-804/2025 07.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, İddiaçı ASC-nin (LPO) nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO) Cavabdeh qarşı “4444.49 ABŞ dolları əsas, 161.16 ABŞ dolları faiz, 4175.06 ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 608.22 ABŞ dolları faiz borcu və 137.89 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC (LPO) Cavabdeh qarşı “4444.49 ABŞ dolları əsas, 161.16 ABŞ dolları faiz, 4175.06 ABŞ dolları cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 608.22 ABŞ dolları faiz borcu və 137.89 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması və cari xərc məqsədilə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 7640 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa xx.xx.2017-ci il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsinə 2 nömrəli əlavə sazişin 2.2-ci bəndinə əsasən kreditin müddəti uzadılaraq xx.xx.2022-ci il təyin edilmişdir. Kredit müqaviləsi üzrə kreditorun borclana verdiyi kreditin qalıq məbləği 10870,65 ABŞ dolları (6704.64 USD əsas borc, 3227.92 USD faiz borcu, 938.09 USD cərimə borcu) təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən Əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. İş materialları kimi əlavə edilmiş sonuncu ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 60 ay ərzində birinci ay 134.46 ABŞ dolları, digər aylarda 135.95 ABŞ dolları, sonuncu ay isə 135.68 ABŞ dolları olmaqla ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 4444.49 ABŞ dolları əsas, 161.16 ABŞ dolları faiz, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 4175.06 ABŞ dolları cərimə borcu və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 608.22 ABŞ dolları faiz borcu mövcuddur. Əmanətlərin Sığortalanması Fondunun (ləğv prosesində olan Dəmirbank ASC-nin ləğvedicisi) Şəki Kommersiya Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 12-5/2- 11653/2025 nömrəli məktubda bildirilmişdir ki, qeyd edilən iş üzrə “Problemli kreditlərin kompensasiyası”na dair portaldan çıxarış məhkəməyə təqdim edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Problemli kreditlərin kompensasiyası”na dair portaldan çıxarışdan cəmi hesablanmış kompensasiya məbləği və vətəndaşa çatan hissənin 5602.55 manat təşkil etdiyi, lakin borcların ödənilməsinə yönəldilən hissənin 0 olduğu görünür. Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh ayrılmış 5.602,55 manat məbləğində kompensasiya Azərpoçt MMC vasitəsilə sonuncuya ödənilmişdir. Əlavə olaraq sözügedən fərmanın 6.16-cı bəndinə əsasən “Fiziki şəxslərin 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə əsas məbləğlərinin və (və ya) faiz borclarının ödənilməsi 2019-cu il 1 mart tarixinə 360 gündən çox gecikdirilmiş borclara” aid edilməsidir. Bu səbəbdən qanunla müəyyən edilən qaydada restrukturizasiya əməliyyatlarının aparılması mümkün deyildir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/3983 nömrəli ekspert rəyi ilə xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavə saziş (restruktruizasiyaya dair) üzrə cavabdehin kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə (eyni zamanda məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixə) borcu əsas borc üzrə 3724.64 ABŞ dolları, faiz borcu üzrə 910.47 ABŞ dolları, məhkəməyə müraciət edildiyi xx.xx.2025-ci il tarixə AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanan borcu isə 557.14 ABŞ dolları müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli 2 nömrəli restruktruizasiyaya dair Əlavə saziş üzrə cavabdeh tərəfindən ödənilməli gecikdirilmiş borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 8-ci bəndi (həmçinin, 8.6 vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci ilin yanvarın 1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar) üzrə gecikdirilmiş borc kimi həmin fərmanın təsir dairəsinə düşmüş, lakin kompensasiya məbləğinin cavabdehə ödənilməsi ilə bağlı hesabdan çıxarış məlumatlarında məlumat mövcud deyil. Əmanətlərin Sığortalanması Fondu xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, qeyd edilən kredit müqaviləsi AR Prezidentinin xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüş, hesablanmış kompensasiya məbləği (5602,55 manat) "xxxx" MMC vasitəsilə cavabdehin birbaşa öz sərəncamına verilmişdir. Belə ki, müvafiq fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərman əsasında qəbul edilmiş AR Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.5-ci bəndində qeyd edilir ki, ödəniş müddəti keçmiş əsas kredit borcu - fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu ilin martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclardır. Cavabdehin əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 10 gündən az (0 gün) olduğundan kompensasiya məbləği birbaşa onun sərəncamına verilmişdir. Həmçinin, cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 645 manat məbləğində ödəniş etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ekspert rəyinə etiraz edirlər, çünki ekspert rəyində cavabdehdən tələb edilməli olan bütün məbləğlər azaldılaraq göstərilmişdir. İddia ərizəsində göstərdikləri məbləğlər cavabdeh tərəfindən ödənilməli olan borclardır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının nümayəndəsinin ekspert rəyinə etirazını qəbul etmirlər. Belə ki, iddiaçı tərəfindən əvvəlki məhkəmə iclaslarında ekspert rəyinə etiraz edilmiş və məhkəmə tərəfindən həmin etiraz rədd edilmişdir. Cavabdeh banka olan borcunu poçt vasitəsilə ödəmiş, lakin buna dair sənəd olmadığından məhkəməyə təqdim edə bilmirlər. İddia tələbini əsassız hesab edirlər və rədd edilməsini məhkəmədən xahiş edirlər. İşə aid sübutlar məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, saziş, maliyyə arayışı, ekspert rəyi, məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik 28 faiz dərəcəsi ilə 7640 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişə əsasən kredit müqaviləsinə restrukturizasiya edilmiş, kreditin qalıq məbləği 10870,65 ABŞ dolları (6704.64 USD əsas borc, 3227.92 USD faiz borcu, 938.09 USD cərimə borcu) və kreditin müddəti isə xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 3724.64 ABŞ dolları əsas borc, 161.16 ABŞ dolları faiz borcu, 111.74 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 557.14 ABŞ dolları faiz borcu, cəmi 4554,68 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) pulun tutulması hissəsində təmin edilməli, digər hissələrdə rədd edilməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, cavabdeh tərəfindən ödənilməli gecikdirilmiş borc məbləği “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müvafiq hissəsində, yəni fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi hissəsində həmin fərmanın təsir dairəsinə düşmüş, bundan sonra həmin fərmana əsasən cavabdehin borcu üzrə 5.602,55 manat məbləğində kompensasiya hesablanmış və həmin kompensasiya məbləği "xxxx" MMC vasitəsilə cavabdehin birbaşa öz sərəncamına verilmişdir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 1-ci bəndinə əsasən, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Həmin fərman əsasında qəbul edilmiş AR Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.5-ci bəndinə əsasən, ödəniş müddəti keçmiş əsas kredit borcu – fiziki şəxslərlə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun ödənilməsi 10 gündən çox gecikdirilmiş borclardır. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə kredit xarici valyutada ifadə olunduğundan yuxarıda qeyd edilən Fərmanın tələblərinə əsasən ABŞ dollarının manata olan dəyərinin yüksəlməsi ilə bağlı kredit götürən şəxsin ödənişləri üzrə müvafiq kompensasiya məbləği cavabdehə ödənilmişdir. Məhkəməyə təqdim edilmiş çıxarış məlumatlarından qeyd edilən səbəbə əsasən 5602,55 manat məbləğində kompensasiya məbləğinin "xxxx" MMC vasitəsilə cavabdehin birbaşa öz sərəncamına verildiyi müəyyən edilir. Həmçinin, cavabdeh tərəf də kompensasiya məbləğini aldığını qəbul etmiş, lakin həmin məbləği banka ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəticədə tərəflərin məhkəməyə təqdim etmiş olduğu sübutlarla, onların izahatları ilə kompensasiya məbləğinin cavabdehin sərəncamına verildiyi, cavabdeh tərəfindən isə həmin məbləğ vasitəsilə borcunun ödənişinin həyata keçirilməməsi müəyyən edilir. Bundan əlavə olaraq tərəflər arasında kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli müqavilənin bağlanması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş çıxarış məlumatlarından göründüyü kimi gecikdirilmə günlərinin sayına münasibətdə cavabdehin kredit üzrə borcu bu hissədə fərmanın təsir dairəsinə düşməmişdir. Bu səbəbdən qeyd edilən fərmanın güzəştli müqavilənin bağlanması, faiz və cərimə borcunun silinməsi ilə bağlı bəndləri hazırkı iş üzrə tətbiq edilmir. Belə ki, iddiaçı tərəfin tələbi və məhkəməyə təqdim etdiyi sübutlar ekspert rəyi ilə birlikdə təhlil edildikdə məhkəmə o qənaətə gəlir ki, kredit müqaviləsi üzrə cavabdehdən tələb edilən əsas borc və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu ekspert rəyinə uyğun olaraq tutulmalıdır. Bundan əalvə MM-in 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra iddiaçı borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Ona görə də müvafiq ekspertiza tədqiqatı nəticəsində vrilmiş ekspert rəyinə əsasən qeyd edilən məbləğ 557.14 ABŞ dolları təşkil edir. İddiaçı qeyd edilən qanunvericiliyin tələbinə görə qeyd edilən hissədə cavabdehdən tələbinin təmin edilməsini tələb etməkdə haqlıdır. İddia tələbi bu hissədə rəydə qeyd edilən məbləğlərdən artıq olsa da, iddiaçı sadəcə ekspert rəyində qeyd edilən məbləğlərin az olduğunu, təkrar ekspertizanın təyin edilməsini xahiş etsə də, bununla bağlı halları əsaslandırmadığından və qeyd edilən vəssaitin daha çox tələb etmələrini əsaslandıran hallarıla bağlı arqumentlərini təqdim etmədiyindən vəsatəti təmin edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən hissədə ekspert rəyi əsas sübut olaraq götürülməlidir. İddia tələbinin cavabdehdən 161.16 ABŞ dolları faiz borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə tam təmin edilməlidir. Eyni zamanda, qeyd edilən faiz borcu kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün hesablanmış adi kredit müqaviləsi üzrə faiz borcu olduğunu qəbul edir. Həmin məbləğin əksini sübut edən hər hansısa dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin “4175.06 ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə 2 nömrəli əlavə sazişin 1.3-cü bəndinə əsasən, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tələb edilən əsas borca münasibətdə 3% məbləğində hesablanmaqla 111.74 ABŞ dolları cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Cavabdeh 3724.64 ABŞ dolları əsas borc, 161.16 ABŞ dolları faiz borcu, 111.74 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 557.14 ABŞ dolları faiz borcu, cəmi 4554,68 ABŞ dolları ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddia tələbinə uyğun olaraq ödənilməli olan 137.89 manat (iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş) dövlət rüsumunun 66.89 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 71 manat hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3724.64 ABŞ dolları əsas borc, 161.16 ABŞ dolları faiz borcu, 111.74 ABŞ dolları cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 557.14 ABŞ dolları faiz borcu, cəmi 4554,68 ABŞ dolları ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə və 66.89 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (LPO) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar