Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-805/2025 11.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı “təbii qazdan istifadəyə görə yaranmış **********00087 nömrəli abonent kodu üzrə 114170,35 manat, **********00088 nömrəli abonent kodu üzrə 1578.27 manat olmaqla, ümumilikdə 115748,62 manat borcun və 405.75 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X3 qarşı “təbii qazdan istifadəyə görə yaranmış **********00087 nömrəli abonent kodu üzrə 114170,35 manat, **********00088 nömrəli abonent kodu üzrə 1578.27 manat olmaqla, ümumilikdə 115748,62 manat borcun və 405.75 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı (bundan sonra mətndə-İddiaçı) ilə X5 (bundan sonra mətndə-cavabdeh) arasında xx.xx.2023-cü il tarixdə AMX-5245/23 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini tam ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən qazdan istifadəyə görə yaranmış **********00087 nömrəli abonent kodu üzrə 114170,35 manat, **********00088 nömrəli abonent kodu üzrə 1578.27 manat borcun və ödənilmiş 405.75 manat məhkəmə xərcinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli AMX-5245/23 saylı müqaviləyə əsasən cavabdehə məxsus Salyan rayonu, Qarabağlı kəndində yerləşən **********00087 nömrəli və **********00087 nömrəli abonent kodu ilə qeydə alınmış istixanalar təbii qazla təmin edilmişdir. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq qeyd olunan istixanalarda istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və İddiaçınə xx.xx.2025-ci il tarixə **********00087 saylı abonent kodu üzrə 114170,35 manat, **********00088 nömrəli abonent kodu üzrə 1578,27 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən istixanalarda istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi borcun yaranmasına səbəb olmuşdur. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunmasına, xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Abonentin saldosu”-dan görünür ki, X2 (abonent kodu **********00087) 05.2025-ci il tarixinədək 114 170,35 manat borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Abonentin saldosu”-dan görünür ki, X2 (abonent kodu **********00088) 05.2025-ci il tarixinədək 1578,27 manat borcu mövcuddur. Eyni zamanda həmin saldodan göründüyü kimi 2023-cü il aprel tarixində cavabdehə akt əsasında 1620 manat borc hesablanaraq abonent koduna vurulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, X3 məxsus Elester G4 markalı, 10577787 nömrəli sayğacın çıxış plastmas borusu deşildiyi üçün sayğac çıxarılaraq növbədənkənar yoxlamaya göndərilmişdir. AR Dövlət Neft şirkətinin İddiaçı xx.xx.2023-cü il tarixli MS-14-2-2/3-5-2164 nömrəli aktından göründüyü kimi xx.xx.2023-cü il tarixdə sayğaca Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, xətaların normaya uyğun olmadığı, sayğacın minimal sərfiyyatda – 100% nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktda və onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, “sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MS-14-2-2/3-5-2164 №-li aktına əsasən G-4 markalı 10577787 №-li sayğac minimal sərfiyyatda – 100% nisbi xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilib”. Tələbnamə ilə itirilmiş qazın həcmi 6480 m3 hesablanmışdır. X4 aktı imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli KY231920568 nömrəli çıxarışdan göründüyü kimi, X3 məxsus sahibkarlıq subyektinə yoxlama müddəti xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək və plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas isə “sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iştirak edə bilməyəcəyini, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, abonentin saldoları, aktlar, tələbnamə, çıxarş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının cavabdehdən tələb etdiyi **********00087 nömrəli abonent kodu üzrə 114170,35 manat məbləğ istifadə edilmiş təbii qazın dəyəri olduğundan iddia tələbi bu hissədə təmin edilməli, qalan hissədə isə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, tərəflər arasında təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2023-cü il tarixdə AMX-5245/23 nömrəli müqavilə bağlanmış və abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə **********00087 nömrəli abonent kodu üzrə 114170,35 manat debitor borc yaranmış və yaranmış borc ödənilməmişdir. Belə ki, qeyd edilən borc X3 məxsus abonent saldosu ilə də (abonent kodu **********00087) öz təsdiqini tapır. Eyni zamanda cavabdeh qeyd edilən borcu mübahisələndirməyindən, etirazını və qeyd edilən borcun əksini sübut edən hər hansısa dəlili məhkəməyə təqdim etmədiyindən məhkəmə əlavə araşdırma aparmamışdır. Bundan başqa məhkəmə, **********00088 nömrəli abonent kodu üzrə 1578.27 manat borcun tələb edilməsinə münasibətdə qeyd edir ki, sahibkarlıq subyektində aparılan yoxlama qanunsuz olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, iddiaçı tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd edilən qanunvericiliyin tələbinə görə iddiaçının apardığı yoxlama və ya baxış elektrik sayğacına olan aylıq baxış olmamaqla müvafiq qanunvericiliyin təsir dairəsinə düşür və həmin orqanının hərəkətlərinin qanuniliyi qeyd edilən normalara uyğun fəaliyyət nəticəsində mümkün ola bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-ci il yanvarın 1-dək dayandırılır. 2.1-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İlkin olaraq cavabdehin abonent hesabına baxıldıqda aydın olur ki, 2023-cü il aprel tarixində cavabdehə akt əsasında 1620 manat borc hesablanmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli akta əsasən, cavabdeh X3 məxsus Elester G4 markalı, 10577787 nömrəli sayğac çıxış plastmas borusu deşildiyi üçün növbədənkənar yoxlamaya göndərilmiş, xx.xx.2023cü il tarixli MS-14-2-2/3-5-2164 nömrəli akta əsasən Metrologiya Departamenti tərəfindən sayğaca kənar müdaxilə olduğu müəyyən edilmiş və xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, bundan sonra xx.xx.2023-cü il tarixili tələbnamə, eyni zamanda abonent saldosundan görünür ki, həmin sənədlər əsasında dəymiş ziyanla bağlı qaz sərfiyyatının həcmi 6480 m3 müəyyən edilmiş və iddiaçıya bu əsasla 1620 manat cərimə hesablanmışdır Yuxarıda qeyd edilən Qanunun tələblərindən də göründüyü ki, həmin Qanunun 2.1-ci maddəsinin tələbinə görə həmin orqan cavabdehə münasibətdə yalnız “sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar” apara bilər. Lakin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli KY231920568 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi yoxlama müddəti aktın tərtib edildiyi tarixlə üst-üstə düşmür. Göründüyü kimi iddiaçı tərəfindən yoxlama vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır ki, yuxarıda qeyd edilən qanunun tələbindən də göründüyü kimi bu halda yoxlamanın hüquqi nəticəsi yoxdur. Bundan əlavə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən (25 fevral 2022-ci il tarixli 486-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilib) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təbii qazdan istifadəyə görə yaranmış **********00087 nömrəli abonent kodu üzrə 114170,35 manat borcun iddiaçının xeyrinə cavabdehdən tutulması hissəsində təmin edilməli, sahibkarlıq subyektində aparılmış yoxlama qanunvericiliyin tələbinə riayət edilməməklə qanunsuz aparıldığından **********00088 nömrəli abonent kodu üzrə 1578.27 manat borcun tutulması hissəsində isə təmin edilməməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən və iddia qismən təmin olunduğundan bu hissəyə münasibətdə 400.22 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməli, digər hissədə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 təbii qazdan istifadəyə görə yaranmış **********00087 nömrəli abonent kodu üzrə 114170,35 manat borcun və 400.22 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov