Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-807/2021 11.11.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı “qeyriyaşayış yerinin subicarəsi haqqında müqaviləyə əsasən ödənilməmiş 1000 manat məbləğində icarə haqqının, gecikdirilən hər gün üçün hesablanmış 540 manat məbləğində dəbbə pulunun və mediasiya xidməti üçün ödənilmiş 60 manat məbləğində rüsum olmaqla, cəmi 1600 manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış 17.02.2021-ci il tarixli 37/İ nömrəli icarə müqaviləsinə əsasən icarədar "xxxx" MMC mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospekti 65 b ünvanında yerləşən 1700 m2 olan əsas və yardımçı sahəni avtomobillərə xidmət etmək üçün 01.03.2021-ci il tarixdən 01.03.2026-cı il tarixədək 5 il müddətinə İddiaçı MMC-nin icarəsinə vermişdir. Eyni zamanda icarə müqaviləsinə əlavə 1 nömrəli sazişin 1.1-ci bəndinə əsasən razılaşma imzalandığı andan icarəçi müqavilə üzrə icarəyə götürdüyü sahəsi subicarəyə, habelə birgə fəaliyyət haqqında müqavilələr və digər əsaslarla fiziki və hüquqi şəxslərə verə bilər. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.03.2021-ci il tarixli 05/2021 nömrəli qeyri-yaşayış sahəsinin subicarəsi haqqında müqaviləyə əsasən icarəyəverən İddiaçı MMC icarəsində olan Bakı şəhəri Nizami rayonu Babək prospekti 65 b ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 35,5 m2 hissəsini 31.12.2021-ci il tarixədək aylıq icarə haqqı 450 manat (ƏDV xaric) olmaqla Cavabdeh subicarəsinə vermişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən icarəçi 01.03.2021-ci il tarixdən başlayaraq hər ayın sonuna qədər gələn ay üçün icarə haqqını ödəyir və gecikdirilən hər gün üçün tam icarə məbləğin 1%-i qədər cərimə olunur. Cavabdeh mart ayı üzrə 450 manat, aprel ayı üzrə 450 manat (350+100), may ayı üzrə 400 manat, iyun ayı üzrə 400 manat ödəniş etmiş, iyul və avqust ayları üzrə ümumiyyətlə ödəniş etməmiş, nəticədə ödənilməmiş 1000 manat (50+50+450+450) borcu qalmışdır. İddiaçı həmin məbləğə 540 manat cərimə pulu (dəbbə pulu) hesablamışdır. 26.07.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehdən borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, mediasiya prosesinin tətbiqi barədə 13.09.2021-ci il tarixli təklif göndərilmiş, 28.09.2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Emil Cəfərov iştirak etməmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, icarəçi qeyd olunan müqavilə üzrə öhdəliyini düzgün yerinə yetirməmiş, 2021-ci ilin may ayı üçün 400, iyun ayı üçün 400 manat ödəmiş, iyul və avqust ayları üçün isə ödəniş etməmişdir. Nəticədə cavabdehin 1000 manat məbləğində borcu yaranmışdır. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün tam icarə məbləğinin 1 %-i həddində cərimə hesablanması nəzərdə tutulmuşdur. Cavabdehdən borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncuya ünvanı üzrə 14.10.2021-ci il tarixdə məhkəmə bildirişinin təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İcarə müqaviləsi, İcarə müqaviləsinə 1 saylı Əlavə, Subicarə müqaviləsi, Xəbərdarlıq məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə iddia tələbinin 1000 manat icarə haqqının ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verirsə, həmin üçüncü şəxsin istifadə zamanı baş vermiş təqsiri üçün, hətta icarəyə verənin ikinci əldən icarəyə razılıq verdiyi halda da məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddələr - 700.1, 700.2. 710.1. 710.3, 712.1.1, 712.2). Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 17.02.2021-ci il tarixli 37/İ nömrəli icarə müqaviləsinə əsasən icarədar "xxxx" MMC mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu Babək prospekti 65 b ünvanında yerləşən 1700 m2 olan əsas və yardımçı sahəni avtomobillərə xidmət etmək üçün 01.03.2021-ci il tarixdən 01.03.2026cı il tarixədək 5 il müddətinə İddiaçı MMC-nin icarəsinə vermiş, habelə tərəflər icarə müqaviləsinə əlavə 1 nömrəli sazişlə icarəçinin müqavilə üzrə icarəyə götürdüyü sahəsini subicarəyə, habelə birgə fəaliyyət haqqında müqavilələr və digər əsaslarla fiziki və hüquqi şəxslərə verməsi razılığa gəlmişlər. Qeyd olunan sazişə əsasən İddiaçı MMC 01.03.2021-ci il tarixli 05/2021 nömrəli qeyri-yaşayış sahəsinin subicarəsi haqqında müqaviləyə əsasən icarəsində olan qeyriyaşayış sahəsinin 35,5 m2 hissəsini 31.12.2021-ci il tarixədək aylıq icarə haqqı 450 manat (ƏDV xaric) olmaqla Cavabdeh subicarəsinə vermişdir. Cavabdeh müqaviləyə uyğun olaraq hər ay icarə haqqının dəyəri kimi 450 manat ödəməli olduğu halda, iş materiallarında olan ödəniş qəbzlərindən göründüyü kimi, mart ayı üzrə 450 manat, aprel ayı üzrə 450 manat (350+100), may ayı üzrə 400 manat, iyun ayı üzrə 400 manat ödəniş etmiş, iyul və avqust ayları üzrə isə ümumiyyətlə ödəniş etməmişdir. Belə olan halda cavabdehin may ayından 50 manat, iyun ayından 50 manat, iyul və avqust aylarından isə ayda 450 manat olmaqla 900 manat, cəmi 1000 manat ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin 540 dəbbə pulunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh icarə haqqını 2 ay yarımçıq şəkildə, 2 ay isə tam şəkildə ödəməmiş və iddiaçə tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən cərimə borcu hesablamışdır. Belə ki, tərəflər arasında bağlanmış subicarə müqaviləsinin 3.2-ci bəndinə əsasən icarəçi 01.03.2021-ci il tarixdən başlayaraq hər ayın sonuna qədər gələn ay üçün icarə haqqını ödəyir və gecikdirilən hər gün üçün tam icarə məbləğin 1%-i qədər cərimə olunur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə şərtlərinə uyğun cərimə ödəməli olsa da ondan tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən də məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərindən cıxış edərək hesab edir ki, əsas borca görə tənasübsüz yüksək olan dəbbə pulunun məbləği azaldılmalı və hər iki tərəfin mənafeyi nəzərə alınaraq cavabdehdən 540 manat deyil, 100 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (1000 manat + 540 manat) ödənilməli dövlət rüsumu 35,40 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 25,29 manat cavabdehdən, 10,11 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçıdan 10,11 manat dövlət rüsumunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı çəkilmiş 60 manat xərc cavabdehdən tutularaq ona ödəniləcəkdir, yəni qaytarılacaqdır. Belə olan halda iddiaçı da iddianın təmin edilməmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu ödəməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 25,29 manat dövlət büdcəsinə və iddiaçıdan 10,11 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edi ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 60 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 10,11 manat dövlət rüsumu çıxılmaqla 49,89 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 10,11 manat hissəsi isə cavabdehdən tərəfindən ödənilməli olan 25,29 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 35,40 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat məbləğində icarə haqqı, 100 manat məbləğində dəbbə pulu və 49,89 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh 35,40 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-807/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-807/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver