Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-808/2025 07.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə,İddiaçı ASC-nin cavabdеh X1 qarşı cavabdehdən xx.xx.2025-ci il tarixə 5000 manat əsas borc, xx.xx.2024-cü il tarixə 94,73 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər olan 130,56 manat faiz borcu olmaqla, cəmi 5225,29 manat və 73 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, girov müqaviləsinə əsasən yüklülük predmetinin iddiaçının sahibliyinə verilməsi, cavabdehə məxsus Yevlax rayonunun Nərimanabad kəndində yerləşən, 1 №-li akta əsasən 20 baş XBM (xırda buynuzlu mal qara) olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə bağlanmış ***-******* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X1 əsas vəsaitin alışı məqsədilə 12 ay müddətinə illik faiz dərəcəsi 22% olmaqla 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəli üzrə müəyyənləşdirilmiş qaydada kreditin qaytarılması şərtilə 5 000 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təminatı olaraq İddiaçı ASC ilə X1 arasında xx.xx.2023-cü il tarixdə 001/GM/112/5289264 nömrəli girov müqaviləsi bağlanmışdır. Həmin girov müqaviləsində göstərilmiş ünvan 1 ünvanında yerləşən X1 məxsus evdə, bu müqaviləyə əlavə olunmuş 1№-li akta əsasən XBM (1 nömrəli əlavəyə əsasən 20 XBM) pul öhdəliyinin icrasının təmin edilməsi üçün girovla yüklü edilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh X1 tərəfindən əsas borc üzrə 0 manat, faiz borcu üzrə 1008,36 manat ödəniş edilmiş, cavabdehin iddia qaldırılan tarixə əsas borc üzrə 5000 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 94.73 manat , MM-nin 445.7-ci maddəsinin tələbinə əsasən illik 5%-lə hesablanmış faiz borcu üzrə 130.56 manat borcu mövcuddur. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə banka əsas borcu 5000 manat, xx.xx.2024cü il tarixə faiz borcu üzrə 94,73 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 130,56 manat, cəmi 5225,29 manat məbləğində borcu yaranmışdır. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2024-cü il tarixdə cəmi 88,61 manat məbləğində ödənilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 139.2-ci, 139.3-cü, 205.1-ci, 205.2-ci, 274.2-ci, 279-cu, 281.1-ci, 385.1-ci, 423-cü, 442-ci, 443-cü, 445.2-ci, 445.7-ci, 449-cu, 739-745-ci, Daşınar əmlakın yüklülüyü haqqında AR Qanununun 3.1-ci, 13.1-ci, 13.1.2-ci, 15.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci, 157-162-ci maddələri göstərilmişdir. Cavabdeh X1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən 5000 manat krеdit bоrcu, 94,73 manat faiz bоrcu və MM-nin 445.7-ci maddəsinin tələbinə əsasən illik 5%-lə hesablanmış 130.56 manat faiz borcu qalmışdır. Cavabdeh X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, banka olan faiz borcunu tam ödəmiş, əsas borcu qalıb. Həmin borcu da ödəyəcək. Əsas borcunu hissəhissə ödəyə bilər. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, girov müqaviləsi, 1№-li Əlavə, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh X1 qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 5000 manat krеdit bоrcu, 94,73 manat faiz bоrcu qalmışdır. Qeyd edilən borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 130,56 manat faiz borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Gecikdirilmiş vaxt üçün illik beş faizlə faiz borcu hesablanarkən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən iddiaçı tərəfindən məhkəməyə müraciət edilən tarixə, yəni xx.xx.2025-ci il tarixədək olan 6 ay 24 gün dövr nəzərə alınmalıdır. Belə ki, adi hesablama aparıldıqda müəyyən olunduğu kimi qeyd edilən tarix aralığı üçün illik 5 %-lə hesablanmış faiz məbləği 5000* 5% = 250 manat – 1 il üçün, 250 / 12 = 20,83 manat – 1 ay üçün, 20.83 / 30 =0.6943 – 1 gün üçün faiz təşkil edir. Belə ki, illik 5%-lə hesablanmış faiz borcu 141.64 manat (20,83* 6 ay =124.98, 0.6943* 24 gün =16.66, 124.98 + 16.66 = 141.64 manat) təşkil edir. Göründüyü kimi iddiaçı da 130,56 manat tələb edir ki, məhkəmə həmin məbləğin cavabdehdən tutularaq ödənilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə iddia tələbinin “girov müqaviləsinə əsasən yüklülük predmetinin iddiaçının sahibliyinə verilməsi, cavabdehə məxsus Yevlax rayonunun Nərimanabad kəndində yerləşən, 1 №-li akta əsasən 20 baş XBM (xırda buynuzlu mal qara) olan daşınar əmlaka tutma yönəldilməsi, qeyd olunan girov obyketinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.1. yüklülük predmeti pul tələbidirsə (debitor borcdursa), pulun (debitor borcun) yüklülük sahibinə ödənilməsini tələb etmək; 13.1.2. yüklülük predmeti borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yüklülük verənlə yazılı razılaşma əsasında yüklülük predmetini öz sahibliyə götürmək və ya yüklülük predmetinin məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında onun sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət etmək; 13.1.3. yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; 13.1.4. yüklülük predmetini bu Qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətinə götürmək; 13.1.5. qanunvericiliklə müəyyən olunmuş digər hüquqi müdafiə vasitələrindən istifadə etmək. 16.1. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin girov predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış girov müqaviləsinin şərtlərinə, eyni zamanda “Daşınar əmlakın yüklülüyü haqqında” AR Qanununa əsasən, məhkəmə qeyd edir ki, girov predmeti hərracın təşkili məqsədi ilə iddiaçının sahibliyinə verilməli, cavabdehə məxsus Yevlax rayonunun Nərimanabad kəndində yerləşən, 1 №-li akta əsasən 20 baş XBM (xırda buynuzlu mal qara) olan daşınar əmlaka tutma yönəldilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalı, eyni zamanda satışdan əldə edilmiş vəsait cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməli və artıq qalmış vəsait cavabdehin özünə qaytarılmalıdır. Belə ki, “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 18.1 Yüklülük predmetinin satılmasından əldə olunan məbləğ yüklülük sahibi tərəfindən aşağıdakı qaydada bölüşdürülür: yüklülük predmetinin saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; bu Qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; yüklülük predmetini satan yüklülük sahibinin tələblərinin ödənilməsinə; bu Qanunun 3-cü fəslində müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 18.2-ci maddəsinə əsasən, yüklülük sahibi yüklülük predmetinin satılmasından 5 (beş) iş günü müddətində yüklülük verəni və borclunu yüklülük predmetinin satışından götürülmüş məbləğin bölüşdürülməsi barədə yazılı formada məlumatlandırmalıdır. 18.3-cü maddəsinə əsasən, bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra yüklülük predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi yüklülük predmetinin satılmasından 10 (on) iş günü müddətində yüklülük verənə qaytarılır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 72.26 manat olmalıdır. İddiaçı tərəfindən ödənilmiş 73 manat məbləğində rüsum cavabdehdən tələb edilsə də, 72.26 manat rüsum cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artqı ödənilmiş hissədə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X1 5000 manat əsas borc, 94,73 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində illik 5%-lə hesablanmış 130.56 manat faiz borcu olmaqla, cəmi 5225.29 manat borc və 72.26 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Girov müqaviləsinə əsasən yüklülük predmeti hərracın təşkili məqsədi ilə iddiaçının sahibliyinə verilsin, cavabdehə məxsus Yevlax rayonunun Nərimanabad kəndində yerləşən, 1 №-li akta əsasən 20 baş XBM (xırda buynuzlu mal qara) olan daşınar əmlaka tutma yönəldilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilsin və artıq qalmış vəsait cavabdehin özünə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov