Məhkəmə qərarları › İş №e-2-2(117)-81/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-81/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-81/2025 30.01.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı “17027.39 manat əsas borc, 2438.12 manat faiz borcu olmaqla cəmi 19465.51 manat borcun və ödənilmiş 148.4 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı “17027.39 manat əsas borc, 2438.12 manat faiz borcu olmaqla cəmi 19465.51 manat borcun və ödənilmiş 148.4 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli **********19012023 nömrəli Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə xx.xx.2023-cü il tarixdə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK0859780B121 saylı Əlavə razılaşma bağlanmışdır. Həmin Əlavənin şərtlərinə əsasən cavabdehə illik 23% faiz dərəcəsi ilə 24 ay müddətinə 31 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən bank müəyyən şərtlərlə krediti verməyi, borcalan isə müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq krediti, kreditə hesablanmış faizləri, komisyon haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətə və qaydada ödəməyi öhdəsinə götürür. Həmçinin 2.7-ci bəndinə əsasən kreditin qaytarılma müddətləri pozulduqda bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə gündəlik 0.5 faiz olmaqla cərimə faizi hesablanır və kredit alan tərəfindən bankın xeyrinə ödənilir. Əlavənin 2.16-cı bəndinə əsasən hazırkı Əlavə yazılı imzalandığı, yaxud elektron imza (Asan imza), OTP, Google Authenticator, video zəng və ya Bank tərəfindən nəzərdə tutulan əlavə texniki imkanlarla şəxsi imzanın digər analoqları vasitəsilə imzalandığı gündən qüvvəyə minir və Tərəflər öz öhdəliklərini tam icra edənədək, o cümlədən, məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hesablanmış faizlər, dəbbə pulu, maliyyə sanksiyası, tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır. Kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək hər ay 1623.57 manat, sonuncu ay yəni xx.xx.2025-ci il tarixdə isə 1637.92 manat olmaqla əsas və ona hesablanmış faiz borclarının ödənilməsini öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli ZM-KBMK0859780B121 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin (Cavabdeh1), borcalanın xx.xx.2023-cü il tarixli KBMK0859780B121 saylı Əlavə üzrə yaranmış kredit borcunun qaytarılması və digər borclarının ödənilməsi ilə bağlı öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 17027.39 manat məbləğində əsas borc, 2438.12 manat məbləğində faiz borcu mövcuddur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcları qalmışdır. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, tələb edilən məbləğlə razılaşmır. Belə ki, yoldaşı Cavabdeh1 telefonunda olan İddiaçı proqramında göründüyü kimi qalıq borcları 13258.53 manat təşkil edir. Lakin iddia ərizəsində məbləğ fərqli göstərilmişdir. Ola bilsin ki, sonuncu aylarda yoldaşının maaşından birbaşa tutulan məbləğ bank tərəfindən nəzərə alınmamışdır. 2024-cü ilin iyul ayında 2 dəfə yoldaşının kartından 1541.09 manat kredit ödənişi tutulmuşdur. Məhkəmədən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş ərizədə bildirilmişdir ki, müştəri tərəfindən qeyd edilən ödənişlərin hər biri nəzərə alınmış və bu hesabdan çıxarışda öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan göründüyü kimi xx.xx.2024-cü il tarixdə 1541.09 manat və xx.xx.2024-cü il tarixdə 1541.09 manat məbləğində kreditin avtomatik ödənilməsi həyata keçirilmiş və bu məbləğlər bank tərəfindən nəzərə alınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı, ödəniş qrafiki, vəsatət, çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli **********19012023 nömrəli Bank Xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə xx.xx.2023-cü il tarixdə Kreditləşmənin Xüsusi Şərtlərinə dair KBMK0859780B121 saylı Əlavə razılaşma bağlanmışdır. Həmin Əlavənin şərtlərinə əsasən cavabdehə illik 23% faiz dərəcəsi ilə 24 ay müddətinə 31 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən bank müəyyən şərtlərlə krediti verməyi, borcalan isə müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq krediti, kreditə hesablanmış faizləri, komisyon haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətə və qaydada ödəməyi öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 17027.39 manat məbləğində əsas borc, 2438.12 manat məbləğində faiz borcu mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirmiş buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəlik tam yerinə yetirilməmiş, nəticədə ödənilməmiş əsas və faiz borcları yaranmışdır. Cavabdeh2 vəsatətlə iddia tələbinə münasibətdə bildirmişdir ki, onun borcu iddia tələbində nəzərdə tutulan məbləğə münasibətdə azdır. Belə ki, İddiaçıın proqramında borc məbləğinin 13258.53 manat göründüyünü, 2024-cü ilin iyul ayında 2 dəfə yoldaşının kartından 1541.09 manat kredit ödənişi tutulduğunu, ola bilsin ki, bank tərəfindən bu məbləğin nəzərə alınmadığını qeyd etmiş, məhkəmədən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli çıxarışla Cavabdeh1 hesabından xx.xx.2024-cü il tarixdə 1541.09 manat və xx.xx.2024-cü il tarixdə 1541.09 manat məbləğində kreditin avtomatik ödənilməsinin nəzərə alındığı öz əksini tapır. Bundan başqa cavabdehlər tərəfindən borcun əsaslı olmaması ilə bağlı başqa hər hansısa sənəd və ya etiraz məhkəməyə təqdim edilməmiş, bu səbəbdən məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar cavabehlərin tələb edilən məbləğdə borcunun olduğunu təsdiqlədiyi üçün məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsinə ehtiyac qalamamışdır. Tələb edilən borc məbləği ilə bağlı əlavə hər hansı bir əks arqument olmadığından məhkəmə tərəfindən əlavə araşdırma aprılmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı 17027.39 manat məbləğində əsas borc, 2438.12 manat məbləğində faiz borcunun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli və cavabdehlərdən müştərək qaydada 17027.39 manat əsas borc, 2438.12 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçının ödədiyi 148.4 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17027.39 manat məbləğində əsas borc, 2438.12 manat məbləğində faiz borcu olmaqla, cəmi 19465.51 manat məbləğində borc və 148.4 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar