Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-815/2024 15.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdеhlərdən müştərək qaydada 3240,69 manat əsas bоrc, 563,70 manat faiz bоrcu, 202,89 manat cərimə borcu və ödənilmiş 60,07 manat məbləğində dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2031-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 035L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsi yuxarı həddi 28 faiz olmaqla 100000 manat məbləğində kredit xətti açılmışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında borcalanın 035L**********45 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 035S**********03 nömrəli və 035S**********02 nömrəli zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 035R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 % olmaqla müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun ödənilməmiş 3240,69 manat əsas bоrc, 563,70 manat faiz bоrcu qalmış və iddiaçı əsas borca 202,89 manat cərimə hesablamışdır. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları və xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada 3240,69 manat əsas bоrc, 563,70 manat faiz bоrcu, 202,89 manat cərimə borcu və ödənilmiş 60,07 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə Cavabdeh3 elektron kabinetinə yerləşdirilməsinə, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 və xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ünvanları üzrə çatdrılmasına baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: 035R********** nömrəli kredit razılaşması, Zaminlik müqavilələri, Xəbərdarlıq məktubu, Hesabdan çıxarış, Maliyyə arayışı, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 035R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 % olmaqla müəyyən olunmuş ödəniş planı üzrə qaytarmaq şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və onun ödənilməmiş 3240,69 manat əsas bоrc, 563,70 manat faiz bоrcu qalmışdır. Bu hal xx.xx.2024-cü il tarixə olan borca dair maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Bu səbəbdən 3240,69 manat əsas bоrc, 563,70 manat faiz bоrcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin 202,89 manat cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. Cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən əsas borc məbləğninin 5 %-i həddində hesablanmış 162 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından, zaminlik müqaviləsi qüvvədə olduğundan və cavabdeh kredit alan Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 3240,69 manat əsas bоrc, 563,70 manat faiz bоrcu və 162 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 60,07 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, yalnız cərimə məbləğinə münasibətdə məhkəmə qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək cəriməni azaltmışdır. Bu səbəbdən 60,07 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. İddiaçı tərəfindən 60,07 manat dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehlərdən tələb etmişdir. Bu səbəbdən 60,07 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1. Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3240,69 manat əsas bоrc, 563,70 manat faiz bоrcu, 162 manat cərimə borcu və 60,07 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-815/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-815/2024
15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver