Məhkəmə qərarları › İş №e-2-2(117)-819/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-819/2022

23.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-819/2022 23.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsinə xitam verilməsi, cavabdehin müqavilə şərtlərini pozması nəticəsində mağazada ona məxsus olan müxtəlif adda olan malların dəyəri, yəni 50008,30 manat, kreditə görə banka ödəyəcəyi 25966,50 manat və vergi borcu 742,47 manat olmaqla cəmi 76716,97 manat məbləğində dəymiş zərərin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 320,15 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 104,5 m2 obyekti 5 il müddətinə aylıq 50 manat icarə haqqı ödənilməsi şərtilə İddiaçı icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə 4 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınaraq adına ********** VÖEN açılmışdır, fəaliyyət obyekti icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən Güvən market olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək hadisə yeri köhnə bazar market 14, X adlı şəxsin ona məxsus mağazada kassanı sahiblənməsi və mübahisəli vəziyyət yaratması barədə məlumat vermiş, məlumat araşdırılaraq Ağsu rayon Polis şöbəsi tərəfindən İddiaçı, X2, Cavabdeh və X1 izahatlar alınmışdır. İddiaçı polis şöbəsinə verdiyi izahatında bildirmişdir ki, ünvan 3ndə köhnə bazar deyilən ərazidə Cavabdeh məxsus obyekt vardır. Həmin obyekti o 2019-cu ildən Cavabdehlə razılaşmaqla rəsmi qaydada aralarında icarə müqaviləsi bağlanmaqla icarəyə götürmüş və obyekti ərzaq mağazası kimi işlətməklə müqavilədən irəli gələn tələbləri yerinə yetirmişdir. xx.xx.2022-ci il tarixdə o, həmin ticarətdən ayrılmaq istədiyini səmimi olaraq Xlə söhbət edərək ona izah etmişdir. X isə ona bildirmişdir ki, marketdə qalan malı o götürəcək və pulunu da ödəyəcəkdir. Həmin tarixdə o mağazada olan bütün malları Xin oğlu Xın iştirakı ilə siyahıya alarkən onlara məlum olmuşdur ki, mağazada 50000 manat civarında mal vardır. Həmin günü siyahını Xin özünə Ağsu şəhəri Vidadi küçəsində təqdim etmişdir. xx.xx.2022-ci il tarixdən isə mağazanı Xin oğlu X idarəçiliyinə qəbul etmişdir. Razılaşmalarına əsasən Xin ona verməli olduğu 50000 manat pul borcunu daha sonra səmimi olaraq ondan istəsə də, o müxtəlif bəhanələr gətirməklə pulu verməmişdir. Hətta X ona məktub ünvanlayaraq onun Xə borcu olduğunu bildirmişdir. Xlə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ona məxsus Vidadi küçəsində yerləşən mağazanın yaxınlığında danışmış, bu zaman X bildirmişdir ki, onun heç bir məbləğdə borcu yoxdur. X2 polis şöbəsinə verdiyi izahatında bildirmişdir ki, ünvan 3ndə köhnə bazar deyilən ərazidə Cavabdeh məxsus obyekt vardır. Həmin obyektdə 2017-ci ildən satıcı kimi işləmişdir. 2019-cu ildə qardaşı İddiaçı Xlə razılşaraq həmin mağazanı icarəyə götürmüşdür. xx.xx.2022-ci il tarixdən qardaşı X Xlə görüşərək ona ticarətdən ayrılmaq istədiyini bildirmişdir. Həmin gün mağazada olan məhsullar onun və Xin oğlu Xın iştirakı ilə siyahıya alınmış, mağazanı X təhvil götürmüşdür. Qardaşına məxsus olan həmin 50000 manat malların dəyəri olan pulu verəcəyini bildirsə də, sonradan razılaşmanı pozaraq pulu verməkdən imtina etmişdir. Mağazada olan kassa aparatı qardaşı Xnın adına olduğu üçün X pulu qaytarmadıqda qardaşı ona demişdir ki, gedib mağazada kassa aparatına nəzarət etsin. O, həmin mağazaya gedib kassanı təhvil almaq istədikdə mağazada olan Xin oğlu X ona getməyini demişdir. Onunla məsələni aydınlaşdırmaq üçün söhbət etmək istədikdə X onu sözlə hədələmişdir. Cavabdeh polis şöbəsinə verdiyi izahatında bildirmişdir ki, ünvan 3 köhnə bazar deyilən ərazidə ona məxsus mağaza vardır. Həmin mağazanı o 2019-cu ildən Ağsu rayon sakini əvvəldən münasibəti olduğu İddiaçı ilə şifahi razılaşmaqla şərik olaraq həmin mağazanı işlətmişlər. Lakin sonradan mağazanın gəlirlərini yoxladıqda ona məlum olmuşdur ki, X ona gəlirləri düzgün deməmiş, ona yalan danışmışdır. Bundan sonra onlar ticarətdə birgə işləyə bilməyəcəklərini nəzərə alıb bununla bağlı birgə söhbət etmişlər. Ona məlum olmuşdur ki, Xnın mağazanın gizləşdilmiş gəlirlərindən 15000 manat borcu vardır. Bununla bağlı o X ilə söhbət zamanı onunla razılaşarkən Xnın ona olan borcunu istəməmişdir. Çünki aralarında əvvəlcədən bir birilə dostluq və hörmətləri olmuşdur. Xnın onun barəsində yazmış olduğu şikayətdə göstərilənlər şər və böhtandır, onun Xya 50000 manat pul borcu yoxdur. X3 polis şöbəsinə verdiyi izahatında bildirmişdir ki, ünvan 3ndə köhnə bazar deyilən ərazidə atası Cavabdeh məxsus mağaza vardır. Həmin mağazada da əvvəllər işləmiş İddiaçı atası ilə şərik olaraq mağazanı işlətmişlər. xx.xx.2022-ci il tarixdə X atası ilə danışaraq mağazanı təhvil verməyi razılaşdıqdan sonra atası X ona demişdir ki, o mağazaya getsin və mağazanı artıq o işlətsin. Həmin tarixdə o mağazada olan malları siyahıya almada iştirak etmişdir, orada olan malların dəyərini X çıxardıqdan sonra məhsulların dəyəri barədə atası ilə söhbət etmişlər. O bilməmişdir ki, orada nə qədər mal vardır. Bundan sonra yəni xx.xx.2022-ci il tarixdə o mağazada olarkən X gəlmişdir ki, kassada oturub, satışa nəzarət etsin. Bu zaman o Xa demişdir ki, artıq mağazanı onlar təhvil almışlar, onluq mağazada iş yoxdur, mağazanı tərk etsin. X da mağazadan çıxıb getmişdir. Bu zaman Xı heç bir sözlə hədələməmişdir, Xla heç bir düşmənçilik və ədavəti yoxdur. Ağsu rayon Polis şöbəsi tərəfindən aparılmış araşdırma nətcəsində göstərilən xüsusatların mülki xarakterli olması məlum olmuş və İddiaçı məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Eyni zamanda İddiaçı ünvan 1 ünvanında yerləşən Güvən market adlı təsərrüfat obyektinin icarədarı Cavabdeh Hacbaba oğlu tərəfindən icarə müqaviləsinin tələblərinin zidd təsərrüfat obyektindən çıxarılması ilə bağlı şikayət ərizəsi ilə Baş Prokurorluğa müraciət etmiş, müraciət araşdırılması üçün Ağsu Rayon Prokurorluğuna göndərilmiş, müraciətə prokurorluqda baxılmış və göstərilən xüsusatlar mülki xarakterli olduğundan İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 03 aprel 2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış və həmin icarə müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, sahəsi 104,5 kv.m olan obyekt (mağaza) onun tərəfindən 5 il müddətinə icarəyə götürülmüşdür. İcarə müqaviləsi bağlandığı vaxtdan, yəni 03 aprel 2019-cu il tarixdən həmin obyekt (mağaza) onun və işçisi tərəfindən idarə edilmişdir. Bir müddətdən sonra cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək onun mağazadan istifadə etməyinə maneçiliklər törədilməyə başlanılmışdır. 01 mart 2022-ci il tarixdən isə cavabdeh tərəfindən mağaza içərisindəki mallarla birgə mənimsənilmiş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində o mağazaya buraxılmamışdır. Dəfələrlə cavabdehlə müqavilə şərtlərinin yerinə yetirilməməsi, müqavilə şərtlərinin pozulması ilə bağlı mağazadan istifadə etməyinə şərait yaradılması barədə danışıqlar aparmış, tələb etmiş, lakin heç bir nəticəsi olmamışdır. Məcbur olub, cavabdehin qanunsuz hərəkətləri barədə polis, prokurorluq və vergi orqanlarına müraciət etmişdir, yenə heç bir nəticəsi olmamış, onu obyektə buraxmamışdır. Əksinə, cavabdeh tərəfindən hədə-qorxulara, təhqirlərə məruz qalmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində artıq onun mağazadan istifadə etməyi qeyri-mümkündür. Bu səbəbdən də onun tərəfindən icarə müqaviləsinə xitam verilməsi və mağazada ona məxsus olan 50008,30 manat dəyərində müxtəlif adda malların geri qaytarılması barədə cavabdehə təklif məktubu da göndərilmişdir. Lakin, heç bir nəticəsi olmamışdır. Bundan əlavə, cavabdehin müqavilə şərtlərini pozması nəticəsində ona maddi zərər dəymişdir. Belə ki, 01 mart 2022-ci il tarixə onun mağazada 50008,30 manat dəyərində müxtəlif adda malları olmuş və həmin mallar da cavabdeh tərəfindən mənimsənilmişdir. Bunu təsdiq edən ekspert rəyi də iddia ərizəsinə əlavə edilmişdir. Həmin mallar onun şəxsi vəsaiti ilə alınmışdır, lakin həmin mallar cavabdeh tərəfindən qanunsuz olaraq, mənimsənilmişdir. Odur ki, həmin malların dəyəri, yəni 50008,30 manat məbləğində pul cavabdehdən tutularaq ona verilməlidir. Bundan əlavə, o mağazanın işlədilməsi üçün sahibkarlıq məqsədilə "xxxx" ASC-dən 2022-ci ilin fevral ayında 24 ay müddətinə 25000 manat məbləğində kredit götürmüş və hər ay 1240 manat məbləğində ödəniş etməlidir. Kredit götürərkən hesab etmişdir ki, icarə müddəti ərzində mağazanı işlədərək həm qazanc əldə edəcəkdir, həm də krediti ödəyəcəkdir. Lakin, cavabdehin hərəkətləri nəticəsində o artıq gəlir yerindən məhrum olmuşdur və bankdan götürdüyü krediti qaytara bilmir. Odur ki, hesab edir ki, bundan sonra banka ödəyəcəyi 25966,50 manat (21x1236,50 manat) məbləğində pul cavabdehdən tutularaq ona verilməlidir. Bundan əlavə, cavabdehin hərəkətləri nəticəsində mağazanın işlədilməsinə görə ödənilməli olan verginin ödənilməsində də çətinlik yaranmışdır. Belə ki, vergi orqanında mağazanın qeydiyyatı onun adına olduğu üçün ödənilməli olan vergi və digər ödənişlər onun adına hesablanır. O mağazadan çıxdığı vaxtdan cavabdeh tərəfindən mağaza qanunsuz işlədilmiş və bu müddətdə də yaranmış vergi borcu onun adına yazılmışdır. 2022-ci ilin aprel ayının 20-nə 742,47 (360+18,17+289,43+74,87) manat məbləğində vergi borcunun olması barədə bildiriş gəlmişdir və hesab edir ki, həmin məbləğ də cavabdehdən tutularaq ona verilməlidir. Məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin mediasiyada həll edilməsi üçün müvafiq qaydada Mediasiya Şurasına müraciət edilmiş və onun tərəfindən mediasiya xərci olaraq 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçı elektron kabinet vasitəsilə iddia tələbinni dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsinə xitam verilməsi, cavabdehin müqavilə şərtlərini pozması nəticəsində mağazada ona məxsus olan müxtəlif adda olan malların dəyəri, yəni 50008,30 manat, kreditə görə banka ödəyəcəyi 25966,50 manat və vergi borcu 742,47 manat olmaqla cəmi 76716,97 manat məbləğində dəymiş zərərin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 320,15 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli protokol qərarı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmiş və işin məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. İddiaçı tərəfindən müxtəlif dövrləri əhatə edən xeyli miqdarda malların təhvil-təslim aktları və qəbzlər məhkəməyə təqdim edilsə də, işin məhkəmə araşdırması zamanı həmin təhvil-təslim aktlarındakı firmalara müvafiq sorğular göndərilmiş və məhkəməyə təqdim edilmiş cavab məktubları ilə müəyyən edilmişdir ki, xxxx MMC tərəfindən Güvən marketə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixli elektron qaimə faktura ilə ümumi dəyəri 209,10 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə faktura ilə ümumi dəyəri 19,09 manat olan mal satılmış, "xxxx" MMC isə Güvən marketlə ümumiyyətlə ticarət dövriyyəsinin olmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicisi olan iddiaçının 2021-ci ilin İV rübünü əhatə edən sadələşdirilmiş vergi bəyannaməsinə 1 nömrəli əlavə ilə müəyyən edilir ki, hesabat dövrünün əvvəlinə və sonuna vergi ödəyicisinin carı aktivləri (1.3.2 mallar) 24971 manat təşkil etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı Veyseloğlu və Şamfi firması ilə işləyib və sənədlər əsasında mal almışdır. İddiaçı cavabdehə məxsus obyekti 2019-cu ildə 5 il müddətinə icarəyə götürmüşdür. Həmin müddətdən xx.xx.2022-ci ilədək obyektdə icarəçi kimi işlətmiş, bu tarixdən cavadeh müxtəlif maneəçiliklər törətməyə başlamışdır. Buna görədə iddiaçı tərəf məcbur qalaraq obyekti cavabdehə təhvil vermişdir. Obyekt təhvil verilən zaman orada 50008 manat məbləğində müxtəlif adda mallar olmuşdur. Cavabdeh malları qaytaracağını bildirib, lakin onları qaytarmamışdır. Obyekt cavabdeh tərəfindən 2019-cu ilin aprel ayından iddiaçının adına qeydiyyata alınmışdır. Oradakı mallarla bağlı mütəxəssiz rəyi təqdim etmişlər. Həmçinin iddiaçı 2022-ci ilin fevral ayında işlədiyi obyektə güvənərək ticarət dövriyyəsinin həcminin artırılması məqsədilə Paşa Bankdan kredit götürmüşdür. Lakin cavabdehin hərəkətləri nəticəsində iddiaçı həmin krediti qaytara bilmir. Bundan əlavə iddiaçı obyektdən çıxdıqdan sonra ona 742,47 manat vergi borcu yazılıb. Şirkətin məhkəməyə təqdim etdiyi sənədi gördükdə şirkətlə əlaqə saxlamışdır ki, onlarda son 6 ayın 14 ədəd qaiməsi var. Şirkət onlardan qaimələri araşdırmaq üçün şirkətə göndərməyini istəmiş və onu oraya dəvət etmişər. O şirkətə getdikdə ona demişlər ki, qaimələr araşdırılmışdır, onlarındır. Sadəcə olaraq şirkətdə qeydiyyata alınmamışdır. Ola bilər ki, malları paylayan şəxslər ya onları aldadıb, yada ki, qeydiyyatını aparmayıblar. Ona görədə məhkəməyə belə bir cavab vermişlər ki, onların marketlə dövriyyələri yoxdur. Bütün bunları əsas tutaraq İddiaçı iddiasının tam həcmdə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Ağsu rayon Polis Şöbəsi tərəfindən toplanmış materiallarının surəti, Ağsu rayon Prokurorluğunun məktubu və toplanmış iş materiallarının surəti, xxxx MMC və xxxx MMC-nin məktubları, İcarə müqaviləsi, mütəxəssis rəyi, Sadələşdirilmiş vergi bəyannaməsinə 1 nömrəli əlavə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsinə xitam verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göründüyü kimi qanunvericliyin tələblərinə əsasən müqavilənin qüvvədə olma müddətində tərəflərdən biri müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər. Hazırkı işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 104,5 m2 obyekti 5 il müddətinə aylıq 50 manat icarə haqqı ödənilməsi şərtilə İddiaçı icarəsinə verilmiş və tərəflər arasında xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsi bağlanmışdır. Eyni zamanda iddiaçının hazırki vaxtda həmin obyektdən istifadə etmədiyi və obyektdən çıxması işin mübahisələndirilməyən halıdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsi hazırki vaxta qüvvədə olduğundan və icarə müqaviləsinin şərtləri pozulmaqla icarəçi həmin obyektdən istifadə etmədiyindən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsinə xitam verilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin mağazada iddiaçıya məxsus olan müxtəlif adda olan malların dəyəri olan 50008,30 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. Hazırki iş üzrə iddiaçı mağazada ona məxsus 50008,30 manat dəyərində malların olduğunu iddia edərək cavabdehdən malların dəyəri kimi həmin məbləği tələb etsə də, mağazada qalan malların dəyərinin məhz 50008,30 manat təşkil etməsi barədə məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçının sübut kimi məhkəməyə təqdim edərək istinad etdiyi "xxxx" MMC tərəfindən verilmiş ərzaq və qeyri-ərzaq mallarının qiymətləndirilməsi barədə mütəxəssis rəyinə münasibətdə isə məhkəmə onu qeyd edir ki, həmin rəy məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, sözügedən mütəxəssis rəyində qiymətləndirmə İddiaçı tərəfindən qiymətləndiriciyə təqdim edilmiş siyahı əsasında aparılmışdır. Sonuncunun həm qiymətləndiriciyə, həm də məhkəməyə təqdim etdiyi siyahı isə özündə yalnız malməhsulların adını və qiymətini əks etdirməklə tərəflərin imzaları ilə təsdiq edilməmişdir. Bu isə siyahıdakı malların həqiqətən də mağazada olan mal qalığı olması, bir sözlə həqiqəti əks etdirməsi ilə bağlı şübhə doğurur. İddiaçı Ağsu rayon Polis Şöbəsinə verdiyi izahatında cavabdeh Xin oğlu Xın iştirakı ilə malları siyahıya aldığını bildirsə də, X7 rayon Polis şöbəsində verdiyi izahatından görünür ki, o mal qalığının dəyərini bilməmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı bildirmişdir ki, mütəxəssislər mağazaya daxil olaraq özləri şəkillər çəkmişlər. Göründüyü kimi, iddiaçının istinad etdiyi mütəxəssis rəyi qanunvericiliyin tələbinə uyğun olmayan qaydada hazırlanmış siyahı əsasında, qanunvericliyə zidd şəkildə verildiyindən həmin rəy məhkəmə tərəfindən sübut qismində qiymətləndirilməmişdir. Eyni zamanda qiymətləndirici mağazaya daxil olmuş vəorada bir sıra fotoşəkillər şəkmişdir ki, həmin fotoşəkillərlə mal qalığənən müəyyən edilməsi mümkün deyil. Buna baxmayaraq işin məhkəmə araşdırması zamanı vergi ödəyicisi olan iddiaçının 2021-ci ilin İV rübünü əhatə edən sadələşdirilmiş vergi bəyannaməsinə 1 nömrəli əlavəsi ilə müəyyən edilmişdir ki, hesabat dövrünün əvvəlinə və sonuna vergi ödəyicisinin carı aktivləri, malları 24971 manat təşkil edir. Göründüyü kimi, 2021-ci ilin dekabr ayına iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul oludğu mağazada mal qalığı 24971 manat olmuşdur. 2022-ci ilin yanvar-mart aylarına münasibətdə isə məhkəmə tərəfindən araşdırma aparılmış, İddiaçı tərəfindən müxtəlif dövrləri əhatə edən xeyli miqdarda malların təhvil-təslim aktları və qəbzlər məhkəməyə təqdim edilsə də, məhkəmə araşdırması zamanı həmin təhvil-təslim aktlarındakı firmalara müvafiq sorğular göndərilmiş və məhkəməyə təqdim edilmiş cavab məktubları ilə müəyyən edilmişdir ki, xxxx MMC tərəfindən Güvən marketə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.2022-ci il tarixli elektron qaimə faktura ilə ümumi dəyəri 209,10 manat və xx.xx.2022-ci il tarixli elektron qaimə faktura ilə ümumi dəyəri 19,09 manat olan mal satılmış, "xxxx" MMC tərəfindən isə Güvən marketlə ümumiyyətlə ticarət dövriyyəsi olmamışdır. Göründüyü kimi, mağazanın mal dövriyyəsinin 2022-ci ilin 3 ayında 24971 manatdan təxminən 2 dəfə artaraq 50008,30 manat olması öz təsdiqini tapmır. Bu səbəbdən məhkəmə vergi orqanına təqdim edilən və təsdiq edilən bəyannaməyə 1 nömrəli əlavəni mötəbər sübut kimi qəbul edərək hesab edir ki, mağazada iddiaçıya məxsus mal qalığı 24971 manat təşkil etmişdir, bu səbəbdən həmin pul cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərinin təkzibi barədə, habelə tərəflərin hər hansı başqa bir razılaşmasının olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iddia tələbinin kreditə görə banka ödəyəcəyi 25966,50 manat və vergi borcu üzrə 742,47 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının bankdan kredit alması iş materiallarına əlavə edilmiş kredit müqaviləsi ilə öz təsdiqini tapsa da, həmin kredit müqaviləsi ilə müəyyən olunur ki, İddiaçı bankdan kredit almaqla onu qaytarmağı da özü öhdəsinə götürmüşdür. Kreditin Cavabdeh tərəfindən ödənilməli olması ilə bağlı iş materiallarında sübut mövcud deyildir və sonuncu həmin kreditin ödənilməsinə görə məsuliyyət daşımır. Habelə məhkəmə eyni qaydada vergi borcunun cavabdeh tərəfindən ödənilməsinə münasibətdə də qeyd edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və dövlət büdcəsinə vergi borcu yaranmışdır ki, həmin borcu ödəmək onun vəzifəsidir. Bundan başqa iddiaçı fəaliyyət göstərdiyi qeyriyaşayış sahəsini tərk etdikdə bu barədə vergi orqanına məlumat vermək vəzifəsi daşıyır ki, bunun edilməsinin məsuliyyəti də özünə aiddir. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qiymət verilən hissələrdə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsinə xitam verilməli, Cavabdeh qalıq malların dəyəri kimi 24971 manat pul tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Məhkəmə qeyd edir ki, iddiaçı 320,15 manat ödənilmiş dövlət rüsumunu tələb etsə də, həmin məbləğin 100 manat hissəsi dövlət rüsumu kimi Şəki Kommersiya Məhkəməsinə deyil, mediasiya xərci kimi Mediasiya Təşkilatının hesabına ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia tələbinin icarə müqaviləsinə xitam verilməsi hissəsi üzrə ödənilməli dövlət rüsumu xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən 100 manat, iddianın qalan hissəsinə münasibətdə 8.1.2-ci maddəsinə əsasən iddianın qiymətinə əsasən 318,53 manat olmalıdır. İddia tələbi qiymətləndirilməyən hissədə təmin edildiyindən həmin hissə üzrə ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehdən, qiymətləndirilən hissələrdə isə qismən təmin edildiyindən təmin edilmiş hissəyə münasib olaraq 215,94 manat iddiaçıdan, 104,21 manat cavabdehdən tutularaq ödənilməlidir. İddiaçı tərəfindən 220,15 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən, həmin rüsumun 215,94 manat hissəsi özünə aid edilməli, qalan 4,21 manat hissə isə cavabdeh tərəfindən ödənilməli olan rüsumdan çıxılmaqla, onun tərəfindən iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən cavabdehdən ödənilmiş 4,21 manat dövlət rüsumu tutularaq iddiaçıya, ödənilməmiş 200 manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsinə xitam verilsin. Cavabdeh 24971 manat pul, 100 manat mediasiya xərci və 4,21 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 215,94 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Ödənilməmiş 200 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar