Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-820/2023 25.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı “1767,35 manat əsas borc, 394,84 manat faiz borcu və 60 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və X1 qarşı “1767,35 manat əsas borc, 394,84 manat faiz borcu və 60 manat ödənilmiş dövlət rüsumunun tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay olan müddətinə 5000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 6% olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 152,11 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.6-cı bəndinin tələbinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 12 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 3232,65 manat əsas, 525,35 manat faiz borcu ödənilmişdir. Onun xx.xx.2020-ci il tarixə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 2162,19 manat (1767,35 manat əsas, 394,84 manat faiz) borcu vardır. xx.xx.2017-ci il tarixli (zamin X2) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən bu müqavilə kredit müqaviləsi ilə birlikdə qüvvəyə minir və kredit müqaviləsinin bütün şərtləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə X1 və Cavabdeh1 təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqaviləsi, kredit ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay olan müddətinə 5000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 6% olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli (zamin X2) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında kredit müqaviləsi, “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” (gələcəkdə bağlanacaq) və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 tərəfindən 1767,35 manat əsas borc, 394,84 manat faiz borcu ödənilməmişdir. Odur ki, iddiaçı həmin borcun tutulmasını tələb etməkdə haqlıdır. Cavabehlər əsas və faiz borcunun əsassızlığı və ya məbləği ilə bağlı hər hansı bir etiraz bildirməmiş, bu səbəbdən də məhkəmə tərəfindən əlavə araşdırma aparılmamışdır. Məhkəmə borcun zamin qismində işə cəlb olunmuş cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan əsas borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdeh olan zamindən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddənin məzmunudan görünür ki, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilməmişdir. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən asılı etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. MM-in : 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Eyni zamanda, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmişdir ki, bu da zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir. Belə ki, zaminlik müqaviləsinin qeyri-müəyyən müddətdən asılı edilməsi və zaminlik müqaviləsinin 3.3-ü bəndində “zaminlik müqaviləsinin kredit müqaviləsinin bütün şərtlərinin tam yerinə yetirilməsindən sonra qüvvədən düşməsi” kimi qeyd edilməsi zaminin hüquqi vəziyyətini əsas borcluya münasibətdə daha da ağırlaşdırır. Hətta kredit müqaviləsinin müddəti 36 ay olması qeyd edilsə də, zaminlik müqaviləsinin qeyri-müəyyən müddətdən asılı edilməsi hüquqi müəyyənlik prinsipinə zidd olmaqla zaminin hüquqi vəziyyətini daha da ağırlaşdırır. Belə ki, bəlli olduğu kimi mülki qanunvericilik hüquq münasibətlərinə tətbiq edilməli olan iddia müddətini və kəsici müddətləri müəyyən edir. Hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin müəyyən edilməsinin isə bir çox səbəblərindən biri də tərəflərin intizamlandırılmasıdır. Yəni, vaxtında edilməli olan hərəkətlərin vaxtında edilməsinə yönəlmişdir. Bütün hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin mövcud olduğu halda hazırkı mübahisə üzrə zaminlik müqaviləsinin müddətinin müəyyən edilməməsi zaminlərin qanunla qorunan hüquqlarına müdaxilədir və sonsuza qədər zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi daşımasına xidmət edir. Bu isə yolverilməz olmaqla qanunun tələblərinə ziddir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Bu isə şərh olunan qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2020-ci il tarixdə bitmiş və zaminliyə xitam verilmişdir. Hətta konkret müddət olması müəyyən edilməsə belə Qanunda nəzərdə tutulan 1 illik müddət də bitmişdir. İddiaçı əsas borcluya qarşı iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək zaminə qarşı iddia tələbini irəli sürmüşdür ki, bununla da qanunvericilklə müəyyən edilmiş müddəti ötürmüşdür. Bundan başqa kredit üzrə ödənişin son tarixi xx.xx.2020-ci il müəyyən olunmuş və kreditor olan İddiaçı ASC qeyd olunmuş tarixdən müqavilənin icrası ilə bağlı iki il müddətində zaminə qarşı heç bir tələb irəli sürməmişdir. Odur ki, qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas borclu olan Cavabdeh1 1767,35 manat əsas borc, 394,84 manat faiz borcunun tutulması hissəsində təmin edilməli, digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca və cavabdehə münasibətdə tam təmin edildiyindən ödənilmiş 41,63 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, ödənilmiş 60 manat mediasiya xərci cavabdeh N.Eyubovdan tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1767,35 manat əsas borc, 394,84 manat faiz borcu və 60 manat mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 41,63 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-820/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-820/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver