Məhkəmə qərarları › İş №e-2-2(117)-83/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-83/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-83/2023 07.02.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra mətndə iddiaçı və ya İddiaçı QSC BOKT) Cavabdeh2 və Cavabdeh1 qarşı “8793,13 manat əsas borc, 224,71 manat faiz borcu, 100 manat mediasiya xərcinin və 10,17 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC BOKT Cavabdeh2 və Cavabdeh1 qarşı “8793,13 manat əsas borc, 224,71 manat faiz borcu, 100 manat mediasiya xərcinin və 10,17 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında 08 may 2018-ci il tarixli 550 TM/18 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən cavabdehə illik 10 faizlə əsas və faiz borcları 15 dekabr 2018-ci il tarixədək tam ödənilmək şərtilə 13400 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Balakən rayonu, Hənifə kəndi ərazisində 8 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Yaşıl tütün yarpağı. Texniki şərtlər. OST- 46 151-84 standartının tələblərinə uyğun olaraq” yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 % əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh2 ilə 08 may 2018ci il tarixli 550 ZT/18 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. Həmin zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 08 may 2018-ci il tarixli 550 TM/18 nömrəli kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin tam şəkildə icrası üçün məsuliyyəti üzərinə götürmüşdür. Lakin, müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən və cavabdehin ödənilməmiş əsas və faiz borcu yarandığından iddiaçı tələbində haqlıdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, cavabdehə 7 ay müddətinə 13400 manat kredit verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, nəticədə cavabdehin ödənilməmiş 8793,13 manat əsas borc, 224,71 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh1, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 məhkəmə bildirişi çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. xx.xx.2021-ci il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, 13400 manat məbləğdən 4606,87 manat əsas borc, 1302,22 manat faiz borcu ödəniş edilmiş, 8793,13 manat əsas borc, 224,71 manat faiz borcu qalmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2018-ci il tarixli 550 TM/18 nömrəli və 550 ZT/18 nömrəli kredit və zaminlik müqavilələri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçı ilə cavabdeh arasında 08 may 2018-ci il tarixli 550 TM/18 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən cavabdehə illik 10 faizlə əsas və faiz borcları 15 dekabr 2018-ci il tarixədək tam ödənilmək şərtilə 13400 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Balakən rayonu, Hənifə kəndi ərazisində 8 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə yüksək məhsuldarlıqlı tütün əkib becərmək və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, “Yaşıl tütün yarpağı. Texniki şərtlər. OST- 46 151-84 standartının tələblərinə uyğun olaraq” yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10 % əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.2-ci bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Bundan əlavə o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. Cavabdehlər əsas və faiz borcuna münasibətdə hər hansı etirazını və ya əks arqumentlərini təqdim etməmişlər. Əsas və fazi borcunun qeyd edilən məbləğdə olmaması ilə bağlı sübutlar mövcud olmadığından məhkəmə öz təşəbbüsü ilə hər hansı bir sübut tələb etməmiş və bu səbəbdən də əsas və faiz borcuna münasibətdə məhkəmə iddiaçının tələbini əsas götürmüşdür. Bundan başqa, iddia tələbinin “kredit borcunun zamin Cavabdeh2 əsas borclu ilə birlikdə müştərək qaydada tutularaq ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2018-ci il tarixli 550 TM/18 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyündən və kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit xx.xx.2018-ci il tarixədək tam ödənilmək şərtilə verildiyindən zaminlik müqaviləsi üzrə verilmə müddəti xx.xx.2018-ci il tarixdə qurtarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutularaq ödənilməsi əsassızdır. Belə ki, iddia tələbi zaminliyin verilmə müddətinin bitməsindən sonra zaminə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkı iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2018-ci il tarix kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2019-cu il tarixdə bitmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi zamindən pulun tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən iddia qismən təmin edilərək 8793,13 manat əsas borc, 224,71 manat faiz borcu Cavabdeh1 tutulmalı, digər Cavabdeh2 münasibətdə iddia rədd edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 110,18 manat olmalıdır ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçının tələb etdiyi əsas borc məbləği mahiyyəti üzrə dəyişmədiyindən cavabdehdən iddiaçının ödədiyi 10,17 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, 100,01 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, ödənilmiş 100 manat məbləğində mediasiya xərci də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 8793,13 manat əsas borc, 224,71 manat faiz borcu və 100 manat mediasiya xərci və 10,17 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Cavabdeh1 100,01 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia digər Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar