Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-833/2023 31.08.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Valeh oğluna qarşı “15000 manat əsas borc, 2032,97 manat faiz borcu və 200 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Valeh oğluna qarşı “15000 manat əsas borc, 2032,97 manat faiz borcu və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli TM-404/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən cavabdeh Cavabdeh4 illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Zaqatala rayonu, Bəhmətli kəndi ərazisində 9 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli ZT3-404/21 nömrəli, Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli ZT2-404/21 nömrəli və Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli ZT1-404/21 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. Həmin zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər xx.xx.2021-ci il tarixli TM-404/21 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında borclunun öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşdür. Həmin müqavilələrin 6.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli TM-405/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, 15000 manat pul məbləği cavabdehə ödənilmiş, lakin sonuncu tərəfindən müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən ödənilməmiş əsas və faiz borcu yaranmışdır. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixə Cavabdeh4 əsas və faiz borcu haqqında məlumatdan müəyyən edilir ki, Cavabdeh4 15000 manat məbləğində kredit verilmiş, əsas borcdan ödəniş edilməmiş, əsas borc və 2032,97 manat faiz borcu mövcuddur. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələblərini müdafiə etdiklərini və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. xx.xx.2023-cü il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, verilmiş 15000 manat məbləğdən cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, nəticədə cavabdehin ödənilməmiş borcu qalmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2021-ci il tarixli TM-404/21 nömrəli kredit müqaviləsi, zaminlik müqavilələri, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli TM-404/21 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinin a yarımbəndinə əsasən İddiaçı QSC BOKT tərəfindən cavabdeh Cavabdeh4 illik 8,5 faizlə əsas və faiz borcları xx.xx.2022-ci il tarixədək tam ödənilmək şərtilə 15000 manat kredit verilmişdir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilənin şərtləri daxilində borcalan özünəməxsus olan və ya icarəyə götürdüyü (notarial qaydada və yaxud yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında) Zaqatala rayonu, Bəhmətli kəndi ərazisində 9 ha torpaq sahəsində borcverəndən kredit şəklində aldığı pul vəsaiti ilə tütün istehsal etməyi, lazımi aqrotexniki tədbirləri yerinə yetirməyi və əldə edilmiş yaşıl tütün yarpağını bu müqavilə ilə müəyyən edilmiş qiymətlə, mövcud standartlara və texniki tələblərə uyğun olaraq yalnız tədarükçüyə təhvil verməyi, tədarükçü məhsulu qəbul etməyi, alıcı isə məhsulun dəyərini borcalana ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən borcalan gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimə faizi ödəyir. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən bu müqavilə kreditin borcalanın adına rəsmiləşdirildiyi gündən qüvvəyə minir və borc (əsas və faiz borcu) tam ödənildikdən sonra qüvvəsini itirir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh1 ilə xx.xx.2021-ci il tarixli ZT3-404/21 nömrəli, Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli ZT2-404/21 nömrəli və Cavabdeh3 ilə xx.xx.2021-ci il tarixli ZT1-404/21 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. xx.xx.2021-ci il tarixli ZT1-405/21 nömrəli, xx.xx.2021-ci il tarixli ZT2-405/21 nömrəli və xx.xx.2021-ci il tarixli ZT3-405/21 nömrəli zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər (Cavabdeh3, Cavabdeh2, X2) xx.xx.2021-ci il tarixli TM-383/21 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında borclunun öhdəliklərini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyəti öz üzərlərinə götürmüşdür. İlk öncə tələbin “borcun zaminlərdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, ZT3-404/21, ZT2-404/21 ZT1- 404/21 nömrəli zaminlik müqavilələrinin 6.1-ci bəndinə əsasən bu müqavilələrin qüvvədə olma müddəti borcalanın xx.xx.2021-ci il tarixli TM-404/21 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Hazırki kredit müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir ki, həmin bəndin tələbi baxımından zaminlik müqaviləsinin də qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Bundan başqa, hüquqi müəyyənlik baxımından zaminlik müqaviləsinin qüvvədə olma müddəti öhdəliyin icrası müddətindən çox olmamalı, eyni zamanda öhdəliyin icrası müddəti zaminlik müqaviləsinin müddətindən az olmamalıdır. Hazırki vəziyyətdə zaminlik müqaviləsində onun qüvvədə olma müddəti öhdəliyin icrası müddəti ilə üst-üstə düşdüyündən məhkəmə öhdəliyin icrasına xitam verilməklə bərabər zaminlik müqaviləsinə də xitam verilməsini məqbul hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Şərh olunan maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminə qarşı iddia ən geci müqavilənin bitdiyi xx.xx.2022-ci il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmiş, cavabdehə 15000 manat kredit verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini ümumiyyətlə yerinə yetirməmiş, nəticədə ödənilməmiş borcu yaranmışdır. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tələbində əsas borca münasibətdə haqlıdır. İddia tələbinin “2032,97 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Məhkəmə bu məbləğin hesablanması üçün məhkəmə ekspertizası təyin edilməsini məqsədəuyğun hesab etmir. Çünki məhkəmə icraatında ləngimələrə yol veriləcək ki, bu da tərəflərin mənafeyinə uyğun hesab edilmir. Məhkəmənin faiz borcuna münasibətdə sadə hesablama aparması isə tərəflərin hər hansı bir maraqlarına toxunmamaqla bərabər, işin hallarının obyektiv araşdırmasına dəlalət edir. Məhkəmə sadə hesablama yolu ilə müəyyən etməklə belə nəticəyə gəlir ki, 1275 (15000*8,5%/100=1275) manat faiz borcu ödəməli olduğundan iddiaçı həmin məbləğdə faiz borcunun tutulmasını tələb etməlidir. İddiaçı 2032,97 manat faiz borcu tələb edir ki, bunda da haqlı olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək 1275 manat faiz borcu cavabdehdən tutulmalıdır. İddiaçı əldən çıxmış fayda məbləğini və cərimə məbləğini ayrıca qeyd etməli və əsalandırmalı idi. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh4 15000 manat əsas borc, 1275 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə, o cümlədən digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Valeh oğluna münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə ödənilməli dövlət rüsumu 141.81 manat olmalıdır ki, iddia qismən təmin edilsə də əsas borca münasibətdə tam təmin edildiyindən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, iddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh4 15000 manat əsas borc, 1275 manat faiz borcu və 200 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 141,1 manat dövlət rüsumu Cavabdeh4 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-833/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-833/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver