Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-845/2025 22.10.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli LCO192350058 saylı müqavilə üzrə yaranmış 823.62 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli LCO192350058 saylı müqavilə üzrə yaranmış 823.62 manat borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-549/2025 nömrəli qərardadı ilə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)- 845/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli LCO192350058 nömrəli ərizədən göründüyü kimi Cavabdeh kart hesabının açılması və karta dair xidmətlərin göstərilməsi üçün İddiaçı QSC-yə müraciət etmiş və həmin tarixdə Narıman Balashov adına VİSA X3 növündə kart açılmışdır (kartın son istifadə tarixi 31 avqust 2020). Ərizənin məzmunundan göründüyü kimi cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və onları qəbul etmişdir. Ərizədə istifadə edilmiş anlayışların “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə eyni məna daşıdığı ilə razılaşmışdır. Karta dair Xidmətlərin göstərilməsi haqqında 23 avqust 2019-cu il tarixli, LCO192350058 saylı müqaviləyə əlavə və dəyişikliklər edilməsi barədə razılaşmadan göründüyü kimi kartın istifadə müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. “Bank Xidmətlərinin Göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin: 5.17.Kartdan istifadə etməklə kart hesabı üzrə kart hesabının valyutasından fərqli valyutada əməliyyatlar aparıldıqda əməliyyat tarixinin valyuta məzənnəsi əməliyyatın işləndiyi tarixin valyuta məzənnəsindən fərqli ola bilər. Məzənnə fərqinə görə yaranmış borc müştəri tərəfindən mübahisələndirilə bilməz və həmin borc kart hesabından bankın xeyrinə tutulacaq. 5.42. Bank müştəri tərəfindən internetdən istifadə etməklə kart vasitəsilə aparılan əməliyyatların nəticələrinə görə müştəri qarşısında heç bir məsuliyyət daşımır. 5.43. Müştəri, kartdan qanunsuz istifadənin qarşısını almaq üçün təsdiqedici sənədlərə əsasən bankın çəkdiyi xərclərin əvəzini banka ödəməlidir. 9.3.5. Tariflər ilə nəzərdə tutulduğu halda müqavilədə nəzərdə tutulan xidmətlərə görə banka xidmət haqqını, həmçinin yaranmış bütün borcları ödəmək müştərinin vəzifəsidir. 11.2. Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliyə və müqaviləyə əsasən məsuliyyət daşıyırlar və digər tərəfə dəymiş ziyanı tam qarşılamalıdırlar. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019cu il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh, cavabdehin sifariş ərizəsinə əsasən onun adına VİSA X5 Card debit növlü kart hesabı açılmış və 4268********5051 nömrəli kart cavabdehə təhvil verilmişdir. Kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı 823.62 manat məbləğində borc yaranmışdır. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC (“X2”) kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və verginin ödənişə cəlb edilib-edilməməsi müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) arasında razılaşmaya əsasən hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Vergi tutulmalı olan əməliyyatların aparıldığı kart İddiaçı QSC tərəfindən verildiyindən hazırkı iş üzrə Bank vergi agenti qismində çıxış edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, həmin məbləğin ödənilməsindən yayınmışdır. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci, 169.3cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2ci maddələri göstərilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli LCO192350058 nömrəli razılaşma üzrə 823.62 manat əsas borcu mövcuddur. xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dövrü əhatə edən hesabdan çıxarış məlumatlarından göründüyü kimi xx.xx.2022-ci il tarixdə vergi ödənişi ilə bağlı 823.62 manat məbləğində kart üzrə əməliyyat aparıldığı və borcun yarandığı müəyyən edilir. Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun iddiaçıya ödənilməmiş borcu qalmışdır. Cavabdeh 31 iyul 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında hazırkı iş üzrə borcun onun vergi borcu ilə əlaqəli olduğunu, bankın belə bir iddianı qaldırmaq hüququnun olmadığını bildirmiş və məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh bankdan kredit götürmüş, həmin kreditə görə də ona kart verilmişdir. Cavabdeh kartda olan pulu xərcləmiş, 2021-ci ildə balansı sıfırlamışdır, lakin qarşı tərəf növbəti ildə də həmin kartdan istifadə etmiş və ona borc hesablanmışdır. Cavabdeh həmin kartla xarici saytlardan alış-veriş etmiş, həmçinin onlayn mərc oyunları zamanı həmin kartdan istifadə etmişdir. Həmin kartla etdiyi əməliyyatlara görə çox miqdarda ƏDV borcu hesablanmışdır. Əgər cavabdeh kartı Azərbaycan ərazisində qeyd edilən qaydada istifadə etsə idi bu borclar hesablanmayacaqdı. Həmin kart xaric üçün deyil, Azərbaycan Respublikasının ərazisi üçün nəzərdə tutulmuşdur. Kartdan hər istifadə zamanı cavabdeh karta gələn borc barədə xəbərdarlıq almışdır. Cavabdeh xarici şirkət olan Tax ödəmə sistemi vasitəsilə ödəniş etmişdir. Tax şirkətinin də Azərbaycan Respublikası ilə müqaviləsi yoxdur. İddia ərizəsində tələb etdikləri məbləği vergi orqanı bankın hesabından tutmuşdur. Bildrimişdir ki, Trendyol, E-bay kimi saytların Azərbaycan ilə müqaviləsi var, ona görə də onlardan alış-veriş edərkən vergi borcu hesablanmır. Cavabdeh alış-veriş etdiyi yaxud istifadə etdiyi saytlar Azərbaycan ilə hər hansı bir müqaviləsi yoxdur. Ona görə də ona vergi borcu hesablanmamışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara bank xidmətlərinin göstərilməsi haqqında müqavilə, xx.xx.2019-cu il tarixli LCO192350058 nömrəli ərizə, razılaşma, hesabdan çıxarış, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflər qanunvericiliklə nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, eyni zamanda bank tərəfindən verilən qeyd edilən kart sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulduğundan və onların arasında yaranmış münasibət sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan hazırkı işə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə LCO192350058 nömrəli müraciət ərizəsi ilə İddiaçı QSC-yə müraciət edərək onun adına kart hesabının açılmasını və karta dair xidmətlərin göstərilməsini xahiş etmiş, eyni zamanda “Bank Xidmətlərinin Göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olaraq onların şərtlərini qəbul edərək təsdiqləmiş, bundan sonra cavabdehin adına kart açılmışdır. Daha sonra həmin razılaşmaya dəyişiklik edilərək kartın istifadə müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehdən qeyd edilən borcu tələb etməkdə haqlıdır. Belə ki, hazırkı iddia ilə tələb edilən 823.62 manat məbləğində borc İddiaçı QSC tərəfindən cavabdehin adına açılaraq ona verilmiş kartdan istifadə edilərkən aparılan əməliyyat zamanı yaranmışdır. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iş materiallarından, həmçinin izahatından göründüyü kimi cavabdeh bank tərəfindən ona verilən kartla xarici saytlardan alış-veriş etdiyindindən, həmçinin onlayn mərc oyunları zamanı həmin kartdan istifadə etdiyindən kartla etdiyi əməliyyatlara görə çox miqdarda ƏDV borcu hesablanmışdır ki, həmin borc İddiaçı QSC-nin kartda mövcud olan vəsaitindən çıxılmış və hazırda tələb edilən borcda bununla əlaqəlidir. Eyni zamanda cavabdeh ötən məhkəmə iclaslarında verdiyi izahatlarında xarici şirkətdən mal sifariş etdiyini və vergi borcunun yarandığını qəbul etmiş, sadəcə iddiaçının iddia vermək hüququnun olmadığını, iddia tələbinin ötürüldüyünü bildirmişdir. Lakin iş materialları araşdırıldıqda kartın istifadə müddətinin sonradan razılaşma ilə dəyişiklik əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək uzadıldığı müəyyən edilir. Qeyd edilən əsaslarla borc məbləğinin yaranması və həmin vergi borcunun iddiaçının kart hesabında mövcud olan vəsaitindən çıxılması məhkəməyə təqdim edilmiş hesabdan çıxarış məlumatları ilə də öz təsdiqini tapmışdır. “Bank Xidmətlərinin Göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”ndən də göründüyü kimi bank müştəri tərəfindən internetdən istifadə etməklə kart vasitəsilə aparılan əməliyyatların nəticələrinə görə müştəri qarşısında heç bir məsuliyyət daşımır və müştəri bankın çəkdiyi xərclərin əvəzini banka ödəməlidir. Azərbayacan Respublikası Vergi Məcəlləsinin: 17.1. Vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir. 169.3-cü maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli ödəniş xidməti təchizatçısı və xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir. Məhkəmə təqdim edilən sənədlərdən müəyyən edir ki, qeyd edilən borc məbləği cavabdeh trəfindən xaricdə ödəniş sistemlərindən etməklə cavabdehin kart hesabında vergi borcu yaranmış, hansı ki, həmin ödəniş sistemləri ilə müvafiq bankın kartından istifadə ilə bağlı verginin tutulmaması ilə bağlı qarşılıqlı müqavilənin olması müəyyən edilmir. Cavabdeh iş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında qeyd edilən kartdan xaricdə aldığı mallarla bağlı ödəniş üçün istifadə etdiyini bildirmişdir. Eyni zamanda, cavabdeh iddia müddətinin tətbqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə həmin ərizəyə münasibətdə qeyd edir ki, cavabdehin qeyd edilən kart vasitəsilə etdiyi ödəniş və əməliyyatlara müasibətdə hesablanmış 823,62 manat vəsait xx.xx.2022ci il tarixdə qeyd edilən kart hesabında borc kimi qeyd edilmiş və həmin kartda pul vəsaiti olmadığından bankın pul vəsaitindən çıxılmaqla mənfi (borc) olaraq qeyd edilmişdir. İddiaçı isə hazırkı ərizə ilə Zaqatala Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bununla da, müqavilə münasibətləri üzrə icra müddəti bitdikdən sonra hesablanan iddia müddəti xx.xx.2025-ci il tarixdə bitməli idi. Göründüyü kimi bundan əvvəl iddiaçı məhkəməyə müraciət etmişdir. Bununla yanaşı cavabdehə məxsus bank kartının istifadə müddəti razılaşma ilə dəyişiklik əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək uzadıldığından iddiaçı müddətinin axımının xx.xx.2023-cü il tarixdən başlandığı faktı da ortadadır. Ona görə də hər bir halda iddia müddəti ötürülməmişdir. Məhkəmə izah üçün qeyd edir ki, cavaddehin qeyd edilən kart vasitəsilə apardığı əməliyyatlardan vergini iddiaçı bank hesablamış və vergi orqanı müvafiq kartda qeyd edilən vəsait olmadığından bankın həmin kartda olan və cavabdeh tərəfindən ödənilməyən avans hesabından çıxmış, Bankın vergi ageti olaraq qeyd edilən vəsaiti ödəmək Vergi Məcəlləsindən əməllə gələn vəzifəsidir. Ona görə də qeyd edilən borc cavaddehin apardığı əməliyyatlar üzrə qanundan əmələ gələn öhdəliyi kimi nəzərdən keçirilsə də, əslində iddiaçı ilə cavabdeh yaranmış müqavilə münasibətlərindən yaranmışdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddia tələbinin əksini sübut edəcək hər hansısa sübut məhkəməyə təqdim edilməmiş, bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Belə ki, iddiaçı cavabdehdən qeyd edilən əsaslara əsasən 823.62 manat məbləğində borc pulun tutulmasını tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinə uyğun olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat təşkil edir. İddia tələbi təmin edildiyindən və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tələb edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli LCO192350058 saylı müqavilə üzrə 823.62 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov