Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-862/2025 15.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracda satılması, ipoteka predmeti olan əmlakın satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən iddiaçının хеyrinə 027R********** nömrəli krеdit razılaşması üzrə 22568.45 manat məbləğində krеdit bоrcu, 3231.11 manat məbləğində faiz bоrcu və 862.02 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 26661.58 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 169.99 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən 19 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzilə yönəldilməsi, açıq hərracdan satılması və ümumilikdə cəmi 26661.58 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 169.99 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSCyə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 027L**********20 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, illik faiz dərəcəsinin yuxarı həddi 28% olmaqla 250 000 manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. Cavabdeh2 müqavilə üzrə öhdəliklərin təminatı üçün zaminliklə bağlı üzərinə öhdəlik götürmüş və həmin qarışıq müqaviləni imzalamışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə 027M**********01 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsində göstərilmiş Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən 19 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzil ipoteka predmeti kimi qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə bağlanmış 027R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 22% olmaqla kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına uyğun razılaşdırılmış tarixlərdə kredit məbləğini və ona hesablanmış faizlə birlikdə ödənilməsi şərtilə 30 000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə olaraq İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə 027R**********S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş bağlanmışdır. İddiaçı borcun ödənilməsi barədə cavabdehlərə müraciət etmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdehlər kredit razılaşması ilə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən ödənilməmiş əsas, faiz və cərimə borcları qalmışdır. Eyni zamanda uzunmüddətli kredit və təminat müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə tərəflər arasında xx.xx.2023-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan (**********38-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli) göründüyü kimi Cavabdeh1 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 19 mənzil 3 olan 61.4 kv.m ümumi sahədən ibarət mənzil İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq 027L**********20 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşin məhkəmə araşdırması zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş 16 sentyabr 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən 19 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzilin likvid dəyəri 67 500 manat təşkil edir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 22 dekabr 2025-ci il tarixli ekspert rəyinə əsasən Cavabdeh1 İddiaçı QSC-yə olan borcu 09 iyul 2025-ci il tarixə (məhkəməyə müraciət edilən tarixə) əsas borc üzrə 22 568,45 manat, faiz borcu üzrə 3 814,93 manat müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və iclasın təxirə salınmasını xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: uzunmüddətli kredit və təminat müqaviləsi, ipoteka müqaviləsi, kredit razılaşması, saziş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, maliyyə arayışı, hesabdan çıxarış, ekspert rəyi, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi : Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı uzunmüddətli kredit və təminat müqaviləsi üzrə bağlanmış kredit razılaşmasından irəli gələn öhdəliklərini yerinə yetirsə də, cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən onların krеdit razılaşması üzrə əsas, faiz və hesablanmış cərimə bоrcu qalmışdır. Qeyd edilən borc məbləğləri cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə təqdim edilmiş iş materiallarını və ekspert rəyini birlikdə araşdırdıqda o qənaətə gəlir ki, iddia tələbi krеdit razılaşması üzrə 22568.45 manat krеdit bоrcu, 3231.11 manat faiz bоrcu və 862.02 manat cərimə borcunun tutulması hissəsində tam təmin edilməlidir. İş üzrə Cavabdeh1 tərəfindən məhkəməyə müraciət edilərək ağır onkoloji xəstələrinin olduğu və növbəti iclasda ödənişlərlə bağlı çıxarışların təqdim olunacağı və iclasın təxirə salınması xahiş edilsə də, məhkəmə cavabdehlərin iddiaçıya olan borcunu təsdiqləyən kifayət qədər sübutların olmasını, keçirilən məhkəmə baxış iclaslarının sayını, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməli olmasını, cavabdehlərə sübutların təqdim edilməsi üçün kifayət qədər müddətin verilməsini nəzərə alaraq ərizənin təmin edilməməsi və qeyd edilən halların əksini sübut edən hər hansısa sübut təqdim edilmədiyindən təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh1 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən 19 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və ümumilikdə cəmi 26661.58 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 169.99 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank QSC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış (likvid) qiyməti mütəxəssis rəyinə uyğun olaraq 67 500 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərrac vasitəsi ilə satılmalıdır. Bundan əlavə olaraq Cavabdeh1 qiymətləndirmə ilə razı olmadığı halda alternativ qiymətləndirici rəyi təqdim edə biləcəyi bildirilmiş, lakin cavabdeh tərəfindən bununla bağlı hər hansısa rəy məhkəməyə təqdim edilməmişdir. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin müştərək qaydada cavabdehlərdən tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə “İcra Haqqında” və “İpoteka haqqında” Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri olan 250 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına, 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı da cavabdehlərdən müştərək tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 169.99 manat olmalıdır. İddiaçı tərəfindən ödənilmiş rüsum cavabdehlərdən tələb edildiyindən 169.99 manat məbləğində rüsum cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 027R********** nömrəli krеdit razılaşması üzrə 22568.45 manat əsas bоrc, 3231.11 manat faiz bоrcu və 862.02 manat cərimə borcu olmaqla, cəmi 26661.58 manat pul, 169.99 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilsin. Borcun tutulması Cavabdeh1 məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində istifadədə olan 0.2491 ha torpaq sahəsində yerləşən 19 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 61.4 kv.m ümumi, 44.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzilə yönəldilsin. İpoteka predmetinin likvid dəyəri (ilkin satış) 67 500 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehin İddiaçı QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 250 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Nərimanov filialında olan bank hesabına(BankVöeni:**********,m/h:AZ03NABZ********************,H/h:AZ47İBAZ************ ********, kod: 805711, swift: İBAZAZ2X) ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov