Məhkəmə qərarları › İş №e-2-2(117)-864/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-864/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-864/2025 17.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 500 manat əsas, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 550 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun və 320 manat vəkil xidmətinə görə ödənilmiş haqqın iddiaçının xeyrinə tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “cavabdehdən 500 manat əsas, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 550 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun və 320 manat vəkil xidmətinə görə ödənilmiş haqqın iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixində ünvan 1 ünvanında yerləşən ümumilikdə 28 kv.m sahənin icarəyə verilməsi barədə subicarə müqaviləsi bağlanmışdır. Tərəflərin birgə razılığına əsasən, xx.xx.2023cü il tarixdə müqaviləyə xitam verilmişdir. Müqavilə üzrə cavabdehin 500 manat borcu yaranmışdır. İcarəçiyə hüquqi şəxsə olan borcunun qısa zamanda ödənilməsi üçün şərait yaradılmasına baxmayaraq, sonuncu ödənişi icra etməmişdir. Ödəniş gecikdirildiyi təqdirdə, icarəçiyə, ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0,5 % həcmində, lakin ümumi məbləğin 10%-dən çox olmamaq şərtilə cərimə tətbiq etmək səlahiyyəti vardır. Cavabdehin öhdəlikdən yayınmasından 709 gün keçməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliyini icra etməkdən bilərəkdən yayınır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, pretenziya verilməsinə, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Həmçinin cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. İddiaçı əsas və cərimə borcunun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında xx.xx.2022-ci il tarixli İM-56/22 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 28.0 kv.m olan qeyri-yaşayış sahəsini ərzaq mağazası kimi istifadə məqsədilə icarəçinin istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Həmin müqavilənin 3.4.8-ci bəndinə əsasən icarə haqqını hazırkı müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək icarəçinin öhdəliyidir. Müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən müqavilə imzalandıqdan sonra təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verməli icarəçi isə təhvil almalıdır. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı ƏDV daxil 100 manat təşkil edir. Müqavilənin 6.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2023-cü il tarixindən etibarən hesablanacaqdır və bu müqavilə imzalandıqdan sonra hər ayın ilk 5 iş günü ərzində avans olaraq ödəniləcəkdir. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2023-cü il tarixindən qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədə qalır. Müqavilənin müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini 15 təqvim günü ərzində tam şəkildə öz hesabına boşaltmalı və icarəyə verənə təhvil-təslim aktı əsasında təhvil verməlidir. Təhvil müddəti ərzində icarə haqqının tam şəkildə ödənişi təmin edilməlidir. Daha sonra İddiaçı MMC ilə Cavabdeh razılığa gələrək xx.xx.2023-cü il tarixində “xx.xx.2022-ci il tarixli İM-56/22 nömrəli subicarə müqaviləsinə xitam verilməsi” barədə razılaşma bağlayaraq subicarə müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilməsini müəyyənləşdirmişlər. Əlavə olaraq, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 996772 nömrəli, xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 254724 nömrəli, xx.xx.2023-cü il tarixli EBDC seriyalı 844496 nömrəli, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 984914 nömrəli, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 279905 nömrəli, xx.xx.2023-cü il tarixli EBCO seriyalı 115770 nömrəli, xx.xx.2023-cü il tarixli EBDA seriyalı 314892 nömrəli 700 manat məbləğində Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar məhkəməyə təqdim edilmişdir. Cavabdeh iddia tələbinə etirazla (xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur) məhkəməyə müraciət edərək bildirmişdir ki, işləri yaxşı getmədiyi üçün 2023-cü ilin fevral ayında subicarə müqaviləsinin ləğv edilməsi üçün iddiaçıya ərizə ilə müraciət etmiş, həmçinin, icarəyə götürdüyü sahəni boşaldaraq oranı tərk etmişdir. İddiaçıya ərizə ilə müraciət etdiyi üçün sonrakı proseslərə əhəmiyyət verməmişdir. Məhkəmədən bildiriş gəldikdən sonra qeyd edilənlərdən xəbəri olmuşdur. İddia ərizəsindən göründüyü kimi müqavilə xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən ləğv olunmuşdur, belə ki, 2023-cü ilin fevral ayından avqust ayına kimi 5 ay müddətində onun ərizəsini hərəkətsiz saxlayaraq icra etməmişlər və həmin dövr üçün əsassız olaraq əlavə icarə haqqı borcu hesablamışlar. Bundan əlavə olaraq iddia ərizəsində öhdəliklərin icrasından guya 709 gün keçdiyi qeyd edilmiş, iddiaçı nə üçün bu qədər vaxtı ötürüb və vaxtında rəsmi xəbərdarlıq göndərməmişdir. Bu günə kimi onun ünvanına heç bir xəbərdarlıq, pretenziya göndərilməmişdir. Mübahisəyə aydınlıq gətirilməsi üçün iddiaçı tərəflə əlaqə saxlamağa çalışmış, lakin qarşı tərəf yayındığından bu mümkün olmamışdır. İddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, icarə obyektini Qəbələ avtovağzalında işlədirdi. Sonradan pandemiya dövrü olduğu üçün avtovağzalın müdirinə müraciət edərək icarə pulunu aşağı salmasını xahiş etmiş, o da icarə pulunu 100 manat məbləğinə salmış, 1 il ərzində bu məbləğlə işləmişdir. Lakin bu ilin fevral ayından müqaviləyə xitam vermişlər. Xitam verildikdən 5 ay sonra onu məhkəməyə veriblər. İddiaya etirazını da məhkəməyə təqdim etmişdir. Səhhətində yaranan problemlə əlaqədar olaraq hazırda işləmir. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: subicarə müqaviləsi, müqaviləyə əlavə, subicarə müqaviləsinə xitam verilməsi barədə razılaşma və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarə haqqında Azərbaycan Respublikası Qanununun:

1. İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.

14. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Məhkəmə iddia tələbinin 500 manat əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli İM-56/22 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 28.0 kv.m olan qeyri-yaşayış sahəsini ərzaq mağazası kimi istifadə məqsədilə icarəçinin istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış ƏDV daxil 100 manat aylıq icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra məhkəməyə təqdim edilmiş subicarə müqaviləsinə xitam verilməsi barədə razılaşmadan göründüyü kimi xx.xx.2023-cü il tarixdə subicarə müqaviləsinə xitam verilməsi barədə tərəflər razılaşmışlar. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən öhdəliklərinin lazımi qaydada icra edilməməsi səbəbilə 500 manat icarə haqqı borcunun qaldığını bildirmişdir. Bundan başqa cavabdeh tərəf etirazında, eyni zamanda məhkəmə iclasında verdiyi izahatında müqaviləyə xitam verilməsi üçün iddiaçıya 2023-cü ilin fevral ayında müraciət etdiyini, lakin iddiaçı tərəfindən 5 ay müddət sonra müqaviləyə xitam verildiyini və bu səbəbdən tələbin əsassız olduğunu bildirmişdir. Buna baxmayaraq iş materialları araşdırıldıqda görünür ki, tərəflər subicarə müqaviləsinə xitam verilməsi barədə razılaşma ilə müqavilənin xx.xx.2023-cü il tarixindən xitam verilməsinə razılaşmışlar və bu razılaşma iddiaçının nümayəndəsinin imzası, möhürü və cavabdehin imzası ilə təsdiqlənmişdir. Göründüyü kimi cavabdeh müqaviləyə xitam verilməsi üçün 2023-cü ilin fevral ayında ərizə ilə müraciət etdiyini bildirsə də, xx.xx.2023-cü tarixli razılaşmanı şəxsən özü imzalamış, eyni zamanda irəli sürdüyü halları təsdiqləyən hər hansısa sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Məhkəmə tələbin 50 manat cərimə borcunun tutulması hissəsinə münbasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. İş materiallarında olan subicarə müqaviləsinin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq 25 manat (əsas borcun 5%-i həcmində) məbləğində cərimə borcunun cavabdehdən tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən 500 manat əsas, 25 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “vəkil xidmətinə görə ödənilmiş 320 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən ödəniş tapşırığının təqdim edilməməsi, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi, məhkəmə iclaslarında tərəflərin iştirak vəziyyəti, iddia icraatı çərçivəsində məhkəmə iclaslarında iştirak etməməsi, yalnız müraciətlər formasında işdə iştirakı və vəkilin nəzərdə tutulan işdə fəallığı hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 100 manat məbləğində pulun tutulması əsaslı, ədalətli və qanunidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 1,36 manatı iddiaçıdan, 28,64 manatı cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş və həmin məbləği cavabdehdən tələb etsə də, iddia tələbinin qismən təmin edilməsinə uyğun olaraq cavabdehdən 28,64 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, digər hissəsi isə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat icarə haqqı borcu, 25 manat cərimə borcu olmaqla, cəmi 525 manat pul, 28,64 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar