Məhkəmə qərarları › İş №e-2-2(117)-867/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-867/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-867/2022 25.07.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 3600 manat icarə haqqı borcunun, ona hesablanmış 2277 manat cərimə borcunun və 100 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi iıə əlaqədar İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 44 nömrəli icarə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə İddiaçı MMC ünvan 1 ünvanında Bakı Beynəlxalq Avtovağzal Komplekinin Ticarət Mərkəzində yerləşən, hər biri 1 kvadrat metr ölçüdə olan 3 ədəd köşkü icarəyə verməyi, Cavabdeh isə İddiaçı MMC-yə icarəyə verilən sahədən istifadəyə görə hər ay kommunal və sair xərclər daxil olmamaqla 900 manat həcmində icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 44 nömrəli icarə müqaviləsinə xx.xx.2019-cu ildə xitam verilmişdir. Lakin Cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, onun 4 ay üçün ödənilməmiş 3600 manat icarə haqqı borcu və ona hesablanmış 2277 manat cərimə borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməmiş və onun 3600 manat icarə haqqı borcu və ona hesablanmış 2277 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5877 manat ödənilməmiş borcu qalmışdır. Borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixdə “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bildiriş xx.xx.2022-ci il tarixdə çatdırılması üçün Zaqatala Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh Mahirə Rmazanova xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarix də daxil olmaqla ümumilikdə 4500 manat icarə haqqı ödəmiş, xx.xx.2019-cu il tarixə onun 3600 manat icarə haqqı borcu və ona hesablanmış 2277 manat məbləğində cərimə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 161 nömrəli əmrindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli 44 nömrəli icarə müqaviləsinə xx.xx.2019-cu il tarixdən birtərəfli qaydada xitam verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 44 nömrəli icarə müqaviləsinin 9.3cü bəndinə əsasən Hər iki tərəf dgər tərəfi 1 (bir) ay əvvəlcədən xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ vardır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış icarə müqaviləsi, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra – MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. İş materiallarına əlavə edilmiş maliyyə aryışından da bəlli olur ki, Cavabdeh xx.xx.2018-ci il tarixində 900 manat, xx.xx.2018-ci il tarixində 900 manat, xx.xx.2018-ci il tarixində 200 manat, xx.xx.2018-ci il tarixində 700 manat, xx.xx.2018-ci il tarixində 700 manat, xx.xx.2018-ci il tarixində 200 manat, xx.xx.2018-ci il tarixində 900 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, icarəyə verən icarəçi qarşısında icarə müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, icarəçi Cavabdeh öhdəliyini lazmınca yerinə yetirmədiyindən 2018-ci ilin dekabr, 2019-cu ilin yanvar, fevral, mart ayları daxil olmaqla onun 3600 manat icarə haqqı borcu qalmışdır. İddiaçı qeyd edilən borcu tələb etməkdə haqlıdır. İddiaçı əsas borca hesablanmış 2277 manat cərimə borcu tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən İcarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ona ayın 11dən etibarən ödənişin gecikdirdiyi məbləğin 1% həcmində cərimə ödəməlidir. İcarəçi müqavilə şərtini pozduğu hər hal üçün icarəyə verənə 100 manat cərimə (dəbbə) ödəməlidir. Məhkəmə 2277 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, MM-in: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 462.3-ci maddəsinə əsasən, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas borcun həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə məbləği azaldılmaqla cavabdehdən 2277 manat deyil, 50 manat məbləğində cərimə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırda iddianın məbləğinə mütənasib dövlət rüsumu 78,77 manat məbləğindədir. İddiaçı MMC tərəfindən 100 manat mediasiya xərci ödənildiyindən iddiaçı tərəf dövlət rüsumu ödəməkdən azaddır. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 3600 manat icarə haqqı borcu, ona hesablanmış 50 manat cərimə borcu və 100 manat mediasiya xərci tutulularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməli olan dövlət rüsumunun 51,56 manat hissəsi cavabdehdən, 27,21 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar