Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-869/2025 17.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 1000 manat əsas, 100 manat cərimə borcu olmaqla, ümumilikdə 1100 manat pul vəsaitinin və 31 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “cavabdehdən 1000 manat əsas, 100 manat cərimə borcu olmaqla, ümumilikdə 1100 manat pul vəsaitinin və 31 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” tələbinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən ümumilikdə 40 kv.m sahənin icarəyə verilməsi barədə subicarə müqaviləsi bağlanmışdır. Tərəflərin birgə razılığına əsasən, xx.xx.2023cü il tarixdə müqaviləyə xitam verilmişdir. Müqavilə üzrə cavabdehin 1000 manat borcu yaranmışdır. İcarəçiyə hüquqi şəxsə olan borcunun qısa zamanda ödənilməsi üçün şərait yaradılmasına baxmayaraq, sonuncu ödənişi icra etməmişdir. Ödəniş gecikdirildiyi təqdirdə, icarəçiyə, ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0,5 % həcmində, lakin ümumi məbləğin 10%-dən çox olmamaq şərtilə cərimə tətbiq etmək səlahiyyəti vardır. Cavabdehin öhdəlikdən yayınmasından 634 gün keçməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliyini icra etməkdən bilərəkdən yayınır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, pretenziya verilməsinə, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Həmçinin cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. İddiaçı əsas və cərimə borcunun cavabdehdən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında xx.xx.2023-ci il tarixli 00**-İM-***223/001 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 40.0 kv.m olan qeyriyaşayış sahəsini avtoyuma kimi istifadə məqsədilə icarəçinin istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Həmin müqavilənin 3.4.8-ci bəndinə əsasən icarə haqqını hazırkı müqavilədə göstərilən qaydada vaxtında müvafiq ödəniş tarixində ödəmək icarəçinin öhdəliyidir. Müqavilənin 4.1-ci bəndinə əsasən icarəyə verən müqavilə imzalandıqdan sonra təhvil-təslim aktı əsasında icarəçiyə təhvil verməli icarəçi isə təhvil almalıdır. Müqavilənin 6.1-ci bəndinə əsasən icarə obyekti üzrə aylıq icarə haqqı ƏDV daxil 250 manat təşkil edir. Müqavilənin 6.2-ci bəndinə əsasən icarə haqqı xx.xx.2023-cü il tarixindən etibarən hesablanacaqdır və bu müqavilə imzalandıqdan sonra hər ayın ilk 5 iş günü ərzində avans olaraq ödəniləcəkdir. Həmin müqavilənin 13.1-ci bəndinə əsasən müqavilə üzrə hüquq və öhdəliklər xx.xx.2023-cü il tarixindən qüvvəyə minir və xx.xx.2024-cü il tarixinədək qüvvədə qalır. Müqavilənin müddəti başa çatdıqda və ya müqaviləyə vaxtından əvvəl xitam verildikdə icarəçi icarə obyektini 15 təqvim günü ərzində tam şəkildə öz hesabına boşaltmalı və icarəyə verənə təhvil-təslim aktı əsasında təhvil verməlidir. Təhvil müddəti ərzində icarə haqqının tam şəkildə ödənişi təmin edilməlidir. Daha sonra İddiaçı MMC ilə Cavabdeh razılığa gələrək xx.xx.2023-cü il tarixində “xx.xx.2023-cü il tarixli 00**-İM-***223/001 nömrəli icarə müqaviləsinə xitam verilməsi” barədə saziş bağlayaraq subicarə müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilməsini və icarəçi tərəfindən ödənilməmiş icarə haqqı borcunun 10 iyul 2023-cü il tarixədək icarəyə verənin bank hesabına ödənilməsini müəyyənləşdirmişlər. Əlavə olaraq, xx.xx.2023-cü il tarixli EBDB seriyalı 043180 nömrəli, xx.xx.2023-cü il tarixli EBDE seriyalı 987237 nömrəli, xx.xx.2023-cü il tarixli EBDH seriyalı 151465 nömrəli, xx.xx.2023-cü il tarixli EBDC seriyalı 904893 nömrəli 1000 manat məbləğində Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar məhkəməyə təqdim edilmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, əvvəllər icarə obyektini avtoyuma kimi Qəbələ avtovağzalında işlədirdi. Gilan Holdingin şirkət əməkdaşı ona bildirdi ki, Bakıdan kod gələcək, pulu həmin kod əsasında ödəyəcək. Ancaq kod gəlmədi. O, avtovağzalı 2 ay işlətmiş, sonradan isə işlətməmişdir. 4 ay keçdikdən sonra isə avtovağzalın müdiri ona zəng edib kodun gəldiyini bildirdi. O da işləmədiyi üçün borcu ödəyə bilməmişdir. Hazırda da borcu ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən köməklik göstərilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: subicarə müqaviləsi, subicarə müqaviləsinə xitam verilməsi barədə saziş və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, AR Mülki Məcəlləsinin : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarə haqqında Azərbaycan Respublikası Qanununun:
1. İcarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. həm də icarə ödənişinin məbləği icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirilir.
14. İcarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır. Məhkəmə iddia tələbinin 1000 manat əsas borcun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-ci il tarixli 00**-İM-***223/001 nömrəli subicarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən icarəyə verən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 40.0 kv.m olan qeyri-yaşayış sahəsini avtoyuma kimi istifadə məqsədilə icarəçinin istifadəsinə verməyi, icarəçi isə razılaşdırılmış ƏDV daxil 250 manat aylıq icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra məhkəməyə təqdim edilmiş subicarə müqaviləsinə xitam verilməsi barədə sazişdən göründüyü kimi xx.xx.2023-cü il tarixdən subicarə müqaviləsinə xitam verilməsi və ödənilməmiş icarə haqqı borcunun isə 10 iyul 2023-cü il tarixədək ödənilməsi barədə tərəflər razılaşmışlar. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən öhdəliklərinin lazımi qaydada icra edilməməsi səbəbilə 1000 manat icarə haqqı borcunun qaldığını bildirmişdir. Bundan başqa cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatında icarə müqaviləsi bağladığını, daha sonra ona kod gələcəyini, ödənişi kod vasitəsilə edəcəyini bildirdiklərini, lakin kodun gəlmədiyini və icarə obyektini 2 ay işlətdiyini, sonradan isə işlətmədiyini, 4 ay keçdikdən sonra isə avtovağzalın müdirinin ona zəng edib kodun gəldiyini bildirdiyini, lakin maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini bildirmişdir. İş materialları araşdırıldıqda da görünür ki, tərəflər subicarə müqaviləsinə xitam verilməsi barədə sazişlə müqavilənin xx.xx.2023-cü il tarixindən xitam verilməsinə razılaşmışlar və bu razılaşma iddiaçının nümayəndəsinin imzası, möhürü və cavabdehin imzası ilə təsdiqlənmişdir. İş üzrə cavabdeh tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmaması, həmin borcun əsassızlığı ilə bağlı hər hansısa münasibət bildirilməmiş, maddi imkanı olmadığından ödəyə bilmədiyini bildirərək məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə əlavə araşdırma aparmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Məhkəmə tələbin 100 manat cərimə borcunun tutulması hissəsinə münbasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. İş materiallarında olan subicarə müqaviləsinin 3.1.2-ci bəndinə əsasən icarə haqqının ödənişi gecikdirildiyi halda, icarəçiyə ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 0.5% məbləğində cərimə tətbiq ediləcəkdir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq 50 manat (əsas borcun 5%-i həcmində) məbləğində cərimə borcunun cavabdehdən tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdehdən 1000 manat əsas, 50 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 31 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş 31 manat dövlət rüsumunun 1,41 manatı iddiaçıdan, 29,59 manatı cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 31 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş və həmin məbləği cavabdehdən tələb etsə də, iddia tələbinin qismən təmin edilməsinə uyğun olaraq cavabdehdən 29,59 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, digər hissəsi isə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat icarə haqqı borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 1050 manat pul və 29,59 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Mübariz Hüseynov