Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-870/2025 15.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən xx.xx.2023-cü il tarixli kredit razılaşması üzrə 4899.89 manat kredit borcu, 510.32 manat faiz borcu və 105.84 manat cərimə borcu olmaqla, ümumilikdə 5516.05 manat borcun, ödənilmiş 75.16 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh (kredit alan) arasında bağlanmış 035L**********71 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yuxarı faiz dərəcəsi 28 faiz olmaqla 500 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 4.4-cü maddəsinə əsasən kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən bank kredit alan krediti və faizi banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02%-i məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış **********01 nömrəli Analoq imzanın tətbiq edilməsi barədə Razılaşmanın: 2.1-ci maddəsinə əsasən, müştərinin Banka göndərdiyi SMS-in və ya elektron poçtun mətnində təsdiq xarakterli söz və ya ifadəni, habelə Banka tərəfindən tələb olunduğu təqdirdə müştərinin telefon nömrəsinə göndərilmiş xüsusi kodu qeyd etməsi müştərinin müvafiq əqd (həmçinin ərizə və digər sənəd) üzrə imzası hesab olunur. 3.1-ci maddəsinə əsasən, müştəri analoq imzadan istifadə etməklə Banka yazılı ərizə ilə müraciət etmək, habelə digər əqdləri, o cümlədən müqavilələri və sənədləri imzalamaq hüququna malikdir. 3.2-ci maddəsinə əsasən, müştəri qəbul edir ki, Bank müştərinin analoq imza ilə ərzilərin, tapşırıqların, sərəncamların, etirazların, müqavilələrin və sairə sənədlərin təsdiq edilməsini müştərinin həmin sənədlər üzrə iradəsinin ifadəsi hesab edəcək. 3.3-cü maddəsinə əsasən, bu razılaşmanı imzalamaqla müştəri təsdiq edir ki, müştərinin analoq imza ilə imzalamaqla Banka göndərdiyi müqavilələr, habelə müqavilələrin bağlanması üçün Azərbaycan Respublikasının hüquqi aktları ilə tələb olunan əlaqəli sənədlər müştərinin şəxsən kağız üzərində yazılı qaydada imzaladığı sənədlər ilə eyni hüquqi qüvvəyə malik olur. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 035L**********71 saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmış, bundan sonra uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Cavabdeh xx.xx.2023-cü il tarixində 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 7000 manat krеdit verilmişdir (SMS vasitəsilə imza etməklə). O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2025- ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh götürdüyü krеdit bоrcundan 2100.11 manat ödəniş etmiş, onun 4899.89 manat kredit borcu qalmışdır. O, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 125 gün üçün hesablanmış faiz borcu 510.32 manat, cərimə borcu isə 105.84 manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 331.3-cü, 406-cı, 442-ci, 445.2.1-ci, 448.1-ci, 465.2-ci, 467-ci, 501-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddələri və 12-ci fəsli göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, bankla Cavabdeh arasında kreditin götürülməsi barədə online qaydada sms bildiriş vasitəsilə yazışma olmuş, həmin bildirişlərin məzmunundan göründüyü kimi cavabdeh 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.17%, FİFD 26.81 olmaqla 7000 manat məbləğində kreditin götürülməsini xx.xx.2023-cü il tarixdə qeyd edilən kodu sms vasitəsilə göndərməklə təsdiqləmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək nəzərdə tutulmuş 7000 manat məbləği cavabdehə vermiş (hesabdan çıxarışdan göründüyü kimi), sonuncu isə götürdüyü krеdit bоrcundan qismən ödəniş etmiş, qalan məbləğ ödənilməmiş qaldığından tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırkı iddia tələbi ilə müraciət edərək “4899.89 manat krеdit bоrcu, 510.32 manat faiz bоrcu və 105.84 manat cərimə borcunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədlərinin rəsmi qaydada xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanı üzrə çatdırılmasına baxmayaraq cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, analoq imzanın tətbiq edilməsi barədə razılaşma, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsi və xx.xx.2023-cü il tarixli **********01 nömrəli Analoq imzanın tətbiq edilməsi barədə Razılaşmanın şərtləri əsasında bank tərəfindən cavabdehə online qaydada 36 ay müddətinə aylıq faiz dərəcəsi 2.17%, FİFD 26.81 olmaqla 7000 manat məbləğində kredit verilmişdir. İddiaçı öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 7000 manat məbləği cavabdehə vermiş, sonuncu isə götürdüyü öhdəliyini lazımınca yerinə yetirməmiş, götürdüyü kredit borcundan cəmi 2100.11 manat ödəniş etmiş və nəticədə ödənilməmiş borcları yaranmışdır ki, iddiaçı həmin borc məbləğlərinin 4899.89 manat krеdit bоrcu, 510.32 manat faiz bоrcu və 105.84 manat cərimə borcu olmasını iddia edir. Belə ki, iddiaçının ərizəsində qeyd etdiyi 4899.89 manat krеdit bоrcu, 510.32 manat faiz bоrcu və 105.84 manat cərimə borcu məbləğləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarış sənədi ilə təsdiq edilir ki, cavabdehlər bunun əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi təmin edilərək cavabdehdən 4899.89 manat krеdit bоrcu, 510.32 manat faiz bоrcu və uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə əsasən hesablanmış 105.84 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş olan 75.16 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4899.89 manat əsas bоrc, 510.32 manat faiz bоrcu, 105.84 manat cərimə borcu olmaqla, cəmi 5516.05 manat pul vəsaiti və 75.16 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov