Məhkəmə qərarları › İş №e-2-2(117)-877/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-877/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-877/2025 06.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2023-cü il tarixli, AXFS- 4093 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1935,44 manat, faiz borcuna görə 187,23 manat, dəbbə borcuna görə 74.74 manat olmaqla, cəmi 2197.41 manat məbləğində pulun və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında AXFS-4093 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh1 əsas vəsaitlərin artırılması məqsədilə 5000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti və ona hesablanmış faizi ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir. 2.3-cü bəndinə əsasən kreditə görə illik 24% faiz hesablanır. 2.14.2-ci bəndinə əsasən, müqavilənin müddəti ərzində “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 faizi (gecikmənin birinci günüdən başlayaraq gündəlik olaraq) məbləğində cərimə tətbiq edilir. Borcalan Cavabdeh1 xx.xx.2023-cü il tarixli, AXFS-4093 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında AXFS-4093 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə zamin, bank qarşısında əsas borclu Cavabdeh1 öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə borcalanla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 1935,44 manat kredit borcu, 187,23 manat faiz borcu və 74.74 manat cərimə borcu qalmışdır. Cavabdeh borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş ümumilikdə 2197.41 manat bоrcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişləri və sənədləri rəsmi qaydada xx.xx.2025-ci il tarixdə Cavabdeh2, xx.xx.2025-ci il tarixdə Cavabdeh1, xx.xx.2025-ci il tarixdə isə Cavabdeh3 ünvanları üzrə çatdırılmasına baxmayaraq qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqavilələri, arayış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) : 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında AXFS-4093 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh1 əsas vəsaitlərin artırılması məqsədilə 5000 manat məbləğində kredit verməyi, sonuncu isə krediti və ona hesablanmış faizi ödəniş cədvəlinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2023-cü il tarixli, AXFS-4093 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək müqavilə ilə nəzərdə tutulmuş 5000 manat məbləği Cavabdeh1 vermiş, lakin sonuncu üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 1935,44 manat əsas borcu və 187,23 manat faiz borcu və 74.74 manat cərimə borcu qalmışdır. Borcun mövcudluğuna dair arayışı iddiaçı məhkəməyə təqdim etmişdir. Həmin arayışdan da göründüyü kimi cavabdehin xx.xx.2025-ci il tarixə qalıq borcu əsas, faiz və cərimə borcu olmaqla cəmi 2197,41 manat təşkil etmişdir. Cavabdeh borcunu ödəmədiyindən iddiaçı haqlı olaraq hazırkı tələbi irəli sürmüşdür. Cavabdehlər əsas, faiz və dəbbə pulu borcuna münasibətdə hər hansı bir etiraz və ya münasibət bildirməmiş, borcu mübahisələndirməmiş, bu səbəbdən məhkəmə tərəfindən də borc məbləğinin reallığa uyğun olmaması ilə bağlı arqumentlər mövcud olmadığından əlavə araşdırma aparılmamışdır. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin 2.14.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında ödəmədikdə ödənilməmiş məbləğin 1%-i həcmində cərimə tətbiq edilir. Məhkəmə iddia tələbində göstərilən dəbbə pulu məbləğinə münasibətdə qeyd edir ki, tələb edilən dəbbə pulunun məbləği tərəflərin əmlak mənafelərinə uyğun olmaqla ədalətli və qanuni hesab edilə biər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır və buna görə də əsas borclu Cavabdeh1 və zamin olan cavabdehlərdən 1935,44 manat əsas borc, 187,23 manat faiz borcu və kredit müqaviləsinin 2.14.2-ci bəndinə əsasən hesablanmış 74.74 manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 41.98 manat təşkil edir. İddia tələbi təmin edildiyindən iddianın qiymətinə uyğun hesablanmış 41.98 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş hissədə iddiaçıya aid edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1935,44 manat əsas, 187,23 manat faiz borcu, 74.74 manat cərimə borcu olmaqla, ümumilikdə 2197.41 manat məbləğində pul və 41.98 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar