Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-882/2023 10.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi X4, İddiaçı nümayəndəsi X10, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yazılı qaydada bildirilməklə təkzib edilməsi, cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının nüfuzuna vurulmuş zərərə görə 15000 manat məbləğində zərərin və 200 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yazılı qaydada bildirilməklə təkzib edilməsi və cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi bazar seqmentində iddiaçının nüfuzuna vurulmuş zərərə görə 15000 manat məbləğində zərərin və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı X3 (Əlavə 1) qeyd edilən texniki avadanlıqları nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-ə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir və alınır. Həmin Müqavilənin 2.1.7-ci bəndinə əsasən, satıcı malın alıcının sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlama vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxlayıcı avadanlıqlarla da təchiz etmək hüququna malikdir. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair X1 (Əlavə 1) görünür ki, ilkin ödəniş 3000 manat olmaqla, 18 ay müddətinə yəni, xx.xx.2022-ci il tarixədək hər ay ayda 1355 manat, sonuncu ay isə 1348 manat olmaqla ödəniş edilməsini alıcı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair zəmanət talonundan (Əlavə 2) görünür ki, avadanlığa zəmanət dövrü ərzində tam texniki servis göstərilir. “Wertex” tipli cihazlar üçün 10 000 000 atış sayına zəmanət verilir. Təmir müddəti ərzində ehtiyac yaranarsa, müştəri müvəqqəti olaraq başqa aparatla təmin olunur. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. Avadanlığa satıcı 1 il zəmanət verir. Qarantiya müddəti satıcı tərəfindən malın alıcının sahibliyinə verildiyi andan hesablanır. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, 1.1-ci bəndinə əsasən, satıcı X3 (Əlavə 1) qeyd edilən texniki avadanlıqları nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və Əlavə 1-ə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən, satılan mallar tərəflər arasında imzalanmış təhvil-təslim aktı əsasında təhvil verilir və alınır. Həmin Müqavilənin 2.1.10-cu bəndinə əsasən, satıcı malın alıcının sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlama vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxlayıcı avadanlıqlarla da təchiz etmək hüququna malikdir. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə dair X1 (Əlavə 1) görünür ki, ilkin ödəniş 650 manat olmaqla, 4 ay müddətinə yəni, xx.xx.2023-cü il tarixədək hər ay ayda 463 manat, sonuncu ay isə 461 manat olmaqla ödəniş edilməsini alıcı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə dair zəmanət talonundan (Əlavə 2) görünür ki, avadanlığa zəmanət dövrü ərzində tam texniki servis göstərilir. “Wertex” tipli cihazlar üçün 10000000 atış sayına zəmanət verilir. Təmir müddəti ərzində ehtiyac yaranarsa, müştəri müvəqqəti olaraq əvəzedici aparatla təmin olunur. Zəmanət müddəti 1 ildir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı (ADSS SCREEN EKRAN WERTEX 1200 (Y4/5) satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. İddiaçı məhkəməyə təqdim etdiyi iddiasında bildirir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən mala mülkiyyət hüququ malın dəyəri tam ödənilənədək iddiaçıda (Satıcıda) qalmasına baxmayaraq cavabdeh (Alıcı) Satıcının razılığı olmadan müqavilənin predmeti olan avadanlığın daxili konstruksiyasına müdaxilə etmiş, nəticədə avadanlığa zərər vurmuşdur. Bununla bağlı Balakən Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Cavabdeh iddiaçının hüquqlarının müdafiəsi üçün atdığı addımdan xəbərdar olduqdan sonra qərəzli olaraq, işgüzar nüfuzunu hədəf alaraq müştərilər arasında anti-reklam xarakterli təbliğat işləri aparmağa başlamışdır. Cavabdeh, iddiaçının müştərilərinin əlaqə nömrələrini əldə etmiş, “Whatsapp” platformasında “AzEstetik” adlı qrup yaradaraq həmin müştəriləri qrupa əlavə etmişdir. Daha sonra həmin qrup vasitəsilə qrup üzvlərinə şirkətin satışını həyata keçirdiyi avadanlıqların keyfiyyət parametrləri, işgüzar etikası haqqında təhrif olunmuş informasiyalar ötürmüşdür. Cavabdeh qeyd olunan qrupa ünvanladığı səsli ismarıclar vasitəsilə guya şirkətin satdığı avadanlıqların əvvəllər başqa şəxslər tərəfindən istifadə olunduğunu, eləcə də şirkətin əməkdaşları tərəfindən müştərilərə qarşı nalayiq ifadələrdən istifadə olunaraq onların təhqir olunduğunu iddia etmişdir. Bununla yanaşı cavabdeh, şirkət tərəfindən müvafiq dövlət orqanlarına edilmiş müraciətlərə əhəmiyyətsiz və nəticəsi olmayan tədbirlər donu geyindirərək müştəriləri şirkətin əleyhinə addımlar atmağa təşviq edən çağırışlar etmişdir. Cavabdeh bu cür informasiyaları təkcə “Whatsapp” platformasında deyil, digər sosial şəbəkələr vasitəsilə də yaydığını etiraf edir. Cavabdeh İddiaçı MMC-nin işgüzar nüfuzunu hədəf alan hüquqazidd əməlləri bununla yekunlaşmamışdır. Cavabdeh ona məxsus olan “lazer_epilyasiya_zaqatala” adlı istifadəçi hesabı vasitəsilə instagram sosial şəbəkəsində İddiaçı MMC-nin əməkdaşlarını “dolandırıcı, ikiüzlü, mütəşəkkil dəstə” adlandırmışdır. Yuxarıda qeyd olunanlarla yanaşı Balakən Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh çıxış edərkən məhkəmə zalında çoxsaylı insanların iştirakı ilə Dövlət Təhlükəsizlik Xidməti adından guya hazırda DTX-da İddiaçı MMC barəsində cinayət işinin başlandığını bildirmişdir. Sədrlik edən hakim, eləcə də şirkətimizin nümayəndəsi tərəfindən müvafiq faktın həqiqətə uyğun olub-olmaması bir neçə dəfə soruşulduqda Cavabdeh proses iştirakçılarının, eləcə də zalda iştirak edən digər şəxslərin qarşısında faktın doğruluğunu əminliklə vurğulayaraq təsdiq etmişdir. Hətta hakim hüquq mühafizə orqanı olan bu cür dövlət orqanının adından yalan məlumat verdiyi təqdirdə məsuliyyətə cəlb olunacağını bir neçə dəfə ona xatırlatsa da o, israrla öz fikirlərində qalmış və eyni cavabı vermişdir. Məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə sorğu ilə müraciət edilmiş, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə cavabdehin iddia etdiyi faktın doğru olmadığı bəlli olmuşdur. Bundan başqa cavabdeh “Azcosmetics” adlı şirkətin Tik-tok istifadəçi hesabında yayımlanmış video-çarxlarla hüquqazidd əməlinə davam etmişdir. Cavabdehin iştirakı ilə hazırlanmış həmin video-çarxda aşağıdakı həqiqətə uyğun olmayan ifadələr yerləşdirilmişdir: “Zaqatala rayonundan Xalima xanım aldadıldı. Cihazını qıraqdan idarə edərək pul tələb etdilər!”, “600 Wt gücə sahib “Wertex” cihazını 900 Wt deyib aldadaraq satdılar!!!”, “Özünü həkimkimi təqdimedib sertifikat verdilər!!!” Cavabdehin mövqeyinə görə guya şirkət ona bəyan edilmiş parametrlərdən daha zəif gücə malik aparat satmışdır. Halbuki bu fikir heç bir fakta əsaslanmır və həqiqətə uyğun deyildir. Bununla yanaşı cavabdeh, İddiaçı MMC-nin satıcı olaraq alıcıdan müqavilə üzrə öhdəliklərini icra etməyə dair tələbinə hüquqazidd əməl donu geyindirməyə çalışmışdır. Bildiririk ki, yuxarıda sadalanan hərəkətlər cari və potensial müştərilər arasında, eləcə də bazar mühitində şirkətin işgüzar nüfuzunu zədələməklə ona əhəmiyyətli dərəcədə zərər dəyməsinə səbəb olmuşdur. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehin dediyi Sevinc Cəlilovanın həkim olub-olmaması məsələsinin iddia tələbinə aidiyyəti yoxdur. Cavabdehin təqdim etdiyi aparatın şəkillər və Səhiyyə Nazirliyindən gələn məktub da məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. İddiaçı tərəf olaraq buna etiraz edirlər. İddia tələbinə gəldikdə isə iddia tələbi işgüzar nüfuza qəsdən vurulan zərərdən ibarətdir. Xalimə xanımın ünvanladığı məktubdan da görünür ki, onun məqsədi şirkəti cəzalandırmaq olmuşdur. Halbuki, xanım aparatın nasazlığı ilə bağlı məlumat versəydi şirkətin əməkdaşları onu təmir edə bilərdilər. Cavabdeh bu hərəkətləri onlara rəqib şirkət olan "xxxx" MMC ilə birgə təşkil etmişlər. Cavabdeh whatsapp qrupu yaratmış, həmin qrupa şəxsləri onların icazəsi olmadan daxil etmiş və onların şirkəti və işçilərinin yalançı, ikiüzlü olduğunu bildirmiş, həmçinin, şirkətin əmtəə nişanı olmadan aparat satdığını, aparatın içində uzaqdan idarə edilən çiplə söndürüldüyünü bildirmişdir. Bununla da şirkətin işgüzar nüfüzuna ciddi zərər vurmuşdur. Aparatın içində çip olması barədə müqavilədə də qeyd öz əksini tapmışdır. Bu da alıcının aparatın ödənişini gecikdirməsinin, həmçinin oğurlanmasının qarşısını almaq məqsədilə edilmişdir. Həmçinin, cavabdehin VÖEN-i dayandırılsa da hazırda fəaliyyətini davam etdirir, ona məxsus instagram səhifəsində də işi ilə bağlı sifarişlər qəbul edir, paylaşımlar edir, ancaq vergidən yayınır. Bütün qeyd edilənlərə əsasən bildirdi ki, iddia tələbində haqlıdırlar və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X2 Ceyhun Ehtibar oğlunun izahatında dediklərini təsdiq etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, aparatın şəkilləri gətirmişdir. Həmin şəkilləri üzəringə heç bir əmttə nişanı yoxdu. Şirkət ona lazer aparatı ilə bağlı təlim keçən Sevinc Cəlilovanın həkim olmasını bildirsə də, Səhiyyə Nazirliyindən aldığı məktubda onun həkim olmaması qeyd edilmişdir. O, onu İnstagram hesabında yazaraq paylaşmışdır. Ondan sonra "xxxx" MMC həmin xanımın adından doktor sözünü yığışdırdı. Aparatın su ilə bağlı problemi ekran xarab olduqdan sonra yaranmışdır. Hazırda həmin ekranı işlədir. O, aparatın problemi ilə əlaqədar dəfələrlə şirkətə müraciət etmişdir. Sonuncu dəfə problemlə əlaqədar olaraq şirkət müraciətlərinə cavab verməmişdir. Ona görə də o, təmir üçün başqa servisə müraciət etməli olmuşdur. Həmin şirkətin adı "xxxx" MMC-dir. Həmin şirkətin ustası aparatın içini açıb baxanda bilmişdir ki, aparatın içində uzaqdan idarə edilən çip vardır. Həmçinin, aparatın işlənmiş olduğunu da onda bilmişdir. Çünki aparatın içindəki detalların üzərində cızıqlar və kley izləri müşahidə olunurdu. Müqavilədə aparatın təzə olması qeyd edilsə də, ona işlənmiş aparat vermişlər. Həmçinin, onun aparatının barını da dəyişiblər, lakin ona demişdilər ki, yalnızca təmir edirlər. Ona zəmanət vermişdilər ki, barın 10 milyon atış sayı var, Lakin bar 6 milyon atışdan sonra xarab oldu və o, yeni bar almaq məcburiyyətində qaldı. Aparatın barı xarab olanda zəmanət müddəti artıq bitmişdi. Aparatın işlənmiş olduğuna dair digər sübut isə aparatı alarkən onun üzərində 100 000 atış sayının qeyd edilməsidir. İddiaçı şirkətə rəqib olan şirkət onu bu sözləri deməyə vadar etməmişdir, əksinə o özü aparatdakı nasazlıqlarla bağlı qeyd eidlən şirkətə müraciət etmişdir. Bu işdə zərər çəkən o özüdür. Qeyd edilənlərə əsasən, hesab edir ki, iddiaçı şirkət tərəfindən aldadıldığından dediklərində haqlıdır və iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, cavabdehin şirkətdən aldığı aparatla bağlı bir neçə dəfə problem olmuş, gedib yerində təmir etmişlər. Sonradan isə ekranla bağlı problem yaranmış, ekranı təmir edib özünə qaytarsa da ekran demək olar ki, 1 ay işlədi. Lakin, sonra cavabdehin ekranın işləmədiyini bildirən o dedi ki, ekranı dəyişmək lazımdır. Lakin cavabdeh deyir ki, köhnə ekranı işlədir. Ekranı dəyişəndən sonra su filtrində problem yarandı. Cavabdeh əsəbləşdi ki, hər dəfə aparatla bağlı problem yaranır və o normal fəaliyyət göstərər bilmir. Aparatı verilən zaman işlənmiş olub-olmaması ilə bağlı fikir deyə bilməz, çünki o aparatı düzəldəndə aparat artıq iki ilə yaxın müddət idi ki, cavabdeh tərəfindən istifadə olunurdu. xx.xx.2023-cü il tarixində cavabdehin iddiaçı şirkətə ünvanladığı şikayətin məzmunundan görünür ki, şikayət şirkətin cavabdehə mənşəyi məlum olmayan aparatın verilməsi, lazımınca diqqətin yetirilməməsinə görə aparatda nasazlıqların vaxtında aradan qaldırılmaması və digər səhlənkar hərəkətlərinə görə cəzalanmalı olması istiqamətində yazılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh Balakən Rayon Polis Şöbəsində yazdığı izahatın məzmunundan görünür ki, cihazda olan çip aparatını o özü çıxartmışdır. Ona vurulan maddi və mənəvi zərərlər bağlı məhkəməyə müraciət edəcəkdir. İş materiallarında olan iddiaçının nümayəndəsi olan Kamran adlı şəxslə cavabdeh arasında olan whatsapp yazışmalarının məzmunundan görünür ki, kredit ödənişləri vaxında ödənilmişş, ancaq ekranın dəyişdirilməsindən sonra bir müddət ödəniş edildikdən sonra növbəti ödənişin edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Səbəb isə ekranın ona baha satılmasından ibarətdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh 923 manat əsas borc, 92 manat cərimə borcu və ödənilmiş 60 manat mediasiya xərcinin tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: alqı-satqı müqavilələri, whatsapp yazışmaları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Əvvəlcə məhkəmə onu qeyd edir ki, hazırkı iş üzrə tərəflərin subyektiv tərkibi kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər olduğundan və mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığından, hazırkı işə kommersiya məhkəmələri tərəfindən baxılmalıdır. Məhkəmə icraatı zamanı məhkəmənin təşəbbüsü ilə dəfələrlə tərəflər arasında barışıqla bağlı müzakirələr aparılmış, lakin tərəflər arasında barışıq əldə olunmamışdır. İddiaçı tərəf onlar üçün kompensasiya məbləğinin əhəmiyyət daşımadığını hesab etməklə, həm üzr istəmək, həm təqzib vermə tələblərinin icra edildiyi təqdirdə iddiadan imtina edə biləcəklərini bildirmiş və müəyyən xidmətlərin pulsuz həyata keçirilməsini təklif etmişdir. Cavabdeh tərəf üzr istəməklə bağlı təklifi həyata keçirməyəcəyini, yalnız qismən haqsız olması ilə bağlı məsələnin müzakirəsinin mümkünlüyünü bildirmişdir. Bundan başqa isə cavabdeh tərəf sosial şəbəkələrdə rəqib şirkət olan "xxxx" MMC-nin ünvanına hər hansı zərərli ifadələr işlədilməsi ilə bağlı təklifi də rədd etmişdir. Tərəflər arasında barışığın mümkünsüzlüyündən sonra, iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh isə iddiaya etiraz etdikləri dəlillərə əsaslanaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Hazırki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin tarixdə müqavilədə razılaşdırılmış VVertex lazer aparatı (bundan sonra mətndə aparat) təhvil-təslim aktı əsasında alıcıya təhvil verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. Avadanlığa satıcı 1 il zəmanət verir. Qarantiya müddəti satıcı tərəfindən malın alıcının sahibliyinə verildiyi andan hesablanır. xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə dair zəmanət talonuna əsasən, avadanlığa zəmanət dövrü ərzində tam texniki servis göstərilir. “Wertex” tipli cihazlar üçün 10 000 000 atış sayına zəmanət verilir. Təmir müddəti ərzində ehtiyac yaranarsa, müştəri müvəqqəti olaraq başqa aparatla təmin olunur. Həmçinin, qeyd edilən alqı-satqı müqaviləsinə dair X5 (Əlavə 1) əsasən, ilkin ödəniş 3000 manat olmaqla, 18 ay müddətinə, yəni, xx.xx.2022-ci il tarixədək hər ay ayda 1355 manat, sonuncu ay isə 1348 manat olmaqla ödəniş edilməsini alıcı öhdəsinə götürmüş və öhdəliyini lazımınca icra edərək ödənişləri vaxtından əvvəl həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında yenidən alqı-satqı müqaviləsi bağlanaraq 1.1-ci bəndinə əsasən, ADSS SCREEN EKRAN WERTEX 1200 (Y4/5) ilkin ödəniş 650 manat olmaqla, 4 ay müddətinə yəni, xx.xx.2023-cü il tarixədək hər ay ayda 463 manat, sonuncu ay isə 461 manat olmaqla ödəniş edilməsi şərtilə Cavabdeh satılmışdır. Həmin müqavilə üzrə “Wertex” tipli cihazlar üçün 10000000 atış sayına zəmanət verilir. Təmir müddəti ərzində ehtiyac yaranarsa, müştəri müvəqqəti olaraq əvəzedici aparatla təmin olunur. Zəmanət müddəti 1 ildir. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, müqavilədə qeyd edilən avadanlığı (ADSS SCREEN EKRAN WERTEX 1200 (Y4/5) satıcı qüsursuz olaraq alıcıya təhvil vermiş və akt həm satıcının nümayəndəsi, həm də alıcı tərəfindən imzalanmışdır. Bunlar işin mübahisələndirilməyən hallarıdır və qeyd edilən halları tərəflər izahatları ilə də təsdiq edirlər. İşin mübahisələndirilən halları isə cavabdeh tərəfindən dövlət qurumlarına şikayətlərində və sosial şəbəkələrdə (whatsapp, instagram) iddiaçı şirkət haqqında işlədilən nalayiq sözlərlə şirkətin işgüzar nüfuzuna zərər vurulub-vurulmaması, həmin ifadələrin işlədilməsində cavabdehin məqsədinin işgüzar nüfuzunu ləkələmək olubolmaması ilə bağlı halların araşdırılmasından ibarətdir. Məhkəmə mübahisə ilə bağlı iddiaçının iddia tələbinin əsasını təşkil məsələlərə aşağıdakı istiqamətdə qiymət verməyi zəruri hesab edir: -İddiaçı tərəfindən Whatsapp qrupunun yaradılaraq həmin qrupda iddiaçı şirkətin fəaliyyətini və xidmətlərini pisləməsi; -Cavabdehin şəxsin instagram hesabında iddiaçı şirkətlə bağlı elanlar yerləşdirməsi və müzakirələrin aparılması; -Cavabdeh tərəfindən dövlət qurumlarına rəsmi müraciətlər edilərək yalan informasiyaların verilməsi; Cavabdehin iddia tələbini təkzibi isə aşağıdakı istiqamətlərdə olmuşdur: Aparatın içərisində xəbərsiz çip qurğusunun yerləşdirilməsi və ödənişlər bitdiyi müddətdən sonra da həmin qurğunun iddiaçı şirkət tərəfindən çıxarılmaması; -Aparatın gücü ilə bağlı səhv məlumatın verilməsi. Belə ki, 900 WT olduğu qeyd edilmiş, ancaq 600 WT gücündə cihaz satılmışdır; -Aparatın ekranının işləməsinin mümkünsüzlüyü bildirərək 2500 manat məbləğində yeni ekranın satılması; -Aparatın mənşəyi və adı barədə yalan informasiyanın verilməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Vertex aparatı iddiaçı tərəfindən cavabdehə satılmış, zəmanət talonunda 10000000 lazer atışa zəmanət verilmiş, sonradan cihazın ekranında problem yarandığından yeni ekran alqı-satqısı haqqında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Hər iki müqavilə üzrə məbləğ aylara bölünərək ödənilməsi razılaşdırılmışdır. Məhkəməmüəyyən etmişdir ki, “xx.xx.2021-ci il tarixli müqavilənin 2.1.7-ci bəndində satıcı malın alıcının istifadəsində və sahibliyində olduğu müddət ərzində (müqavilə öhdəliklərinin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) və alıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq və yoxlamalar edir, əlavə olaraq yoxayıcı avadanlıqlar da təchiz edir.” Bəndin olduğu, xx.xx.2022-ci il tarixli müqavilənin isə 2.1.10-cu bəndində “Satıcı” malın “Alıcı”nın sahiblik və istifadəsində olduğu müddət ərzində (müqavilə üzrə öhdəliklərin tam bitməsinə qədər) malın keyfiyyətinə (və ya saxlanma vəziyyətinə) vəalıcının ödəmə qabiliyyətinin yoxlanılması məqsədi ilə monitorinq-yoxlamalaq apara bilər və bu məqsədləmalı onun istifadəsini kənardan məhdudlaşdırmaq funksiyasına malik cihazla təchiz etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki: -iddiaçı tərəf bunu aparatın oğurlanması və digər hallarda məsafədən istifadəsini məhdudlaşdırmaq məqsədi güdmüşdür. İlkin müqavilə üzrə cavabdeh ödənişdə hər hansı bir ləngimə etməsə də, onun bildirdiyinə görə bu cihaz vasitəsilə işləyərkən iddiaçı tərəfindən söndürülmüş və işi yarımçıq qalmışdır. Bu arqumentə qarşılıq olaraq iddiaçı bu hala əsaslı aydınlaşdırma gətirməmiş, aparatın cavabdehə satılan aparatda quraşdırıldığından cavabdehin məlumatı olmamışdır; -cavabdehə satılan aparatda təminat müddəti ərzində təxminən 6 000 000 milyon lazer atışı həyata keçirildiyindən, lakin iddiaçı 10 000 000 milyon lazer atışına zəmanət versə də, sonradan cihazın barında yəni aparatın atış həyata keçirilən hissəsinin təmirini öz vəsaiti hesabına həyata keçirmiş, iddiaçı hüquqi şəxsin nümayəndələri bununla bağlı inandırıcı arqumentlərini təqdim edə bilməmişlər; -cavabdehə məxsus aparat iddiaçı tərəfindən dəfələrlə təmirə alınmış, hər dəfə yeni bir problem yaranmış, iddiaçı aparatın “platasını”, o düzəlmədikdə isə ekranının dəyişməyin zəruri olduğunu bildirmiş, cavabdeh də iddiaçının təklif etdiyi ilə razılaşmış, 2500 manat müqabilində iddiaçıdan dövri ödənişlə ekran almış, yenidən ekran xarab olmuş, cavabdehin iddiaçıya (işçilərinə) telefon vasitəsilə müraciətlərinə, 8 dəqiqəlik səs yazısına iddiaçı tərəfindən əhəmiyyət verilməmişdir; -cavabdeh məcbur olmuş aparatı başqa bir servisə təqdim etmiş, müəyyən edilmişdir ki, iddiaçının yararsız dediyi “Ekran” əslində işlək vəziyyətdədir, cavabdeh bununla bağlı video çəkiliş təqdim etmiş, eyni zamanda, xx.xx.2023-cü il tarixli arayış təqdim etmişdir; -həmin servisdə müəyyən edilmişdir ki, aparatın içərisində uzaq məsafədən söndürən cihaz quraşdırılmış, həmin cihaz çıxarıldıqdan sonra aparat işlək vəziyyətə düşmüş, aparatın elektrik cihazına qoşulan başlıq 900 VT yazılsa da aparatın içərisində olan idarəetmə panelində 600 VT qeyd edilmişdir. Bununla bağlı videoçəkilişə tərəflərin nümayəndələrinin iştirakı ilə baxılmışdır; - cavabdeh qarşılaşdığı problemlərlə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və onun müvafiq qurumlarına müraciətlər etmiş, eyni zamanda iddiaçı Balakən Rayon Polis İdarəsinə, həmin idarələrdə ilkin araşdırma aparılsa da işin mülki xarakter daşıması səbəbindən məhkəməyə müraciət etmək tövsiyə edilmişdir; -qeyd edilən aparatda işləməklə bağlı biliklərin mənimsənilməsi üçün təlimçi olan Sevinc Cəlilovanın “doktor” yəni həkim olması ilə bağlı iddiaçı təşkilatın bildirdiyinə münasibətdə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-28/2-H-58xx-xx-6359/2023 nömrəli məktubunda “Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrin”də X11 barədə məlumatlar daxil edilmədiyi və həmin şəxsin praktiki tibbi fəaliyyəti ilə məşğul olan tibb işçilərinin sertifkasiya prosesində hər hansı bir ixtisas üzrə iştirak etmədiyini bildirdiyi faktlara əsaslanmışdır. -məhkəməyə təqdim edilən video çəklişlərdə qeyd edilən aparatın hissələrində cızıq, sonradan birləşmə, yonulma və digər deformasiyalar nəticəsində cavabdehdə aparatın köhnə aparat olması təsuratını yaratmış; -eyni zamanda, qeyd edilən aparatın üzərinə “Wertex” nişanı qeyd edilsə də, həmin əmtəə nişanının sonradan yapışdırılma olması müəyyən edildiyindən, aparatın daxilində isə idarəetmə paneli və digər hissələrində “ADSS” qeyd edilməsi cavabdehdə aparatın ona satılma adı ilə uyğunsuz olması təsuratını yaratmış və mənşəyi məlum olmayan məhsul olduğunu bildirmişdir. Məhkəmə qeyd edilən məsələlərə hüquqi qiymət olaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada özcavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”. Aydın məsələdir ki, məhkəmə hansı məlumatların vətəndaşın şərəf, ləyaqəti və işgüzar nüfuzunu ləkələdiyini şərh edərkən, həmin məlumatların hüquqi şəxs barəsində xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında mənfi rəy yaratması halını qiymətləndirməlidir. Məhkəmə tərəflərin izahatlarını işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edərək bildirir ki, cavabdehin sosial şəbəkələrdə istifadə etdiyi ifadələr və çıxışlar zahirən işgüzar nüfuzu zədələyən ifadələr kimi görünsə də, əslində isə cavabdehin konkret alqı-satqı müqaviləsi əsasında iddiaçıdan aldığı aparatda baş vermiş nasazlıqlar nəticəsində onun daha böyük maddi sıxıntılara düçar olması, onun maddi gəlirinin daha da aşağı düşməsi olmuş, ümumilikdə isə bütün bunlara səbəb iddiaçı təşkilatın nümayəndələrinin davranış və hərəkətləri olmuşdur. Belə ki, cavabdehə satılan cihazda məsafədən məhdudladırma cihazının quraşdırılması, həmin cihazın məqsədli təyinatına uyğun istifadə ediməməsinə, istənilən vaxt cavadehə satılmış cihazın söndürülməsinə, sonuncunun isə müqavilə öhdəliklərinin icra etməməsinə şərait yaratmışdır. Bundan əlavə, iddiaçı tərəfindən 2500 manat müqabilində yeni ekranın cavabdehə satılması və sonradan iddiaçı tərəfindən “yararsız” deyilən ekranın işlək vəziyyətdə olması nəticəsində cavabdehin ağır maddi duruma düşməsi də səbəblərdən biridir. Eyni zamanda, “həkim” deyərək təqdim edilən şəxsin sonradan hər hansı bir tibbi təhsilinin və praktiki tibb fəaliyyəti ilə məşğul olmadığını təsdiq edən sənədin olması, bununla bağlı cavabdehin sosial şəbəkədə bildirdiyi faktlar yalan məlumat olmamışdır. Bundan əlavə məhkəmə tərəfindən araşdırılan digər hallar yəni, satılan aparatın üzərində əmtəə nişanın adı ilə içərisində qeyd edilən əmtəə nişanının digər ad altında qeyd edilməsi, aparatın digər servisə aparılmamışdan əvvəl hər hansı bir təmirə getmədiyi halda içərisində olan detallarda əzik-ciziq, sürtünmə, yapışma və digər deformasiyanın olması cavabdeh tərəfindən bu halların sosial şəbəkədə qeyd etməsi də hazırkı mübahisənin yaranmasına səbəb olmuşdur. Bütün bunlar nəticəsində cavabdehin iş fəaliyyətinin pozulması və qazanc əldə edə bilməməsini diqqətdən qaçırmaq ədalət prinsipinin tələblərinə zidd olardı. Cavabdehin qəsdən iddiaçının işgüzar nüfuzuna zədə yetrmək məqsədi daşıması fakti sübut olurmur. Belə ki, ona satılmış aparatla bağlı iddiaçının hərəkət və hərəkətsizliyi ilə üzləşdiyi problemlər və düşdüyü maddi zərələ bağlı bu problemlərin sosial şəbəkədə yayılması və bu məlumatların cavabdeh tərəfindən yalan informasiya olaraq işıqlandırılmasını bildirmək qanuni və əsaslı deyildir. Çünki cavabdeh bildirdikləri hər bir faktla bağlı konkret arqumentlər irəli sürür. İddiaçı tərəf isə əks arqument irəli sürmür və bu halları təkzib edə bilmir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, mübahisənin yaranma əsası cavabdeh olan fiziki şəxsin bütün bunlar nəticəsində iş fəaliyyətinin normal olmaması, şəxsin ailə həyatı ilə bağlı gərginliklərin artması səbəbi ilə iddiaçı şirkətin də onun müraciətlərinə vaxtında baxılmaması səbəbindən keçirdiyi hisslərlə bağlı olmuş və haqlı olaraq aldadıldığını düşünmürdür. Yəni, cavabdehin məqsədi iddiaçı şirkətin işgüzar nüfuzunu zədələmək yox, qarşılaşdığı, iddiaçının təqsiri üzündən yaranmış problemlərin həll etmək olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur” Qeyd edilənlərdən göründüyü kimi, iddiaçı işgüzar nüfuzunun zədələnməsinin nəticələrini sübut etməlidir. Hazırki vəziyyətdə isə iddiaçı şirkət cavabdeh tərəfindən onun fəaliyyətinə və işgüzar nüfuzuna zərər gətirəcək ifadələrin işlənilməsi nəticəsində müştərilərinin sayında azalmanın olmasını və ya bu məlumatların yayılması nəticəsində mövcud müştərilərlə hər hansı problemlərin yaşanması hallarını sübut edə bilməmişdir. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə etirazlarının əsasını sübut etmək, məhkəmənin isə həmin hallara hüquqi qiymət verməklə bağlı vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Hazırkı mübahisə üzrə iddiaçı öz tələbini əsaslandırdığı halları sübut edə bilməmiş, cavabdeh iddiaçı barədə sosial şəbəkədə paylaşdığı məlumatların onunla bağlanmış alqısatqı müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən pozulduğu nəticəsində baş verdiyini sübuta yetirmiş, iddiaçının irəli sürüyü yalan məlumatların yayılması ilə bağlı cavabdehin təqsiri sübuta yetirilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş xərclər iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “iddiaçının işgüzar nüfüzunu ləkələyən məlumatların cavabdeh tərəfindən yazılı qaydada bildirilməklə təkzib edilməsi və cavabdehin qanunazidd əməlləri nəticəsində istehlakçılar arasında və fəaliyyət göstərdiyi nazar seqmentində iddiaçının nüfuzuna vurulmuş zərərə görə 15000 manat məbləğində zərərin və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-882/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-882/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver