Məhkəmə qərarları › İş №e-2-2(117)-907/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-907/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-907/2022 24.06.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 7246,14 manat məbləğində əsas borcun, 5,43 manat məbləğində faiz borcunun və 96 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 7246,14 manat məbləğində əsas borcun, 5,43 manat məbləğində faiz borcunun və 96 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 150.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, qanunvericilikdə kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılması ilə bağlı tələb müəyyən edilmişdir. MPM-in 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. MPM-in: 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə sənədlər əlavə edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli 1403 nömrəli Fərmanına əsasən MPM-in 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi nəzərdə tutulur. İddiaçı qeyd edilən normaların tələblərinə riayət etmədən pretenziya məktubunu və iddia ərizəsinin surətini cavabdehlərə göndərməmişdir. İddiaçının qeyd edilən sənədləri yuxarıda qeyd edilən normaların tələblərinə uyğun olaraq elektron qaydada cavabdehə göndərməsi zəruridir. Bundan əlavə, iddiaçı ilkin mediasiya sessiyasının keçirilmə yerini düzgün müəyyən etməmiş, ilkin mediasiya sessiyası ünvan 1 ünvanları Şəki şəhərində yerləşir, həmçinin işə baxan məhkəmənin də ərazi yurisdiksiyası Bakı şəhəri deyildir. Belə ki, 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmiş “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə mediasiya tətbiq edilir. 3.2-ci maddədinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Maddənin məzmunundan da aydın olur ki, hazırki iş üzrə iddiaçı tərəfindən mediasiya prosesinin keçirilmə yeri düzgün müəyyən edilməmiş, iş üzrə mediasiya prosesi mübahisənin aid olduğu Şəki Kommersiya Məhkəməsinin inzibati ərazi vahidinə ən yaxın ərazidə yerləşən mediasiya təşkilatında keçirilməlidir. Bununla belə, Şəki, Mingəçevir, Oğuz, Balakən, Zaqatala, Qəbələ, Ağdaş, Ağsu, Zərdab rayonlarında mediatorlar mövcuddur. Odur ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, məhkəməyə müraciət etməmişdən əvvəl mübahisə üzrə mediasiya sesiyasının keçirilməsi, həmçinin hansı mediatorun mübahisənin həllində iştirak etməsi ilə bağlı qanunvericiliyin tələbləri imperativdir. Bundan əlavə, Cavabdeh1 İddiaçıSC-dən kredit barədə müraciət edərkən istehlak kreditinin alınmasını xahiş etmişdir. İddiaçı növbəti dəfə məhkəməyə müraciət edərkən hazırkı kredit mübahisəsinin istehlak kredit münasibətlərindən yaranıb-yaranmadığını dəqiqləşdirilməlidir. Yəni, şəxsi istehlak məqsədi ilə götürülmüş kredit müqaviləsindən yaranmış mübahisəyə, kredit götürən şəxs fərdi sahibkar statusu olsa belə kommersiya məhkəmələri deyil, ümumi məhkəmələr tərəfindən baxılır. Yuxarıda şərh olunan hallara əsasən pretenziya və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlərə lazımi qaydada çatdırılmamış, MPM-in 150.2-ci maddəsinin tələblərinə riayət edilməmiş, mediasiyanın keçirilmə yeri düzgün müəyyən edilməmişdir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, mediasiya sessiyası qanunvericilikdə nəzərdə tutulmuş aidiyyət qaydalarına düzgün riayət etməklə səlahiyyətli mediator tərəfindən həyata keçirilməli, pretenziya və iddia ərizəsinin surəti cavabdehlərə MPM-in 150.2-ci maddəsində nəzərdə tutulduğu qaydada çatdırılmalı, hazırkı kredit münasibətinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilməsi müvafiq sənədlər təqdim edilməklə təsdiq edilməlidir. Yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərməklə) yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 7246,14 manat məbləğində əsas borcun, 5,43 manat məbləğində faiz borcunun və 96 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar