Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-909/2024 30.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən Xabarov Elgün Qurban oğlundan 3000 manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehdən Xabarov Elgün Qurban oğlundan 3000 manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun alınması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehlə əvvəllər internet xətlərinə quyu qazmaq üçün iş görmüşlər. Tanışlıq münasibətləri burdan yaranmışdır. Atası olan iddiaçıdan şəxsi məqsədlər üçün 3000 manat borc almış və bu günədək borcu qaytarmamışdır. Cavabdehin VÖEN-i olduğundan işi hazırki məhkəməyə vermişlər. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata götürüldüyündən və bununla da mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmadığından iş materialları baxılması üçün aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməyə göndərilməlidir. Əvvəlcə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Hazırki mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından işə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırkı mübahisədə mübahisənin xarakteri və predmeti mübahisənin kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Hazırki iş üzrə iş materiallarının araşdırılması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, cavabdehin VÖEN-i mövcud olmuşdur. İddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından da müəyyən olunduğu kimi iddiaçı cavabdehin VÖEN-i olduğu üçün işi kommersiya məhkəməsinə vermiş və cavabdehə 3000 manat pul şəxsi məqsədlər üçün borc verilmişdir. Göründüyü kimi iddiaçı cavabdehə şəxsi istehlak (özü üçün istifadə) məqsədilə borc vermişdir ki, sonuncunun iştirakı ilə yaranmış mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə deyildir. Cavabdehin VÖEN-inin mövcudluğu subyektiv tərkib baxımından kommersiya məhkəmələrinə aid olsa da, mübahisənin predmeti və xarakteri ümumi məhkəmələrə aiddir. Belə ki, hazırki mübahisə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyətinin həyata keçirlməsindən irəli gəlmir. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının 10-cü bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPMin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Hazırki mübahisə üzrə tərəflərin hər ikisi fərdi sahibkar statusuna malik olsalar da onlar arasındakı mübahisə sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsindən irəli gəlməmiş, şəxsi münahibətlər zəminində birinin digərindən 3000 manat məbləğində borcun alınması iddiası ilə bağlıdır. Göründüyü kimi hazırki iş üzrə işin kommersiya məhkəmələri tərəfindən baxılmalı olması imkanı olmadığından məhkəmə hesab edir ki, hazırki mübahisə mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə məhkəmə aidiyyəti qaydalarına əsasən kommersiya məhkəmələrində baxılmalı olmadığından ərizə baxılması üçün aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 2 əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə
qərara aldı: İddiaçı Cavabdeh qarşı “cavabdehdən Xabarov Elgün Qurban oğlundan 3000 manat məbləğində pulun və iddia ərizəsi üçün ödənilmiş 51 manat dövlət rüsumunun alınması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Sədrlik edən: Rüfət Məcidov