Məhkəmə qərarları › İş №e-2-2(117)-934/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-934/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-934/2025 12.08.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5331.36 manat əsas borc, 189.68 manat faiz borcu, 35.94 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5556.98 manat borcun və 75.57 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5331.36 manat əsas borc, 189.68 manat faiz borcu, 35.94 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5556.98 manat borcun və 75.57 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 29-MCR-1-207- 21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh1 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50% ilə 200 000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixdə bankla borc alan Ş. Əliyev arasında 29-MCR-1-207-21/2 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh1 biznes məqsədilə 36 ay müddətinə aylıq 1.75 faiz dərəcəsi ilə 30 000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2021-ci il tarixli 29-MCR-1-207-21 nömrəli müqavilə üzrə öhdəliyin icrasının təminatı olaraq İddiaçı ASC ilə xx.xx.2021-ci il tarixdə Cavabdeh2 arasında Z/05354/21 nömrəli, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 arasında Z/15443/22 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr ilə zaminlər borcalanın bank qarşısında öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalan Cavabdeh1 oğlu ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər. Həmin müqavilələrin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı tələb irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Həmçinin, həmin müqavilələrin 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh əsas borcdan 24668.64 manat, faiz borcundan 10809.52 manat ödəniş etmiş, onun həmin tarixə 5331.36 manat əsas, 189.68 manat faiz, 71.87 manat cərimə olmaqla, ümumilikdə cəmi 5592.91 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2025-ci il tarixdə Cavabdeh1 elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə isə poçt vasitəsilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 ünvanları üzrə çatdırılmışdır. Göründüyü kimi məhkəmə bildirişi rəsmi qaydada cavabdehlərə çatdırılsa da, qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit limiti müqaviləsi, kredit razılaşması və ona 1 nömrəli əlavə, zaminlik müqavilələri, maliyyə arayışı, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2022-ci il tarixdə bankla borc alan Cavabdeh1 arasında 29-MCR- 1-207-21/2 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh1 biznes məqsədilə 36 ay müddətinə aylıq 1.75 faiz dərəcəsi ilə 30 000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, cavabdehlər qeyd edilən tələbə hər hansı bir etiraz bildirməmiş, bu səbəbdən məhkəmə öz təşəbbüsü ilə hər hansı bir əlavə araşdırma aparmamış, tələb edilən əsas və faiz borcunun məbləğinin daha az olması ilə bağlı məhkəmədə hər hansı bir arqument mövcud olmamışdır. Odur ki, cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır ki, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “35.94 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,20% məbləğində cərimə ödəməyə borcludur. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 71.87 manat cərimə borcu qalmışdır. Lakin iddiaçı tərəfindən 35.94 manat məbləğində cərimə borcu tələb edildiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən ödənilməmiş cərimə borcu 35.94 manat məbləğində nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçı 5331.36 manat məbləğində əsas borc, 189.68 manat məbləğində faiz borcu və 35.94 manat məbləğində cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqavilələri qüvvədə olduğundan məhkəmə hesab edir ki, 5331.36 manat əsas borc, 189.68 manat faiz borcu və xx.xx.2022-ci il il tarixli 29-MCR-1-207-21/2 nömrəli kreditin verilməsinə dair razılaşmanın 7-ci bəndinə əsasən hesablanmış 35.94 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 75.57 manat olmalıdır. İddia tələbi təmin edildiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu tələb etdiyindən dövlət büdcəsinə ödənilmiş 75.57 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 5331.36 manat əsas borc, 189.68 manat faiz borcu, 35.94 manat cərimə borcu olmaqla, cəmi 5556.98 manat pul vəsaiti və 75.57 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar