Məhkəmə qərarları › İş №e-2-2(117)-937/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-937/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-937/2024 28.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 43847.28 manat əsas borc, 3994.19 manat faiz və 1415.55 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 195.05 manat məbləğində əldən çıxmış fayda və 238.36 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi; tutulmalı olan məbləğin İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh4 mülkiyyətindəki **-FO-*** dövlət qeydiyyat nişanlı, «MİTSUBİSHİ» markalı, PAJERO modeli, ağ rəngli (ban: JMYLRV95WAJ717176) avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” tələbi üzrə işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 28-MCR-1-253- 21 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh1 120 ay müddətinə 30 % dərəcəsi ilə 100000 manat (kreditin verildiyi məqamda mövcud olan valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Eyni zamanda 28-MCR-1-253-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə və Cavabdeh2 ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə Z/02337/21 nömrəli, Z/02336/21 nömrəli, Z/02339/21 nömrəli və xx.xx.2021-ci il tarixli Z/10262/21 nömrəli nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr ilə zaminlər kredit limitinin ayrılmasına dair müqavilə üzrə bank qarşısında borcalanın öhdəliklərini tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Eyni zamanda 28-MCR-1-253-21 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2021-cü il tarixli, A/00408/22 nömrəli ipoteka müqaviləsi üzrə Cavabdeh4 mülkiyyətindəki **-FO-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ” markalı, PAJERO modeli, ağ rəngli (ban: JMYLRV95WAJ717176) avtomobil ipoteka predmeti kimi yüklü edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 146616 nömrəli çıxarışdan görünür ki, **-FO-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ” markalı, PAJERO modeli, ağ rəngli (ban: JMYLRV95WAJ717176) avtomobil Cavabdeh4 mülkiyyətindədir və həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2031-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixdə bankla borc alan Cavabdeh1 arasında kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 biznes məqsədilə 12 ay müddətinə aylıq 1.50 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmişdir. 7-ci bəndinə əsasən günlük 0.20 % cərimə nəzərdə tutulmuşdur. İşin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan **-FO-*** dövlət qeydiyyat nişanlı, «MİTSUBİSHİ» markalı, PAJERO modeli, ağ rəngli JMYLRV95WAJ717176 ban nömrəli avtomobilin bazar dəyəri 22000 manat, likvid dəyəri 18500 manat müəyyən edilmişdir. Cavabdeh1 kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 43847.28 manat əsas borc, 3994.19 manat faiz və 1415.55 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 195.05 manat borcu qalmışdır. İddiaçı pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü il mayın 3-dək Cavabdeh1 xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka 43847.28 manat əsas, 3994.19 manat faiz və 5662.21 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 195.05 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 53698.73 manat borcu vardır. Cavabdeh1 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 5662.21 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 1415.55 manat məbləğində tələb olunur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit limitinin ayrılması müqaviləsi, Kredit razılaşması və ona 1 nömrəli əlavə, Zaminlik müqavilələri, İpoteka müqaviləsi, İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 146616 nömrəli çıxarış, Mütəxəssis rəyi, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 470.1, 472.1, 739.2). Məhkəmə iddia tələbinin kredit razılaşması üzrə 43847.28 manat əsas borc, 3994,19 manat faiz borcu və 1415,55 manat cərimə borcunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissələrdə əsaslıdır və təmin edilməlidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixdə bankla borc alan Cavabdeh1 arasında kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 biznes məqsədilə 12 ay müddətinə aylıq 1.50 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmişdir. 7-ci bəndinə əsasən günlük 0.20 % cərimə nəzərdə tutulmuşdur. İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, Cavabdeh1 kreditin verilməsinə dair razılaşma üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş 43847.28 manat əsas borc, 3994.19 manat faiz və həmin müqavilənin 7-ci bəndinə uyğun 1415.55 manat cərimə borcu qalmışdır. Bu səbəbdən həmin borc məbləğləri cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əldən çıxmış fayda kimi illik 5 faizlə hesablanmış 195,05 manat məbləğində pulun ödənilməsini də tələb edir və məhkəmə tələbin bu hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında müqavilə xx.xx.2023-cü il tarixdə 12 ay müddətinə bağlanmışdır ki, müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Həmin tarixdən xx.xx.2024-cü il tarixə illik 5%-lə hesablandıqda 32 gün üçün ödənilməli faiz məbləği 194,88 manat təşkil edir. Belə ki, adi hesablama aparıldıqda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 32 gün üçün illik 5 %-lə hesablanmış faiz məbləği (43847.28 * 5% = 2192.36 manat – 1 il üçün, 2192.36 / 12 ay = 182.69 manat 1 aylıq faiz, 182.69 / 30 gün = 6.09 manat, 6,09 * 32 = 194,88) 194,88 manat təşkil edir. Buna baxmayaraq iddiaçı 195.05 manat tələb etmişdir ki, bunda da haqlı olmamışdır. Bu səbəbdən 194,88 manat illik 5% əldən çıxmış fayda kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqavilələri qüvvədə olduğundan 43847.28 manat əsas borc, 3994.19 manat faiz borcu, 1415.55 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 194,88 manat əldən çıxmış fayda cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. Bundan başqa İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh4 mülkiyyətindəki **-FO-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ” markalı, PAJERO modeli, ağ rəngli JMYLRV95WAJ717176 ban nömrəli avtomobilin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi” nə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci bəndinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 6.1-ci bəndinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 146616 nömrəli çıxarışdan görünür ki, **-FO- *** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ” markalı, PAJERO modeli, ağ rəngli JMYLRV95WAJ717176 ban nömrəli avtomobil Cavabdeh4 mülkiyyətindədir və həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2031-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi Cavabdeh4 mülkiyyətində olan **-FO-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ” markalı, PAJERO modeli, ağ rəngli JMYLRV95WAJ717176 ban nömrəli avtomobil müvafiq qaydada reyestrdə qeydə alınmışdır ki, həmin nəqliyyat vasitəsi rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya olduğundan “İpoteka haqqında” Qanunun 1.0.1-ci bəndi üzrə ipoteka hesab olunduğundan hazırki vəziyyətdə ipoteka predmeti kimi yüklü edilə bilər. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, Cavabdeh1 müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin **-FO-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ” markalı, PAJERO modeli, ağ rəngli JMYLRV95WAJ717176 ban nömrəli avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 18500 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Tələbin “satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə rədd edilməlidir. Belə ki, ipoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinin təmin edilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Eyni zamanda məhkəmə qətnaməsinin icrası icra mərhələsində həyata keçirilməli olan məsələdir ki, məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə İcra Haqqında və İpoteka haqqında Qanunların tələbi baxımından icra qurumu tərəfindən həyata keçirilir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pul cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 238.36 manat təşkil edir. İddia qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən məhkəmə hesab edir ki, 238.36 manat dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. İddiaçı 238.36 manat dövlət rüsumunu dövlət büdcəsinə ödədiyindən və bunu cavabdehlərdən tələb etdiyindən 238.36 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada 43847.28 manat əsas borc, 3994.19 manat faiz borcu, 1415.55 manat cərimə borcu, illik 5 %-lə hesablanmış 194,88 manat borc və 238.36 manat dövlət rüsumu tutularaq idddiaçı İddiaçı ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh4 məxsus **-FO-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ” markalı, PAJERO modeli, ağ rəngli JMYLRV95WAJ717176 ban nömrəli avtomobilə yönəldilsin. İpoteka predmeti olan **-FO-*** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ” markalı, PAJERO modeli, ağ rəngli JMYLRV95WAJ717176 ban nömrəli avtomobilin likvid (ilkin satış) dəyəri 18500 manat müəyyən edilsin və həmin nəqliyyat vasitəsi açıq hərraclar vasitəsi ilə satılsın və satışdan əldə edilmiş vəsait İddiaçı ASC-yə olan borcun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (VÖEN: **********, Hesab Nömrəsi AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, m/h – AZ03NABZ********************, kod – 805711, SWİFT – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar