Məhkəmə qərarları › İş №e-2-2(117)-940/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-940/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-940/2024 03.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh ona məxsus olan qeyri-yaşayış sahəsində təbii qazdan istifadə edilməsinə görə yaranmış 8352,30 manat debitor borcun və 103,60 manat ödənilmiş rüsumun tutularaq İddiaçı xeyrinə ödənilməsi” və Cavabdeh İddiaçı İB-yə qarşı “Cavabdeh məxsus **********00010 nömrəli abonent kodundan İddiaçı İB tərəfindən xx.xx.2024-cü il tarixli akta əsasən əsassız hesablanmış 5227,20 manat borcun silinməsi və ödənilmiş 104 manat dövlət rüsumunun İddiaçı İB-dən tutularaq ödənilməsi” tələblərinə dair iddia və qarşılıqlı iddia tələbləri üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı İB ilə Cavabdeh arasında Göyçay rayonunda yerləşən və fiziki şəxs Cavabdeh oğunun istifadəsində olan qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün qaz paylayıcısı ilə f/ş Cavabdeh arasında sonuncu dəfə xx.xx.2021 tarixli, AMX-2843/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və həmin qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00010 saylı qaz hesabı açılmışdır. Abonentin saldosundan görünür ki, sayğac üzrə borc 9105.10 manat təşkil etmiş, cavabdeh tərəfindən 5980 manat ödəniş edilmiş, 5227.10 manat akt əsasında hesablanmış borc olmuşdur. İddiaçı hazırki vəziyyətdə 8352.30 manat borcun təbii qazdan istifadəyə yarandığını iddia edərək cavabdehdən həmin məbləğdə borcu tələb edir. Pretenziya sənədi ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğunun istifadə etdiyi təbii qaza görə İsmayıllı Xidmət Sahəsinə 8352.30 manat debitor borcu yaranmışdır. Borclu Cavabdeh oğuna debitor borcun ödənilməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********00010 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Göyçay rayonu Potu kəndində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmin obyektə İddiaçı İB-nin X3 İstismarı İdarəsi tərəfindən müvafiq qaydada qazlaşdırılmaqla **********00010 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi üçün qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. Bundan sonra qazdan istifadə etmişdir. İddiaçı iddia tələbində 8352.30 manat debitor borcun qeyri-yaşayış sahəsində təbii qazdan istifadə edilməsinə görə borc kimi qeyd etsə də, iddia tələbi əsassızdır. xx.xx.2024-cü il tarixdə ona məxsus obyektə baxış keçirərək ******* nömrəli akt tərtib edilmişdir. Anonentin saldosundan da açıq-aşkar göründüyü kimi həmin borcun 5227,20 manat hissəsi qalıq və aktlara görə qalan 3125,10 manat hissəsi isə təbii qazdan istifadə edilməsinə görə yaranmışdır. Həmin borc sahibkarlıq subyektində qanunsuz olaraq səlahiyyəti olmayan şəxs tərəfindən aparılmaqla əsassız olaraq hesablanmışdır. Akta əsasən əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, cavabdeh məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, iddiaçı bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Abonentin saldosu, Akt, Dəymiş ziyanın bərpasına tələbnamə, Abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən və qarşılıqlı iddia tələbi təmin edilməlidir. İlkin iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). İşin məhkəmə araşdırılması zamanı müəyyən edildiyi kimi İddiaçı İB ilə Cavabdeh arasında Göyçay rayonunda yerləşən və fiziki şəxs Cavabdeh istifadəsində olan qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün qaz paylayıcısı ilə f/ş Cavabdeh arasında sonuncu dəfə xx.xx.2021 tarixli, AMX-2843/21 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və həmin qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00010 saylı qaz hesabı açılmışdır. İddiaçı İB Cavabdeh istehlak edilmiş qazın dəyərini tam ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 8352,30 manat debitor borc yarandığını iddia etsə də, təqdim edilmiş abonentin saldosundan göründüyü kimi 5227.10 manat akt əsasında hesablanmış borc olmuşdur. Göründüyü kimi iddiaçının təbii qazdan istifadəyə görə tələb etdiyi 8352,30 manat borcun 5227.20 manat hissəsi akt əsasında hesablanmış borc məbləği olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi 3125,10 manat hissədə (8352,30 manat – 5227.20 manat = 3125.10 manat) əsaslıdır və bu hissədə təmin edilərək təbii qazdan istifadəyə görə yaranmış 3125,10 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. 5227,20 manat borcun silinməsinə dair qarşılıqlı iddia tələbinə qiymət verən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı İB tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmamışdır. Ona görə ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacına keçirilmiş baxış və qeyri-yaşayış sahəsində aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxildir və vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı İB tərəfindən iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsində hüquqi əsas olmadan yoxlama keçirilmişdir. Belə ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii X1 pozulması haqqında akta əsasən sayğaca baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar kimi müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin 10 m3 olmasına baxmayaraq istixanada quraşdırılmış cihazların maksimal saatlıq qaz sərfi 32 m3 olması qeyd olunmuşdur. Göründüyü kimi cavabdehin əməkdaşları tərəfindən bildiriş verilməsi məqsədi ilə sayğaca baxış keçirilməmiş, cavabdeh tərəfindən sayğacdan sonra quraşdırılan iddiaçının qaz təsərrüfatında yoxlama aparılmışdır. Belə olan halda cavabdeh yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əməl etməli idi ki, qeyd olunan qanunvericiliyə riayət olunmasını təsdiq edən sübutlar (yoxlamaların vahid reyestrindən çıxarış və s.) məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi aparılmış yoxlama qanunsuz olmuşdur ki, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsində cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuz olmuşdur ki, qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmiş yoxlamanın hüquqi nəticəsi yoxdur və iddiaçı məsuliyyətə cəlb edilə bilməz. Yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə qeyd edir ki, akt tərtib edilərkən “X2”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfi qaz sayğacının maksimal ölçmə həddindən çoxdur) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qaz paylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii X1 pozulması haqqında aktdan göründüyü kimi İddiaçı İB tərəfindən fiziki şəxs Cavabdeh istifadəsindəki qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən çox olması aşkar edilərək, bununla bağlı akt tərtib edilmişdir. İtirilmiş qaz 23760 m3 olmaqla abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan qarşılıqlı iddia üzrə iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Bundan başqa aşkar edilmiş pozuntularla bağlı digər sübutetmə vasitələri (foto, video çəkiliş və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Göründüyü kimi tərtib edilmiş aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilməli və istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki iş üzrə isə qanunvericiliyin sadalanan tələblərinə iddiaçı tərəfindən əməl edilməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən yoxlama qanuni əsas olmadan aparılmış, sayğacda qüsur, pozuntu aşkar edilməsi, əlavə olaraq sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, hətta qüsurların aşkarlanması həqiqəti əks etdirsə belə, aparılmış yoxlama qanunsuz olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından borcun hesablanmasına dair Azəriqaz İB-nin hərəkətləri qanunsuz olmuşdur. Bu səbəbdən qarşılıqlı iddia tələbi təmin edilərək 5227,20 manat borc Cavabdeh **********00010 nömrəli abonent kodundan silinməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 103.52 manat, qarşılıqlı iddianın qiymətinə uyğun olaraq 72,27 manat təşkil edir. İlkin iddia qismən təmin edildiyindən 103.52 manat dövlət rüsumunun 64.79 manatı İddiaçı İB-dən, 38,73 manatı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. İlkin iddia üzrə İddiaçı İB tərəfindən 103.6 manat dövlət rüsumu ödənilmiş və həmin rüsumu Cavabdeh tələb etmişdir. Ödənilmiş 103.6 manat dövlət rüsumundan ödənilməli 64,79 manat dövlət rüsumu çıxıldıqda 38,81 manat dövlət rüsumu qalsa da, iddianın qiymətinə uyğun cavabdeh tərəfindən ödənilməli 38,73 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İB-yə ödənilməlidir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən 104 manat dövlət rüsumu ödənilmiş və həmin dövlət rüsumunu cavabdeh Azəriqaz İB-dən tələb etsə də, iddianın qiymətinə uyğun 72,27 manat dövlət rüsumu cavabdeh Azəriqaz İB-dən tutularaq iddiaçı Cavabdeh ödənilməli, artıq ödənilmiş 31,73 manat sonuncuya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh 3125,10 manat borc və 38,73 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı İB tərəfindən Cavabdeh hesablanmış 5227.20 manat borc Cavabdeh **********00010 nömrəli abonent hesabından silinsin. Qarşılıqlı iddianın verilməsinə görə 72,27 manat dövlət rüsumu İddiaçı İB-dən tutularaq Cavabdeh ödənilsin. Artıq ödənilmiş 31,73 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar