Məhkəmə qərarları › İş №e-2-2(117)-941/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-941/2023

16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-941/2023 16.11.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı krеdit razılaşması üzrə 17591,95 manat krеdit bоrcu, 2811,25 manat faiz bоrcu və 1363,92 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 21767,13 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 026R********** saylı krеdit razılaşması üzrə 17591,95 manat krеdit bоrcu, 2811,25 manat faiz bоrcu və 1363,92 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 21767,13 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 026L**********81 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yəni xx.xx.2031-ci il tarixdən gec olmamaq şərtilə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2031-ci il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 ilə "xxxx" QSC arasında xx.xx.2021-ci il tarixli 026R********** saylı krеdit razılaşması bağlanmışdır. Həmin kredit razılşmasına əsasən Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay artan məbləğ üzrə 1000 manat, 1219 manat və sonda 1228,25 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 026S**********01 nömrəli (zamin Cavabdeh2) nömrəli, xx.xx.2021-ci il tarixli 026S**********04 nömrəli (zamin Cavabdeh4), xx.xx.2021-ci il tarixli 026S**********05 nömrəli (zamin Cavabdeh1) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh3 arasında bağlanmış 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılması barədə xx.xx.2021-ci il tarixli 026L**********81 nömrəli Uzunmüddətli kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan “Kredit razılaşması”, “Bank qarantiyası verilməsi haqqında müqavilə” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7529 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində xx.xx.2021-ci il tarixli 026R********** nömrəli kredit razılaşması üzrə cavabdehə verilmiş xx.xx.2023-cü il tarixə əsas borc üzrə 20255,32 manat və faiz borcu üzrə isə 51,76 manat qeyd edilmişdir. Bank tərəfindən cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana cərimə hesablanmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasında verdiyi izahatlarında bildirdilər ki, iddia tələbində olan əsas borcu qəbul etdiklərini bildirmiş və qanunamüviq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin iş üzrə digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqavilələri, ödəniş planı, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 026L**********81 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, yəni xx.xx.2031-ci il tarixdən gec olmamaq şərtilə 100000 manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit xətti bu müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana kredit alanın bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditlər tərəflər arasında “Bank qarantiyası verilməsi haqqında müqavilə”, “Akkreditiv açılması üçün razılaşma” və “Bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar (Kredit razılaşmaları) əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 ay, xx.xx.2031-ci il tarixdən gec olmayaraq verilməlidir. 1.4-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlərin hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Kredit razılaşması ilə müəyyən edilir.Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 ilə "xxxx" QSC arasında xx.xx.2021ci il tarixli 026R********** saylı krеdit razılaşması bağlanmışdır. Həmin kredit razılşmasına əsasən Cavabdeh3 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay artan məbləğ üzrə 1000 manat, 1219 manat və sonda 1228,25 manat olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, Kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddia tələbinin borcun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbində cavabdehlərdən 17591,95 manat məbləğində əsas kredit borcu, 2811,25 manat məbləğində faiz borcu və 1363,92 manat cərimə borcunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7529 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində xx.xx.2021-ci il tarixli 026R********** nömrəli kredit razılaşması üzrə cavabdehə verilmiş xx.xx.2023-cü il tarixə əsas borc üzrə 20255,32 manat və faiz borcu üzrə isə 51,76 manat qeyd edilmişdir. Məhkəmə tələb üzrə əsas və faiz borcuna münasibətdə qeyd edir ki, ekspert rəyində əsas borc iddia tələbinə nisbətən artıq hesablandığından əsas borca münasibətdə məhkəmə iddia tələbini əsas tutur. Həmçinin ekspert rəyi ilə müəyyən olunur ki, xx.xx.2023-cü il tarixə faiz borcu 51,76 manat təşkil edir, bu isə iddiaçının tələb etdiyi məbləğdən olduqca aşağıdır. Məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququ olmadığından əsas borc məbləği ilə bağlı iddiaçının tələbi əsas götürülməli, eyni zamanda hesablanmış faiz borcunun ekspert rəyində hesablanmış borcdan artıq olmasına dair iddiaçı tərəfin hər hansı bir arqumenti olmadığından və borcun qeyd edilən məbləğdən az olması ilə bağlı hər hansı bir fakt olmadığından iddia tələbinin həmin hissədə əsaslı olması qənaətindədir. Odur ki, əsas borcu iddia tələbi həddində və faiz borcunu ekspert rəyi ilə müəyyən olunmuş məbləği əsas götürülməklə məhkəmə hesab edir ki, cavabdehlərdən 17591,95 manat əsas borc, 51,76 manat faiz borcu tutulmalıdır. Müqavilə üzrə hesablanmış cərimə borcuna münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Məhkəmə ekspertizası rəyində cərimənin hesablanmamasını ilə bağlı müvafiq cədvəlin təqdim edilməməsinə əsaslansa, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərində (Müqavilənin 4.2.2-ci bəndində) ödəniş planı üzrə kredit və ona hesablanmış faizlər qaytarılmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimənin ödənilməsi nəzərdə tutulmuşdurş Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, kreditalan ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, cavabdehlərin kredit borcu üzrə son vaxra kimi etdiyi ödənişləri və tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehlərdən 100 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın həcminə görə ödənilməli dövlət rüsumu 155,3 manat təşkil edir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə dəyişmədiyindən ödənilməmiş 155,3 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı QSCdən və 50 manatı cavabdehlərdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehdən tələb etdiyindən həmin məbləğ cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 026R********** saylı krеdit razılaşması üzrə 17591,95 manat əsas krеdit bоrcu, 51,76 manat faiz bоrcu, 100 manat cərimə borcu, 200 manat mediasiya xərci tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 155,3 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı QSCdən və 50 manatı cavabdehlərdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar