Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-941/2024 05.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 6992,14 manat əsas borcun və 90 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ilə cavabdeh arasında cavabdehin istifadəsində olan Göyçay rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı bağlanmış qazın alqısatqısına dair xx.xx.2022-ci il tarixli, AMX-3555/22 nömrəli müqaviləyə əsasən Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 6992,14 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş abonentin saldosundan müəyyən olunur ki, 3840,30 manat aktlar üzrə yaranmış borc olmuş, cavabdehin 2023-cü ilin avqust ayı 435 manat borcu olmuş və cavabdeh 2023-cü ilin sentyabr ayında 435 manatı ödəyərək iddiaçıya borcu qalmamışdır. 2023-cü ilin sentyabr ayından sonra yaranmış borc təbii qazdan istifadəyə görə yaranmış və borc 6992,14 manat təşkil edir. İddiaçı borcun ödənilməsi ilə bağlı pretenziya məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 6992,14 manat əsas borcun və 90 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Socar İddiaçı İB-nin X1 İstismarı İdarəsinin xidməti ərazisi olan Göyçay rayonunda yerləşən və fiziki şəxs Cavabdeh oğunun istifadəsində olan qeyri yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********00000 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə xx.xx.2022-ci il tarixli, AMX-3555/22 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh oğunun istifadə etdiyi təbii qaza görə İsmayıllı Xidmət Sahəsinə 6992,14 manat debitor borcu yaranmışdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə məhkəmə bildirişi və sənədləri xx.xx.2024-cü il tarixdə şəxsən ünvanı üzrə poçt vasitəsilə təqdim edilmiş, lakin sonuncu iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: tərəflər arasında bağlanmış müqavilə, abonentin saldosu, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Məhkəmə araşdırması müəyyən edildiyi kimi tərəflər arasında bağlanmış cavabdehin istifadəsində olan Göyçay rayonunda yerləşən qeyri-yaşayış sahəsi təbii qazın verilməsi ilə bağlı qazın alqı-satqısına dair xx.xx.2022-ci il tarixli, AMX-3555/22 nömrəli müqaviləyə əsasən Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 6992,14 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Cavabdehin 6992,14 manat borcunun olması abonentin saldosu ilə öz təsdiqini tapır ki, saldodan da göründüyü kimi tələb olunan borc təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən yaranmışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən iddia tələbi təmin edilməklə 6992,14 manat borc cavabdehdən tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 89,92 manat təşkil edir. İddia tələbi təmin edildiyindən 89,92 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. İddiaçı tərəfindən 90 manat dövlət rüsumu ödənilsə də, məhkəmə hesab edir ki, iddianın qiymətinə uyğun 89,92 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,08 manat iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 6992,14 manat borc və 89,92 manat dövlət rüsumu tutularaq İddiaçı İB-yə ödənilsin. Artıq ödənilmiş 0,08 manat dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-941/2024
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-941/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver