Məhkəmə qərarları › İş №e-2-2(117)-942/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-942/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-942/2025 15.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əzimova Rəna Sərvər qızının katibliyi, İddiaçı ASC-nin (LPO) nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO) Cavabdeh qarşı “1.353,04 manat əsas, 983,77 manat faiz, 647,79 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu və 51,79 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “1.353,04 manat əsas, 983,77 manat faiz, 647,79 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu və 51,79 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmiş, bundan sonra Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(033)-806/2025 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilmiş və iş xx.xx.2025-ci il tarixli e-2-2(117)-942/2025 nömrəli qərardadla məhkəmənin icraatına qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 886-14 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə (“Dəmir Taksit” kredit kartı) əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmışdır. 26 aprel 2017-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 1 nömrəli Əlavə saziş əsasən, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsinin “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilməsi, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin (əsas borc) 1474 manat təşkil edən qalığının kreditə çevrilməsi, kreditin müddətinin xx.xx.2022-ci il tarixədək təşkil etməsi müəyyənləşdirilmişdir. 3.3-cü bəndinə görə kreditin istifadəsinə görə borcalan kreditora illik 15% faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 15 faiz təşkil edir. 4.1-ci bəndinə görə borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hər ay 35.07 manat, sonuncu ay olan xx.xx.2022-ci il tarixdə isə 34.78 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025ci il tarixinə 1353.04 manat əsas, 983.77 manat faiz, 647.79 manat cərimə və 5 faizlə hesablanmış 193.80 manat borcu vardır. Cavabdeh xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ilə razı deyil, 2014-cü ildə Dəmir Bank ASC tərəfindən ona dəmir kart verilmişdir. O da üzərinə düşən öhdəliyi yerinə yetirərək, 3-4 ay ardıcıllıqla kredit borcunu ödəmişdir. Onun həmin banka cəmi 800 manat kredit borcu qalmışdır. İddia ərizəsində qeyd edilən məbləğ şişirdilmişdir. Daha sonra Dəmir Bank bağlandı. Kredit borcunu hansı hesaba ödəməyi üçün sözügedən bankın əməkdaşları ilə dəfələrlə əlaqə saxlamağına baxmayaraq onlar ona kreditin ödənilməsi üçün hesab verməmişdir. Üzərindən 11 il keçməsinə baxmayaraq bank indi onu məhkəməyə vermişdir. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd etdiklərini və qanunvericiliyin tələblərini əsas tutaraq verilmiş iddiadan imtina barədə qərar qəbul edilməsini və ya iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Ləğv prosesində olan İddiaçı ASC xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim etdiyi məktubda qeyd etmişdir ki, əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadıldığından qanunla nəzərdə tutulmuş 3 illik iddia müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, bank tərəfindən iddia ərizəsi isə iddia müddəti bitməmiş, yəni xx.xx.2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənilmişdir. Həmçinin, hazırda mübahisələndirilən kredit öhdəliyinin AR Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə daxil olub-olmaması ilə bağlı məlumat AR Mərkəzi Bankının rəsmi internet səhifəsində aşkar edilməmişdir. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 9/4596 nömrəli ekspert rəyi ilə cavabdehin iddiaçıya olan borcu 27 aprel 2022-ci il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 1354.37 manat, faiz borcu üzrə 895.01 manat, 12 fevral 2025-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas borc üzrə 1354.37 manat, faiz borcu üzrə 895.01 manat, faiz borcu üzrə (5%) 189.05 manat, 21 iyul 2025-ci il tarixə əsas borc üzrə 1354.37 manat, faiz borcu üzrə 895.01 manat, faiz borcu üzrə (5%) 218.96 manat müəyyən edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, sənədlərdən və cədvəllərdən göründüyü kimi cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün onlar tərəfindən işin həll edilməsi üzrə məhkəməyə müraciət edilmişdir. Cavabdeh borcunun olduğunu etiraf edir. Dəmirbank ASC-nin əməkdaşı Elnur bəydən aldığı məlumata əsasən o, cavabdehlə borcla bağlı əlaqə yaratmışdır. Qarşılığında isə cavabdeh borcunu ödəməyəcəyini bildirmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizəni də qəbul etmirlər, çünki hələ müddət bitməyib, qarşı tərəf ödənişlə bağlı heç bir cəhd etməyib, dedikləri sadəcə bəhanədir. Hər hansı filiala yaxınlaşaraq bu məsələni aydınlaşdıra bilərdi. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 2014-cü ildə Dəmirbank ASC-dən kredit kartı almış, həmin kartdan 3 dəfə istifadə etmiş, 3 ay sonra isə Dəmirbank öz fəaliyyətini dayandırmışdır. Borcunu necə ödəyəcəyilə bağlı məlumat almaq məqsədilə bank işçisinə müraciət etmiş, bank işçisi isə bununla bağlı gözləməli olduğunu bildirmişdir. 2017-ci ildə ona borcunun ödənilməsi ilə bağlı zəng gəlmiş, onlar hesab nömrəsi verərək milliön aparatı vasitəsilə ödəməli olduğunu bildirmişdilər. Lakin bu ödənişin dəqiq şəkildə borcundan silinib-silinməyəcəyi ilə bağlı şübhələri olduğu üçün işin məhkəməyə verilməsini istəmişdir. Məhkəmədə verilən qərara əsasən ödənişin məbləği və necə ödənilməsi ilə bağlı məlumatların düzgünlüyünə inanır və deyilən məbləği ödəməyə hazırdır. Bundan əlavə olaraq iddia müddətinin tətbiqi ilə bağlı ərizə də təqdim etmişdir. Borcu var, lakin həmin borcun müddətinin bitdiyini düşünür. Bu ərizə 3-cü dəfə olan borcu ilə əlaqəlidir. Hazırda əsas borcu ilə razı olsa da, digər borcları qəbul etmir. Əsas borcunu ödəyəcək, lakin faiz və cərimə borcunu qəbul etmir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, əlavə saziş, ödəniş cədvəli, etiraz ərizəsi, hesabdan çıxarışlar, maliyyə arayışı, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ilə bank tərəfindən cavabdehə 36 ay müddətinə 2000 manat məbləğində kredit xətti açılmış, bundan sonra həmin müqavilə üzrə 26 aprel 2017-ci il tarixdə Əlavə Saziş bağlanmış, müqaviləyə müvafiq dəyişikliklər edilmiş, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin (əsas borc) 1474 manat təşkil edən qalığının kreditə çevrilməsi, kreditin müddətinin xx.xx.2022-ci il tarixədək uzadılması müəyyənləşdirilmişdir. Məhkəmə ilkin olaraq cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış əlavə sazişdən müqavilənin müddətinin sonuncu dəfə xx.xx.2022-ci il tarixədək uzadıldığı və öhdəliyin icrasının son gününün həmin tarix olaraq razılaşdırıldığı müəyyən edilir. Göründüyü kimi müqavilə tələbləri üzrə 3 illik iddia müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, lakin iddiaçı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə iddia müddəti keçmədən müraciət edildiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. AR Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İş materiallarından göründüyü kimi cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və nəticədə ödənilməmiş borcu qalmışdır. Məhkəmə təqdim edilmiş iş materialları ilə ekspert rəyini birlikdə araşdıraraq hesab edir ki, iddia tələbi əsas borca və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna münasibətdə tam təmin edilməli, faiz borcuna münasibətdə isə ekspert rəyini təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən həmin rəy əsas götürülərək qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehdən 1.353,04 manat əsas borc, 895.01 manat faiz borcu tələb etməkdə haqlıdır. Bundan əlavə iddiaçı və AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu tələb edir. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyinə qeyd edilən illik 5% hesablanmış faiz borcu xx.xx.2025-ci il tarixə 189,05 manat təşkil edir. İddiaçı xx.xx.2025-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə müraciət etdiyindən həmin tarixə olan 5% hesablanmış faiz borcu 189,05 manat məbləğdən çox olduğundan iddiaçının tələb etdiyi 193,80 manat faiz borcunun olmasını qəbul edir. Belə ki, ekspert rəyində xx.xx.2025-ci il tarixə qeyd edilən faiz borcu iddia tələbindən artıq, yəni 218,96 manat təşkil edir. Ona görə də iddiaçının tələb etdiyi faiz borcu ilə məhkəmə razılaşır. Məhkəmə iddia tələbinin “647,79 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış sazişin 4.6-cı bəndinə əsasən borcalan bu müqavilənin 4.1-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı müqaviləyə uyğun olaraq cərimə faizlərini ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas borca münasibətdə 67.7 manat (əsas borcun 5%-i həcmində) cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir. Bundan başqa qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanının 8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclara münasibətdə tətbiq edilir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən borcları gec ödənilsə də, xx.xx.2019-cu il tarixə kimi 360 günlük gecikmə olması sübut edilmir, yəni həmin müddət ərzində fasilələrlə də olsa müvafiq il daxilində olan aylar üzrə qismən ödənişlər edilmişdir. Eyni zamanda, tərəflr arasında xx.xx.2014-cü il tarixdə kredit kartından istifadə ilə bağlı müqavilə olmuş, 26 aprel 2017-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə 1 nömrəli Əlavə saziş əsasən, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsinin “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilməsi, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin (əsas borc) 1474 manat təşkil edən qalığının kreditə çevrilməsi, kreditin müddətinin xx.xx.2022-ci il tarixədək müəyyən edildiyi və illik faiz dərəcəsinin 15% olduğu görünür. Buradanda aydın olduğu kimi cavabdehin götürdüyü kredit borcu 360 gün müddətində ödənilməyən problemli kredit olmadığından “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir. Bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Cavabdeh 1.353,04 manat əsas, 895.01 manat faiz, 67.7 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu, cəmi 2509,55 manat tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 51,79 manat dövlət rüsumunun 40.89 manat hissəsi cavabdehdən tutulmalı, qalan 10.9 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan əlavə məhkəmə ekspertizası üçün 100 manat tədqiqatın dəyəri müəyyən edilmişdir. MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, 100 manat məbləğində ekspert xərcinin tərəflər arasında bərabər bölüşdürülməsi nəticəsinə gəlir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1.353,04 manat əsas borc, 895.01 manat faiz borcu, 67.7 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 193,80 manat faiz borcu, cəmi 2509,55 manat və 40.89 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (LPO) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar