Məhkəmə qərarları › İş №e-2-2(117)-944/2022

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-944/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-944/2022 27.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı Aqrarkredit Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı “xx.xx.2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsi üzrə 34512,30 manat əsas, 2294,54 manat faiz borcu olmaqla cəmi 36806,84 manat borcun cavabdehlərdən tutulması, tutmanın girov qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzilə yöndəilməsi, mənzilin açıq hərracda satılması hesabına borcun ödənilməsi və cavabdehin həmin mənzilə sahiblik və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı “xx.xx.2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsi üzrə 34512,30 manat əsas, 2294,54 manat faiz borcu olmaqla cəmi 36806,84 manat borcun cavabdehlərdən tutulması, tutmanın girov qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzilə yöndəilməsi, mənzilin açıq hərracda satılması hesabına borcun ödənilməsi və cavabdehin həmin mənzilə sahiblik və istifadə hüquqlarına xitam verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nın Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış 02 avqust 2013-cü il tarixli 2013-İP-02 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 10%-lə 63880 manat və 02 avqust 2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsinə əsasən mənzil alınması məqsədi ilə ona 120 ay müddətinə illik 10%-lə 45421 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqavilələri üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2013-cü il tarixli 18 nömrəli alqı-satqı müqaviləsinin predmeti olan ünvan 1 ünvanında inşa edilən 6 mərtəbəli binanın A blokunun 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 119,6 kv.m, dəyəri 68388 manat təşkil edən 2 otaqlı 15 nömrəli mənzil üzərində sahiblik və istifadə hüquqları, habelə Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış 21 avqust 2013-cü il tarixli 19 nömrəli alqı-satqı müqaviləsinin predmeti olan ünvan 1 ünvanında inşa edilən 6 mərtbəli binanın B blokunun 4-ci mərtəbəsində yerləşən ümumi sahəsi 85,7 kv.m, dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzil üzərində sahiblik və istifadə hüquqları banka girov qoyulmuşdur. Girov müqavilələri notarial qaydada təsdiq edilmiş və Şəki filialının girovu kimi müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda "xxxx" ASC-nın Şəki filialı ilə Cavabdeh2 MTK və Cavabdeh1 arasında bağlanmış 21 avqust 2013-cü il tarixli 2013-İP-02 nömrəli və 21 avqust 2013-cü il tarixli 2013- İP-03 nömrəli zaminlik müqavilələrinə əsasən "xxxx" MTK "xxxx" ASC-nın Şəki filialından Cavabdeh1 02 avqust 2013-cü il tarixli 2013-İP-02 nömrəli kredit müqaviləsi və 02 avqust 2013-cü il tarixli 2013- İP-03 nömrəli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında yerinə yetirilməsinə görə cavabdehlik daşımağı öz öhdəsinə götürmüşdür. Borcun ödənilməsi barədə cavabdehə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisə predmeti olan kredit məbləği Cavabdeh1 mənzil alınması məqsədilə verilmişdir. İddiaçı bu işlə bağlı ilkin olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmiş, lakin tərəflərdən biri hüquqi şəxs olduğuna görə sonuncu məhkəmə xx.xx.2021-ci il tarixli qərardadla iddia ərizəsinin məhkəmənin icraatına qəbulundan imtina etmişdir. Bu səbəbdən işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirdi ki, cavabdehlərdən biri olan İpəkçi İnşaat MTK-nin VÖEN-ni olduğuna görə belə hesab edirlər ki, hazırki işə məhkəmə aidiyyat üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki iddia tələbinə kommersiya məhkəmələri tərəfindən baxılmalı olmadığından iş baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinə görə müəyyən edilir ki, hazırki mübahisədə bankdan kredit götürmüş əsas borclu ümumiyyətlə sahibkar subyekti deyildir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Eyni zamanda əsas borclu olan cavabdeh istehlak hüquqları ilə bağlı kredit götürmüş və kreditin təyinatə mənzilin alınmasından ibarətdir. Bundan başqa digər cavabdeh "xxxx" MTK sahibkarlıq subyekti olsa da, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İddia ərizəsinin əsaslandırılmasından və iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisə predmeti olan kredit Cavabdeh1 sahibkarlıq məqsədi ilə deyil, mənzil alınması üçün, yəni şəxsi istehlakı üçün verilmişdir. Göründüyü kimi, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətləri ilə əlaqədar olmadığından mübahisəyə ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Cavabdeh və ya cavabdehlərin vergi ödəyicisi və ya hüquqi şəxs olması hazırki mübahisənin məhkəmə aidiyyətinin dəyişdirilməsi üçün əhəmiyyət kəsb etmir. Belə ki, mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmadığından mübahisəyə ümümi məhkəmələr tərəfindən baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Qərarın 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməyərək şəxsi istehlak – mənzil alınması üçün verilmiş kredit məbləği üzrə borcun ödənilməsindən ibarət olduğundan, əsas borclu olan Cavabdeh1 isə ümumiyyətlə sahibkar subyekti olmadığından hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə ümumi məhkəmələr tərəfindən baxılmalı olduğundan və cavabdehlər Şəki şəhərində qeydiyyatda olduqlarından hazırki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh1 qarşı “xx.xx.2013-cü il tarixli 2013-İP-03 nömrəli kredit müqaviləsi üzrə 34512,30 manat əsas, 2294,54 manat faiz borcu olmaqla cəmi 36806,84 manat borcun cavabdehlərdən tutulması, tutmanın girov qoyulmuş Cavabdeh1 məxsus ünvan 1 ünvanında inşa edilən 6 mərtəbəli binanın B blokunun 4-cü mərtəbəsində yerləşən dəyəri 45421 manat təşkil edən 2 otaqlı 30 nömrəli mənzilə yöndəilməsi, mənzilin açıq hərracda satılması hesabına borcun ödənilməsi və cavabdehin həmin mənzilə sahiblik və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iş materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar