Məhkəmə qərarları › İş №e-2-2(117)-954/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-954/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-954/2024 12.09.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “2822.54 manat əsas, 2092.59 manat faiz, 3336.10 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 399.36 manat faiz borcu və iş üzrə ödənilmiş 106.51 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin İçərişəhər filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 33 % faiz dərəcəsi ilə ümumilikdə 5000 manat məbləğində “Dövriyyə vəsaiti” məqsədilə kredit verilmiş, sonuncu isə krediti ona hesablanmış faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 66 % dərəcəsilə, aylıq isə 5.50 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2014-cü il tarixdə borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin etmək üçün İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında 330004457/ZM nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə ilə sonuncu borclunun bank qarşısında öhdəliklərinin icrasını təmin etmək üçün borcalanla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşin sənədi olan kassa məxaric orderindən görünür ki, Cavabdeh1 5000 manat bank tərəfindən pul verilmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə Əlavə sazişdən görünür ki, kredit müqaviləsinə əsasən borclunun 5184,42 manat məbləği (2916.04 manat əsas, 1426.53 manat faiz və 841.85 manat cərimə borcu) restrukturizasiya olunmuşdur. Həmin müqaviləyə əsasən restrukturizasiya edilmiş kredit üzrə Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və 12 aydan sonra ilk 12 ay ərzində gecikən günlərin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilən müddətin sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə ilk 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, hesablanmış və hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər olaraq cərimənin, sonra faizlərin, daha sonra əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. 1.2-ci bəndinə əsasən restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 17 % ödənilir. 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafiki nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 34 % dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi üzrə Əlavə Sazişə əsasən zamin Cavabdeh2 bu Sazişi imzalamaqla ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələr, o cümlədən, 01 saylı, xx.xx.2017-ci tarixli əlavə sazişlə razı olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə Əlavə Saziş üzrə ödəniş cədvəlindən görünür ki, xx.xx.2017-cil tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli restrukturizasiya olunmuş əsas borc məbləği cəmi 2916,04 manat, faiz borcu isə 1122,85 manat təşkil etmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə və xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi Cavabdeh1 tərəfindən əlavə saziş bağlandıqdan sonra xx.xx.2017-ci il tarixdə 90 manat və xx.xx.2024-cü il tarixdə 50 manat ödəniş etmiş və cavabdehin 2822,54 manat əsas, 2092,59 manat faiz borcu qalmış, iddiaçı əsas borca 3336,10 manat cərimə borcu hesablamışdır. Borcun ödənilməsi barədə cavabdehə pretenziya ilə borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq olunmasına baxmayaraq, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmış və iddiaçı bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 8650,59 manat təşkil edir. Bundan 2822,54 manat əsas, 2092,59 manat faiz, 3336,10 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 399,36 manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehə 2014-cü ildə 5000 manat kredit verilmişdir. 2017-ci ildə tərəflər əlavə saziş imzalamışdır. Müqavilənin müddəti xx.xx.2021-ci ilə qədər uzadılmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun hazırda 2822,54 manat əsas, 2092,59 manat faiz, 3336,10 manat cərimə borcu qalmış və həmin borca müqavilə bitəndən sonra 399,36 manat faiz hesablamışlar. Cavabdehin kredit borcu restrukturizasiya ilə bağlı fərmanın təsir dairəsinə düşmüş, lakin fərmanın qüvvədə olma tarixi xx.xx.2019-cu il tarixə qədər olduğundan cavabdeh restrukturizasiya ilə bağlı banka müraciət etməmişdir. Onlar isə bank olaraq cavabdehə bildiriş ünvanlamış, lakin bildirişi tapmadıqlarından məhkəməyə təqdim edə bilməmişlər. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsi, Kredit müqaviləsinə əlavə saziş, Zaminlik müqaviləsi və ona Əlavə saziş, Ödəniş cədvəlləri, Kassa məxaric orderi, Hesabdan çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq 2822.54 manat əsas borcun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi xx.xx.2017-ci il tarixdə iddiaçı ilə Cavabdeh1la bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə Əlavə saziş bağlamış və borclunun 5184,42 manat borc məbləği (2916.04 manat əsas, 1426.53 manat faiz və 841.85 manat cərimə borcu) restrukturizasiya olunmuşdur. xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə və xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 tərəfindən əlavə saziş bağlandıqdan sonra xx.xx.2017-ci il tarixdə 90 manat və xx.xx.2024-cü il tarixdə 50 manat ödəniş etmiş və cavabdehin 2822,54 manat əsas borcu vardır. Göründüyü kimi cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əlavə saziş üzrə müəyyən olunmuş qrafik üzrə kredit borcunu lazımınca ödəmədiyindən 2822,54 manat əsas borcu qalmışdır və bu səbəbdən həmin borc məbləği Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin müqavilə müddəti üçün hesablanmış 2092.59 manat faiz, 3336.10 manat cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq qeyd edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil olunur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Belə ki, Fərmanın 7.1-ci bəndinə əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. 8.3-cü bəndinə əsasən, bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Göründüyü kimi, Fərmanın tələbləri baxımından borcun restrukturizasiya edilməsi və yeni güzəştli müqavilələrin bağlanması üçün üç şərt müəyyən edilmişdir:

1. Kredit müqaviləsinin xx.xx.2012-ci il tarixdən sonra bağlanması,

2. Kredit borcunun xarici valyutada 10000 ABŞ dolları, milli valyutada isə 17000 manat təşkil etməsi,

3. əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı ilə cavabdeh arasında ilk kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanmış və xx.xx.2017-ci il tarixdə əlavə sazişlə müddəti uzadılaraq ilkin müqavilə üzrə ödənilməli borc müəyyən edilmişdir. Cavabdeh tərəfindən əlavə sazişə əsasən xx.xx.2017-ci il tarixdə 90 manat ödəniş edilmiş və bundan sonra 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın qüvvəyə minməsinədən ödəniş edilməmişdir, Göründüyü kimi, kredit müqaviləsi xx.xx.2012-ci il tarixdən sonra, yəni xx.xx.2014-ci il tarixdə bağlanmış, cavabdehin gecikməsi 365 gündən (xx.xx.2017-xx.xx.2019) çox olmuş və cavabdehin kredit müqaviləsi üzrə borc məbləği 17000 manatdan az olmuşdur. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq iddia tələbini restrukturizasiya olunması təklif olunan borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan Fərmanın tələblərinə əməl edilməsinə dair iş materiallarında sübut mövcud deyildir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında da bildirdiyi kimi cavabdehin kredit borcu restrukturizasiya ilə bağlı fərmanın təsir dairəsinə düşmüş, lakin fərmanın qüvvədə olma tarixi xx.xx.2019-cu il tarixə qədər olduğundan cavabdeh restrukturizasiya ilə bağlı banka müraciət etməmiş, bank cavabdehə bildiriş ünvanlamış, lakin bildirişi tapmadıqlarından məhkəməyə təqdim edə bilməmişlər. Göründüyü kimi iddiaçı cavabdehə restrukturizasiya ilə bağlı bildirişi təqdim etdiyini iddia etsə də, həmin sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi iddiaçı hərəkətsizlik edərək Fərmanın icrası müddətinin bitməsini gözləmiş və sonra məhkəməyə müraciət etmişdir ki, sonuncunun hərəkətləri məhkəmə tərəfindən qərəzli qiymətləndirilir. Eyni zamanda xx.xx.2017-ci il tarixdə bağlanmış ********* saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə Əlavə saziş üzrə yaranmış borc məbləği qeyd edilən Fərmanın təsir dairəsinə düşmüş və iddiaçı tərəf bu halı etiraf etmişdir ki, bu işin mübahisələndirilməyən halıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə müddəti üçün hesablanmış 2092.59 manat faiz, 3336.10 manat cərimə borcunun ödənilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin müqavilə müddəti bitdikdən sonra hesablanmış 399,36 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı ərizəsində kredit müqaviləsi bitəndən sonra 399.36 manat faiz borcunun cavabdehdən tutulmasını iddia edir və tələbin bu hissəsinə münasibətdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına, o cümlədən, iddiaçı ərizəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Beləliklə cavabdeh tərəfindən 399,36 manat kredit məbləğinə münasibətdə 35 ay 23 gün üçün illik 5 %-lə hesablanmış 420,616 manat faiz borcu (2822,54 x 5 % = 141,127 manat 12 ay üçün (1 illik), 141,127 / 12 = 11,760 manat aylıq, 11,760 / 30 = 0,392 günlük, 11,760 * 35 = 411,6 manat 35 ay üçün, 0,392 x 23 = 9,016 manat, cəmi 411,6 + 9,016 = 420,616 manat 35 ay 23 gün üçün) təşkil edir. İddiaçı isə müqavilə müddəti bitdikdən sonra 399,36 manat faiz ödənilməsini tələb edir ki, məhkəmə iddiaçının tələbi həddində 399,36 manat faiz borcu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini qanuni hesab edir. Bundan başqa tələbin zamin Cavabdeh2 da tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən göründüyü kimi həmin müqavilə zamin Cavabdeh2 ilə iddiaçı bank arasında borcalanın kreditor qarşısında xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsindən yaranmış öhdəliklərini icrasını təminatı olaraq bağlanmış və həmin müqavilə ilə zamin Cavabdeh2 borclunun öhdəlikləri üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2017-ci il tarixdə zaminlik müqaviləsi üzrə Əlavə Saziş bağlanmış və həmin sazişin 1.2-ci bəndinə əsasən əsasən zamin xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə edilmiş əlavələr, o cümlədən xx.xx.2017-ci il tarixli 01 saylı sazişə əsasən müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Lakin zaminliyin qüvvədə olma müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə qeyd edir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırki iş üzrə restrukturizasiya müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə qurtarmış və zaminlik müqaviləsində konkret qüvvədə olma müddəti müəyyən olunmadığından Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı isə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə zaminə münasibətdə tələb üçün müəyyən edilmiş müddəti ötürmüşdür ki, hazırki vəziyyətdə zamin Cavabdeh2 pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2822,54 manat əsas borc, gecikdirilmiş borca illik 5%-lə hesablanmış 399,36 manat faiz borcunun Cavabdeh1 tutulması hissəsində təmin edilməli, iddia tələbi qalan hissələrdə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 106.51 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı olduğundan və məhkəmə tərəfindən restrukturizasiyaya dair fərmanın tələbləri tətbiq edilməklə iddia tələbi qismən təmin edildiyindən 106.51 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən 106.51 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və həmin məbləği cavabdehdən tələb etdiyindən 106.51 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh1 2822,54 manat əsas borc, gecikdirilmiş borca illik 5%-lə hesablanmış 399,36 manat faiz borcu və 106,51 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar