Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-961/2024 29.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 3647,80 manat əsas borc, 318,60 manat məbləğində ƏDV borcu, 3939,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7906 manat məbləğində pulun və hüquqi xidmətə görə ödənilmiş 500 manat xidmət haqqının, 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən 3647,80 manat əsas borc, 318,60 manat məbləğində ƏDV borcu, 3939,62 manat məbləğində cərimə borcu olmaqla, cəmi 7906 manat məbləğində pulun və hüquqi xidmətə görə ödənilmiş 500 manat xidmət haqqının, 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 101/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqavilənin şərtlərini icra etmiş və həmin alqı-satqı müqaviləsi əsasında razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. “Alıcıya” təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinə cəmi ƏDV ilə birlikdə mala görə 3966.40 manat ödənilməmiş borcu qalmışdır. Eyni zamanda iddiaçı tələbində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdehə həm elektron kargüzarlıq, həm də kağız daşıyıcıda pretenziya məktubu göndərilmiş və sözügüdən borc məbləğinin 3 gün müddətində ödənilməsi xahiş edilmişdir. Lakin pretenziya məktubuna bugünədək cavab verilməmiş, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə 101/2021 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, bu müqavilə əsasında satıcı, hazırki müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə “Mal” adlandırılacaq sement növünü alıcıya satır. Alıcı isə malı alır və dəyərini ödəyir. 3.1-ci bəndinə əsasən, Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. 4.4-cü bəndinə əsasən, Alıcı daşınmaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir. Yük nəqliyyat qaiməsindəki satıcının tərəzilərinin göstəriciləri əsas götürüləcək. 7.2.1-ci bəndinə əsasən, Alıcı bu müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtıvaxtında qəbul etməyi və onun dəyərini ödəməyi öz öhdəsinə götürür. 7.2.4-cü bəndinə əsasən, Alıcı ödənişin bu müqavilə üzrə nəzərdə tutulmuş müddətdən gecikdirildiyi hər gün üçün ödənilməyən borcdan 0,1% qədər cərimə və bundan yaranan administrativ xərcləri ödəməyi öz öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən, bu müqavilə xx.xx.2021-ci il tarixində qüvvəyə minir və xx.xx.2021-ci il tarixinədək qüvvədədir. Müqavilənin bitdiyi tarixə 30 gün qalmış tərəflərdən biri digərinə müqaviləyə xitam verilməsi haqqında xəbərdarlıq göndərmədiyi təqdirdə, müqavilənin müddəti növbəti təqvim illərinin sonuna qədər uzadılmış hesab olunur. Eyni zamanda tərəflərin bağlamış olduğu UNİT 101/2021 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə Əlavənin 1.1-ci bəndinə əsasən, satılacaq mal və onun qiyməti müəyyənləşdirilmişdir. Belə ki, cavabdehə satılacaq olan SEMENT CEM İİ A-P 42,5 R QALAQ məhsulunun 1 tonunun çatdırılma daxil satış qiyməti 122 manat (ƏDV xaric) müəyyən edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. İşdə olan ******* nömrəli əmtəə nəqliyyat qaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə 29,9 ton miqdarında məhsul təhvil verilmiş və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmişdir. İşdə olan malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli 363569 nömrəli elektron qaimə-fakturadan müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 29.900 ton məbləğində sement məhsuluna görə 3647,8 manat dəyərində 656,6 manat ƏDV olmaqla cəmi 4304,4 manat məbləğində qaimə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilsə də, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bundan sonra rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixində cavabdehə və ya ailə üzvlərinə çatdırılması üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə elektron poçt vasitəsilə göndərilmişdir. MPM-in: 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135, 147 və 284-5.3cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021ci il tarixdə 101/2021 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin tələbinə görə satıcı, sement növünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər.Həmçinin alıcı daşınmaları sutkanın 24 saatı ərzində qəbul edir və yük nəqliyyat qaiməsini imza və möhürlə təsdiq edir. Yük nəqliyyat qaiməsindəki satıcının tərəzilərinin göstəriciləri əsas götürüləcək.Alıcı bu müqavilənin şərtlərinə uyğun olaraq malı vaxtı-vaxtında qəbul etməyi və onun dəyərini ödəməyi öz öhdəsinə götürür. Eyni zamanda tərəflərin bağlamış olduğu UNİT 101/2021 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə Əlavənin 1.1-ci bəndinə əsasən, satılacaq mal və onun qiyməti müəyyənləşdirilmişdir. Belə ki, cavabdehə satılacaq olan SEMENT CEM İİ A-P 42,5 R QALAQ məhsulunun 1 tonunun çatdırılma daxil satış qiyməti 122 manat (ƏDV xaric) müəyyən edilmiş və tərəflərin imzası ilə təsdiq edilmişdir. İşdə olan ******* nömrəli əmtəə nəqliyyat qaməsindən görünür ki, xx.xx.2021-ci il tarixdə 29,9 ton miqdarında məhsul təhvil verilmiş və cavabdeh tərəfindən imzalanaraq təsdiqlənmiş, həmçinin malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə xx.xx.2021ci il tarixli 363569 nömrəli elektron qaimə-faktura ilə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 29.900 ton məbləğində sement məhsuluna görə 3647,8 manat dəyərində 656,6 manat ƏDV olmaqla, cəmi 4304,4 manat məbləğində elektron qaimə təqdim etmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi müqaviləyə Əlavə və xx.xx.2021-ci il tarixli əmtəə nəqliyyat qaiməsinə əsasən, cavabdehin İddiaçınə 3647.8 manat (29,9 x 122 = 3647.8) əsas borcu, 656.604 manat (3647.8 x 18% = 656.604) ƏDV borcu olmaqla, ümumilikdə 4304.4 manat (3647.8 + 656.604 = 4304.4) borcu vardır. Lakin iddiaçı tələbində bildirmişdir ki, Cavabdeh MMC İddiaçı MMC-dən dəyəri 4304.40 manat məbləğində olan sement almışdır. “Alıcıya” təqdim edilmiş elektron/hesab fakturalarda nəzərdə tutulmuş məbləğdən xx.xx.2024-cü il tarixinə cəmi ƏDV ilə birlikdə mala görə 3966.40 manat ödənilməmiş borcu qalmışdır. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 3647,80 manat əsas borcu, 318.60 manat məbləğində ƏDV borcu olmaqla, cəmi 3966.40 manat borcu yaranmışdır ki, iddiaçı nəzərdə tutulan borcun tutulmasını tələb etməkdə haqlıdır. İddia tələbinin “3939,62 manat məbləğində cərimə borcunun tutulması”na münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, Satıcı ödənişin gecikdirildiyi hər günə görə, müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1%-i miqdarında alıcıya cərimə tətbiq edə bilər. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 197 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Düzdür, iddiaçı tərəf hüquqi yardımla bağlı vəkilə ödənilmiş pulun köçürmə qəbzini məhkəməyə təqdim etsə də, vəkilin işdə iştirak etmə sayı nəzərə alınmaqla hüquqi yardımla bağlı ödənilmiş 200 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənildiyindən və iddia qismən təmin edildiyindən 99,06 manat dövlət rüsumunun 52,12 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli 46,88 manat isə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən 3647,80 manat əsas borc, 318.60 manat ƏDV borcu, 197 manat cərimə borcu, 200 manat vəkil xidmətlərinə görə haqq və 52,12 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov