Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-962/2023 17.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada 3552/K №-li, xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsi üzrə ödənilməmiş 12500 manat əsas borc, 36,71 manat faiz borcu, 399,31 manat müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz borcu və 1020,21 manat cərimə faiz borcu olmaqla, cəmi 13956,23 manat kredit borcunun, habelə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 131,87 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutulması” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlərdən müştərək qaydada 3552/K №-li, xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsi üzrə ödənilməmiş 12500 manat əsas borc, 36,71 manat faiz borcu, 399,31 manat müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanmış faiz borcu və 1020.21 manat cərimə faiz borcu olmaqla, cəmi 13956,23 manat kredit borcunun, habelə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 131,87 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 ilə "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixli 3552/K nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, bank fərdi mikro kredit məqsədilə ümumi məbləği 40 000 manat olan borc pulu (bundan sonra kredit) aylıq faiz dərəcəsi 17 % olmaqla, 12 ay müddətinə kredit alana verməyi, kredit alan bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi banka qaytarmağı öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli Cavabdeh2 müraciəti əsasında qeyd edilən kredit xətti müqaviləsi üzrə 25000 manat tranşın verilməsi xahiş edilmiş və həmin məbləğdə kredit tranşı verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.2-ci bəndinin tələbinə görə, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məblğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi zamin Cavabdeh1 ilə 3552/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən zamin faizlərin borc tutulması üzrə borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu Müqavilə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədədir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh2 3552/K nömrəli müqavilə üzrə 12500 manat əsas borc, 36,71 manat faiz, 1020,21 manat cərimə borcu, 399,31 manat əldən çıxmış fayda üzrə borcu mövcuddur. İddiaçının təqdim etdiyi maliyyə arayışından müəyyən edilir ki, 25000 manat kredit məbləği X1 xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, illik faiz dərəcəsi 17% müəyyən edilməklə 3 aylıq yəni xx.xx.2022-ci il tarixədək qaytarılması müddəti müəyyən edilmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: kredit müqaviləsi, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən illik 17 faizlə 12 ay müddətinə 25 000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh borcunu müqavilədə nəzərdə tutulan müddətdə qaytarmamış, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi zamin Cavabdeh1 ilə 3552/Z nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən zamin faizlərin borc tutulması üzrə borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşıyır. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, bu Müqavilə tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədədir. İddiaçının təqdim etdiyi maliyyə arayışından müəyyən edilir ki, 25000 manat kredit məbləği X1 xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, illik faiz dərəcəsi 17% müəyyən edilməklə 3 aylıq, yəni xx.xx.2022-ci il tarixədək qaytarılması müddəti müəyyən edilmişdir. Odur ki, iddiaçı cavabdehlərdən həmin əsas borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddia tələbinin “pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 36,71 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, kredit faizi illik 17% müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh ümumiyyətlə iddia ilə bağlı hər hansı bir münasibətini məhkəməyə təqdim etməmiş, məhkəmənin hazırlıq iclasında borcunun mövcudluğunu etiraf etmişdir. Cavabdehin elektron kabineti mövcud olsa da kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcları həmçinin əldən çıxmış fayda ilə bağlı hər hansı bir arqument və ya ekspertizanın təyin edilməsi ilə bağlı hər hansı bir vəsatət irəli sürməmişdir. Məhkəmə əlavə araşdırma aparmamış, sübutlarin əldə edilməsinə təşəbbüs göstərməmişdir. Ona görə də məhkəmə iddia tələbinin əsas və faiz borcuna münasibətdə əsaslı hesab edir. Müqavilə üzrə hesablanmış 1020,21 manat cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış kredit razılaşmasının 6.2-ci bəndinin tələbinə görə, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məblğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, gecikdirilmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün müqavilənin 1.1-ci bəndində müəyyən olunmuş illik faiz dərəcəsinin 1 misli miqdarında illik faiz dərəcəsi ilə borc verən tərəfindən borc alana penya hesablana bilər. Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 100 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Məhkəmə iddia tələbinin “kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 399,31 manat” hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Belə ki, 25000 x 5%/100% = 1250 manat (illik 5 % cərimə borcunun məbləği). İddiaçı müqavilə müddəti bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək borcun ödənilməsini tələb etdiyindən, 7 ay 20 gün üçün (yuvarlaq 7 ay qəbul etsək) 1250 manat x 7/12 (7 ay üçün) =729 manat borc məbləği hesablanmalıdır. Odur ki, iddiaçı bu hissədə daha az məbləğdə gecikdirilmiş faiz borcu tələb etdiyindən məhkəmə hesab edir ki, bu hissədə də tələbində haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 12 500 manat əsas borc, 36,71 manat faiz borcu, 50 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 399,31 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlı olduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 131,87 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə tam təmin edildiyindən və iddiaçı tərəfindən dövlət rüsumu ödənildiyindən 131,87 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, 200 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 12500 manat əsas borc, 36,71 manat faiz borcu, 100 manat cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 399,31 manat məbləğində pul, 200 manat mediasiya xərci və 131,87 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-962/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-962/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver