Məhkəmə qərarları › İş №e-2-2(117)-964/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-964/2024

30.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-964/2024 30.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 “vurulmuş maddi zərərə görə 2100 manat və əvvəlcədən məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 manat pulun cavabdehlərdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə : İddiaçının bildirdiyinə görə Cavabdeh3 onun yaxın qohumudur. Yəni o, cavabdehi çoxdan tanımışdır. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə o, X3 vasitəsi ilə tanış olmuşdur. Belə ki, bir neçə ay bundan əvvəl qohumu olan Cavabdeh3 digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə onun yanına gələrək ailəsinə məxsus qeyri-yaşayış binasının zirzəmisini çay evi kimi işlətmək istədiklərini bildirmiş, o isə cavabdehlərə obyektin anbarının çay evi kimi fəaliyyət göstərmək vəziyyətində olmadığını, bunun üçün anbarın təmir olunmalı olduğunu bildirmişdir. Həmçinin obyektin anbarında maye gübrə saxlanıldığını bildirmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçının ailəsinə məxsus obyektin anbarına yığılmış maye gübrənin saxlanılması üçün başqa yerə köçürülməsini, eyni zamanda həmin anbarın təmiri üçün lazım olan tikinti materiallarının alınmasını ondan xahiş etmişdilər. Aralarında olan razılaşmaya əsasən anbarda təmir işləri cavabdehlər tərəfindən aparılmalı, tikinti üçün lazım olan materiallar onun tərəfindən alınmalı idi. Həmin vaxt cavabdehlərlə arasında olan qeyri-rəsmi razılaşmaya görə obyektin anbarı təmir edildikdən sonra onlara təhvil verilən zaman cavabdehlərlə arasında rəsmi olaraq icarə müqaviləsi bağlanmalı idi. Həmçinin təmir işlərinə görə ödənilməli olan usta və fəhlə pulu icarəyə ödədikləri puldan çıxılacaqdı. Cavabdehlərlə arasında olan bu qeyri-rəsmi razılaşmadan sonra o, anbarda olan maye gübrənin başqa yerə daşınması üçün istər texnika, istərsə də fəhlə pulunu şəxsi hesabına ödəyərək anbarın boşaldılmasını təmin etmişdir. Bundan sonra cavabdehlərlə təkrar olaraq görüşüb anbarda olan gübrənin başqa anbara daşınması üçün texnikaya və fəhlələrə 300 manat pul ödəməsi, anbarı çay evi kimi işlətməyəcəklərsə, material almaması barədə xəbərdarlıq etmişdir. Lakin cavabdehlərin üçü də görüş zamanı aralarında olan razılaşmanın qüvvədə olduğunu demişdilər. Bundan sonra da bir neçə dəfə o, cavabdehlərlə görüşüb aralarında olan razılaşmanı müzakirə etmişdilər. Hər dəfə görüşəndə cavabdehlər ona demişdilər ki, anbar təmir olunduqdan sonra onlar onunla icarə müqaviləsi bağlayıb həmin anbarı çay evi kimi istifadə edəcəklər. Material alındıqdan sonra dəfələrlə zəng edib cavabdehlərə xəbərdarlıq etsə də, onlar aralarında olan qeyri-rəsmi razılaşmadan imtina etmişdilər. Hal-hazırda da o, obyektinin anbarından istifadə edə bilmədiyini qeyd etmişdir. Maye gübrənin anbardan başqa yerə daşınması üçün texnikaya və fəhləyə 300 manat pul ödəmiş, həmin gübrənin geri daşınması üçün 300 manat əlavə ödənilməlidir. Həmçinin tikinti materiallarını nisyə almışdır. Bu materialların alınması və anbara gətirilməsi üçün 1500 manat pul ödəmişdir. Göründüyü kimi cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı ilə aralarında olan qeyri-rəsmi razılaşmadan imtina etdiklərinə görə ona 2100 manat miqdarında maddi zərər dəymişdir. O, cavabdehlər tərəfindən ona vurulmuş bu zərərin geri ödənilməsini tələb etmişdir. Çünki məhz cavabdehlərin öz öhdəliklərinə sadiq qalmadıqları üçün ona 2100 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi iddiaçının zərərin vurulduğunu iddia etdiyi Göyçay rayonu, Potu kəndində mülkiyyətində olan 0.0850 ha torpaq sahəsində yerləşən Bakı-Qazax avtomobil yolunun cənub tərəfində 2 girişli, 956.2kv.m ümumi, 413.5 kv.m əsas, 542.7 kv.m köməkçi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası X1 tam mülkiyyətində olsa da, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən qeyd edilən əmlak üzərində etibarnamə əsasında M.Mayılova tərəfindən harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq sonuncunun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən, əmlak üzərində buna dair müvafiq olaraq digər hərəkətləri etməyi iddiaçıya etibar etmişdir ki, hazırki iş üzrə iddiaçı həmin əmlakın zirzəmisinin təmiri üçün çəkdiyi xərci mübahisələndirir. İddiaçı tərəfindən iddia tələbinin sübutu qismində malların satış sənədləri, qaiməfaktura məhkəməyə təqdim edilsə də, həmin sənədlər üzrə malların hansı qaydada kimə təhvil verilməsi, malın hansı məqsəd üçün alınması və s. halları müəyyən etmək mümkün deyildir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan respublikası Mlüki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara malların satış sənədləri, qaimə faktura, daşınmaz əmlakın reyestrindən çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə 2100 manat pulun tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 406.1, 329.2, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı iddiaçının bildirdiyinə görə ona məxsus qeyri-yaşayış binasının zirzəmisinin çay evi kimi işlədilməsi üçün cavabdehlərlə şifahi qaydada razılaşmış və həmin razılaşma üzrə anbarda təmir işləri cavabdehlər tərəfindən aparılmalı, tikinti üçün lazım olan materiallar isə iddiaçı tərəfindən alınmalı idi. Həmin vaxt cavabdehlərlə arasında olan qeyri-rəsmi razılaşmaya görə obyektin anbarı təmir edildikdən sonra cavabdehlərə təhvil verilən zaman onlar aralarında rəsmi olaraq icarə müqaviləsi bağlamalı idilər. Həmçinin təmir işlərinə görə ödənilməli olan usta və fəhlə pulunun icarəyə ödəyəcəkləri puldan çıxılması nəzərdə tutulmuşdur. Hər dəfə görüşəndə cavabdehlər anbar təmir olunduqdan sonra iddiaçı ilə icarə müqaviləsi bağlayıb həmin anbarı çay evi kimi istifadə edəcəklərini bildirsələr də, material alındıqdan sonra iddiaçı dəfələrlə zəng edib cavabdehlərə xəbərdarlıq etsə də, cavabdehlər aralarında olan qeyri rəsmi razılaşmadan imtina etmişdilər. İddiaçı tərəf ilkin ifadə və izhatlarını məhkəməyə təqdim etməsinə baxmayaraq cavabdeh tərəf iddia tələbi ilə bağlı məhkəmənin çağırışlarına gəlməmiş, iddia tələbinə münasibət bildirməmiş, iddiaçı tərəf sübutetmə yükünə uyun olaraq iddia tələbini qismən də olsa əsaslandıra bilmişdir. Məhkəmə müəyyən edir ki, tərəflər arasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsi ilə bağlı icarə müqaviləsinin bağlanmasına yönələn hərəkətlər və ilkin şifahi danışıqlar mövcud olmuşdur. İddiaçının iddiasına görə cavabdehlərlə aralarında iddiaçının etibarnamə əsasında istifadə etdiyi qeyri yaşayış binasının zirzəmisini çay evi kimi cavabdehlərə icarəyə verilməsi ilə bağlı şifahi razılaşma mövcud olmuşdur. Tərəflər sonradan bunu rəsmiləşdirəcəkləri barədə razılaşmış, buna görə iddiaçı həmin zirzəmidə olan maye gübrənin daşınması üçün 300 manat xərc çəkmişdir ki, cavabdehlər sonradan iddiaçı ilə aralarında olan razılaşmadan imtina etmiş və bu səbəbdən tərəflər arasında münasibətlər pozulmuş və iddiaçı zirzəminin icarəyə verilməsi üçün ilkin təmir xərci kimi orda olan maye gübrənin daşınması üçün texnikaya və fəhləyə ödədiyi 300 manat xərclə yanaşı onun geri, yəni zirzəmiyə təkrar daşınması üçün 300 manat xərc tələb edir ki, bunda da haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbinin hüquqi əsası olaraq Mülki Məcəllənin 386-cı maddəsinin olması şübhə doğurmur. Belə ki, Mülki Məcəllənin 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3-cü maddəsinə əsasən danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Bundan əlavə iddiaçının hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələri üzrə ilkin araşdırma aparılaraq yalnız iddiaçının izahatları alınmış və mübahisə ilə bağlı aidiyyəti məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Belə ki, tərəflər arasında münasibətlər şifahi qaydada olsa da, hər iki tərəf mübahisəli qeyri-yaşayış sahəsinin icarəsi ilə bağlı şifahi qaydada razılaşmışlar ki, bununla bağlı iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında, eləcə də ərizəsində vurğulamışdır ki, cavabdehlər hazırki iş üzrə iddiaçı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu öhdəlikdən imtina etdiklərindən texnikaya və fəhləyə ödənilməli 300 manat pul və maye gübrənin zirzəmiyə daşınması üçün 300 manat pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qanuni və ağlabatandır. Məhkəmə qeyd edilən anbarın boşaldılması üçün iddiaçının ilkin olaraq çəkdiyi xərcin 300 manat olmasını cavabdehlərin hər hansı bir etiraz və vəsatətləri olmadığı üçün əsaslı və ağlabatan qiymət olaraq qəbul etmişdir. Eyni zamanda, oradan çıxarılmış maye gübrənin geri qaytarılması üçün çəkilmiş xərcin ilkin xərcə bərabər olmasını da həqiqətə uyğun hesab etmişdir. Məhkəmə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması vəzifəsinə əsaslanaraq qeyd edilən hərəkət və hərəkətsizliklərin baş verməsini tərəflərin təqdim etdikləri sübutlara əsasən müəyyən etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin formal həqiqət prinsipinin formalaşması üçün mövcud vəziyyətə əsasən qeyd edilən faktlara hüquqi qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hüquq ədəbiyyatında həqiqətin iki növü fərqləndirilir: işin həqiqi hallarına müvafiq olaraq məhkəmənin gəldiyi nəticə (obyektiv həqiqət) və işdə olan sübutlar əsasında məhkəmənin gəldiyi nəticə (formal həqiqət). Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlosakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir Belə ki, iddiaçı iddiasını müdafiə etməkdə maraqlıdır və bunu üçün bütün imkanlarından istifadə etmişdir ki, cavabdehlər keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə münasibət bildirməmiş, etirazı olduğu halda etirazını və bunu əsaslandıracaq sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa iddiaçı tərəfindən iddia tələbinin sübutu qismində malların satış sənədləri, qaimə-faktura məhkəməyə təqdim edilsə də, həmin sənədlər üzrə malların hansı qaydada kimə təhvil verilməsi, malın hansı məqsəd üçün alınması, geri qaytarılıbqaytarılmamasını, harda olması və ya harasa sərf olunub-olunmaması və s. halları müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçının iddia tələbinin sübutu qismində təqdim etdiyi malların satış sənədlərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin sənədlərdə müştəri adının qarşısında iddiaçının adı mövcud olmamış və orda adı göstərilən malların məhz iddiaçı tərəfindən təhvil alınmasını müəyyən etmək mümkün deyildir ki, əksi olduğu halda belə həmin sənədlərdə malların 14 gün ərzində qaytarılması və ya dəyişdirilməsi halı nəzərdə tutulduğundan həmin malların göstərilən müddət ərzində iddiaçı tərəfindən geri qaytarılması və ya digər bu kimi hal mövcud ola bilər. Bu səbəbdən iddiaçının həmin sənədləri sübut qismində qəbul edilmir. Eyni zamanda təqdim edilmiş qaimə-fakturalardakı “təhvil aldı” və “təhvil verdi” bölmələri boş olmuş və ordakı malların iddiaçı tərəfindən alındığı və zirzəminin tikintisi üçün xərcləndiyini müəyyən etmək mümkün deyildir. Göründüyü kimi iddiaçı qeyri-yaşayış binasının zirzəmisinin təmiri üçün 1500 manat xərc çəkdiyini bildirsə və iddianın əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddia bu hissədə sübut olunmur və təsdiq edilmiş sənədlər tələbin 1500 manat hissəsinin əsaslılığını təsdiq etmir. Bu səbəbdən də 1500 manat xərcə münasibətdə iddia rədd edilməlidir. Bundan başqa iddiaçı tərəfindən borcun etiraf olunması iddia edilən audio-video diskə münasibətdə məhkəmə qeyd edir ki, qeyd edilən video görüntünün aparılması ilə bağlı cavabdehlərin razılığının olub-olmaması, razılığı olsa belə həmin diskin məhkəmə tərəfindən araşdırılması zamanı borcun etirafı ilə bağlı hər hansısa arqument müəyyən olunmamış, yalnız tərəflər arasında iddiaçının iddia ərizəsində göstərdikləri müzakirə olunmuşdur. Belə olan halda həmin disk sübuti əhəmiyyət daşımır ki, borc etiraf olunmur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Buna baxmayaraq məhkəmə iddiaçının ərizəsində bildirdiklərini, cavabdehlərin iddiaya olan etinasız yanaşmasını və münasibət bildirməməsini nəzərə alıb hesab etmişdir ki, cavabdehlərdən müştərək qaydada 600 manat pul tutularaq iddiaçıya ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. Məhkəmənin bu nəticəyə gəlməsi onunla da əsaslandırılmışdır ki, cavabdehlərin müştərək qaydada hazırkı prosesdə iştirak etməsi iddiaçı tərəfindən irəli sürülən dəlillər və arqumentlərlə əsaslandırılmış, yazılı sübut təqdim edilməsə də, aparılmış danışıqların mövcud olmasını iddiaçının davamlı müraciətlərindən də müəyyən etmək mümkün olmuşdur. Bu səbəbdən məhkəmə tərəfindən təmin edilən tələbin müştərək qaydada cavabdehlərdən tutulması qənaətinə gəlinmişdir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 41 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 41 manat dövlət rüsumunun 29,29 manatı iddiaçıdan, 11,71 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Buna baxmayaraq iddiaçı tərəfindən 41 manat dövlət rüsumu ödənilmişdir ki, iddiaçıdan büdcəyə ödənilməli 29,29 manat çıxıldıqdan sonra 11,71 manat qalır. Bu səbəbdən 11,71 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 600 manat pul və 11,71 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar