Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-965/2023 02.10.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “8619,76 manat əsas, 937,07 manat faiz, 49,33 manat cərimə borcunun və ödənilmiş 116,06 manat mediasiya xərcinin tutulması” barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək “8619,76 manat əsas, 937,07 manat faiz, 49,33 manat cərimə borcunun və ödənilmiş 116,06 manat mediasiya xərcinin tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixli 23-MCR-1-913-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASC-nin 11 saylı filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı ASCdən illik 23 % olmaqla 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. 2023-cü ilin iyunun 25-dək Cavabdeh3 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8619,76 manat əsas, 937,07 manat faiz, 49,33 manat cərimə borcu olmaqla cəmi 9655,49 manat borcu vardır. Cavabdeh3 banka ümumi cərimə borcu 98,66 manat təşkil etməsinə baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə cəmi məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 49,33 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Odur ki, hazıki iddia tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, bu halda məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Hazırki işin məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, borclu Cavabdeh3 xx.xx.2023-cü il tarixdə, yəni iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən (xx.xx.2023cü il) öncə ölmüşdür. İddiaçı borclu Cavabdeh3 vəfat etməsini göstərən sənədləri məhkəməyə təqdim etməmişdir ki, məhkəmə işin icraata qəbulu zamanı şəxsin ölüm faktına dair hər hansısa əsas müəyyən etməmiş, eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemində şəxsin ölüm tarixinə dair hər hansısa məlumat qeyd olunmamışdır. Həmçinin cavabdeh olan qeyd edilən vəfat edən şəxs X1 hüquqi şəxs olaraq qeyd edilmişdir. Odur ki, məhkəmə hazırki işi məhkəmə icraatına qəbul etmişdir. Daha sonra, əsas borclunun (Cavabdeh3) xx.xx.2023-cü il tarixdə vəfat etməsi halı məhkəməyə iddiaçının müraciətindən sonra xx.xx.2023-cü il tarixdə, saat 10:48 radələrində, yəni qanunvericilikdə göstərilən müddət (ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddəti) keçdikdən sonra məlum olmuşdur. Bu səbəbdən yəni iddiaçı tərəfindən məlumatların tam təqdim edilməməsi əsası ilə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində hazırki sadələşdirilmiş iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi mümkün olmamışdır. Hazırki vəziyyətdə iddiaçı ölmüş borcluya qarşı iddia tələbi ilə çıxış etmişdir ki, bunda da haqlı olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Eyni zamanda, iddia üzrə pretenziyanın və iddia ərizəsinin surətinin cavabdh olan və xx.xx.2023-cü il tarixdə vəfat etmiş şəxsin Vergi Orqanında olan elektron kabinetinə xx.xx.2023-cü il tarixdə göndərməsi də əhəmiyyətsiz olmuşdur. Çünki qeyd edilən şəxs həmin vaxt artıq vəfat etmişdir. Qanunvericiliyin bu tələbinə də əməl edilməmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edən zaman tələbini yönəltdiyi şəxsin (şəxslərin) ölüm faktını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmiş, ölmüş şəxsin vərəsələrini miras payı həcmində işdə iştirak cəlb edə bilərdisə də, bunu etməmiş, həmin şəxsləri cavabdeh olaraq işə cəlb etməli olduğu halda bunu yerinə yetirməmiş, ölmüş şəxsə qarşı tələblə çıxış etmişdir ki, hazırki mübahisə üzrə əsas borclu olan şəxs öldüyündən sadələşdirilmiş icraat qaydasında baxılan iddianın yolverilməzliyi əsası mövcuddur. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki qərardadla iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “8619,76 manat əsas, 937,07 manat faiz, 49,33 manat cərimə borcunun və ödənilmiş 116,06 manat mediasiya xərcinin tutulması” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-965/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-965/2023
02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver